“Bandotdel” hökuməti böhrandan xilas edəcəkmi?

cemilCəmil Həsənli, Milli Şuranın sədri

Dostlar! Ölkədə iş adamlarının həbsinin yeni dalğasına start verilib. Ötən həftə Beynəlxalq Bankın müxtəlif filiallarına rəhbərlik etmiş bir qrup bank işçisi və daha bir neçə nəfər iş adamı həbs edilib. Əvvəl “Bandotdel”ə aparılmış iş adamlarının bir hissəsi isə hələ də orada saxlanmaqdadır.

Əldə olunan məlumatlara görə, idarənin saxlama kameraları heç vaxt belə “varlı” məhbuslar görməyib. Necə deyərlər, “Bandotdel”də sıxlıqdır. Deyilənlərə görə, 4-6 nəfərlik kameralarda 16-17 nəfər saxlanıldığından iş adamları növbə ilə yatmalı olurlar. Aralarında uzun illər müəssisələrə rəhbərlik etmiş yaşlı adamlar çoxdur. Onların bir çoxunun saxlanması haqqında rəsmi sanksiyaların, məhkəmə qərarlarının olmadığı bildirilir. Həbslər rəsmiləşmədiyi üçün vəkillərin və ailə üzvlərinin bu adamlarla görüşməsinə ciddi maneələr var.

Son günlər Azərbaycan Beynəlxalq Bankının bir sıra filialları və bu filialların qarşısındakı bankomatların fəaliyyəti dayandırılıb. Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş Ilqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “Inter Security” MMC-nin baş direktoru Ibrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek Invest” SC-nin direktor əvəzi Əli Əlişov və “Inter Glass” ASC-nin direktoru Fariz Muradov və digərləri həbs olunublar. Bunların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın adamlar olduğu bildirilir.

Daxili Işlər Nazirliyi orqanları vasitəsilə maliyyə qurumlarında və biznes dairələrində kütləvi həbslərin həyata keçirilməsi işgüzar mühitə ağır zərbə vurur. Son aylarda ümumilikdə 1400-dən çox iş adamına, 444 şirkətə cinayət işi açılıb. Belə kütləvi həbslərin keçirilməsi əslində, hakimiyyət daxilində başlanmış savaşın, oliqarxlar arasında ölkənin iqtisadi həyatına, maliyyə ehtiyatlarına nəzarət etmək uğrunda mübarizənin aydın ifadəsidir. Gündə orta hesabla 10-15 müəssisə, şirkət, bank, kiçik müəssisə, zavod, fabrik və s. fəaliyyətini dayandırmalı olur. Belə informasiyaların yayılması iş adamları arasında həyəcanlı vəziyyətin yaranmasına, kapitalın sürətlə xarici ölkələrə axınına gətirib çıxarıb. Hətta çarəsizlikdən biznes dairələrində intihar halları da müşahidə edilməkdədir.

Vaxtilə yüksək faizlərlə alınmış kreditlərin qaytarılması doğrudan da təhlükə altına düşüb. Lakin biz əvvəllər də yazmışıq ki, ölkənin iqtisadi və maliyyə həyatına aid problemlərin “Bandotdel” vasitəsilə “həll edilməsi” ağır nəticələrə gətirib çıxarır. Əslində, iş adamları ilə yanaşı, orta məmur təbəqəsinin də bankların kredit asılılığına düşməsinin kütləvi hal alması ölkədə rüşvət şəbəkəsinin genişlənməsilə bağlıdır. Rayonlarda bir sıra idarə müdirləri, məktəb direktorları, xəstəxanaların baş həkimləri, ayrı-ayrı vəzifəli şəxslər “rüşvət kreditinin” ilgəyini boyunlarına keçiriblər. Bu vəziyyət uzun davam edə bilməz. Bu problemlərin optimal həlli tapılmalıdır.

Cahangir Hacıyevlə olan köhnə ixtilafların qisasını iş adamlarından, bank işçilərindən almaq yolverilməzdir.  Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin həyat yoldaşı Daxili Işlər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tamah məqsədilə oğurlanmışdı. Bunun hansı rüsvayçılıqla nəticələndiyi uzaq keçmişin hadisəsi deyil…

Kredit borcları, iş adamları, biznes dairələrilə bağlı mübahisələr ölkənin müvafiq qurumlarında, iqtisad məhkəmələrində həll olunmalıdır. Hələ onu demirik ki, indi hər nazirliyin öz istintaq idarəsi var. Soruşan yoxdur ki, vətəndaşla, iş adamı ilə mübahisəli, münaqişəli vəziyyət yarananda, məsələn Vergilər Nazirliyinin istintaq idarəsi həmin mübahisəni necə obyektiv araşdıracaq?

Iş adamlarına qarşı repressiyalar onsuz da ölkədə kütləvi hal almış işsizliyin dairəsini daha da genişləndirir. Ölkədə anormal bir vəziyyət yaranıb. Bundan çıxış yolları aramaq əvəzinə vaxtilə iş yeri yaratmaq məqsədilə həvəsləndirilən, kreditlər ayrılan geniş biznes təmsilçilərini “bandotdel”ə doldurmaq heç də uzaqda olmayan yeni bir sosial böhranın başlanğıcıdır.