AXCP nə vaxt dağılacaq?

xaqani-eliyevXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

…Yəqin ki, bir çoxlarınız dünən Insan Alverinə qarşı Mübarizə Idarəsinin rəisi, general Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin restoranda ofisantı necə bıçaqladığını əks etdirən görüntüləri izlədiniz. Fikrimcə, bugünkü Azərbaycan gerçəkliyini əks etdirən ikinci bir mənzərəni təsəvvür etmək çox çətindir. Normal, hüquqi bir cəmiyyətdə generalın oğlunu restoran işçiləri çox asanlıqla etkisiz hala gətirə bilərdilər. Lakin kadrlardan göründüyü kimi, heç kim buna cəsarət etmir. Hər kəs sonrasını fikirləşir. Onları saxlayan isə əlində 12 santimetrlik bıçağı tutan oğlanın kimin oğlu və kimlərin bacısı oğlu olmağı idi. Odur ki, “şərait yaratdılar” (personal inciməsin, mən kadrlarda gördüyümə başqa ad verə bilmirəm) və general oğlu ofisiantı al qana boyadı.

Başlığa baxıb, yazını bura qədər oxuyanlar sual edə bilərlər ki, AXCP-nin bura nə dəxli var? Var, əzizlərim, həm simvolik, həm də birbaşa…

Doqquz milyonluq xalqın içərisində bu cür özbaşınalıqlara etiraz edən bir qüvvə, bir qəzet olmasaydı, fikrimcə Azərbaycanda yaşamaq çox mənasız olardı. Hətta sizi əmin edirəm ki, o utancverici, qorxunc mənzərənin yaşandığı restoranın işçiləri, yaxud müştəriləri arasında bir cəbhəçi, yaxud da şəxsən tanıdığım müsavatçı gənclərdən biri olsaydı, faciə baş verməyə də bilərdi. Rejimə qarşı çəkinmədən mücadilə verən bu gənclər üçün general oğlu sıradan bir cinayətkardır.

Bəlkə də ilk baxışdan sizə qəribə gələ bilər, amma fikrimcə, bu gün AXCP və “Azadlıq” qəzetinə hücumlar restorandakı “besperedel”ə çox bənzəyir. Əlbəttə, restoran personalının mütiliyini çıxmaq şərti ilə…

Son on beş ildə AXCP-ni təxminən beş-altı dəfə dağıtmağa cəhd olunub. Rejimin maddi və informasiya dəstəyi ilə “at oynadıb” “mən AXCP-ni parçalayacağam” deyən “lider”lər demək olar ki, heç nəyə nail ola bilmədilər. Əksinə, şəxsi həyatlarında yeri heç vaxt dolmayacaq faciələr yaşadılar. Tək təsəlliləri isə ən yaxşı halda mandat, partiya aparatını (!) saxlamaq adı altında aylıq paket oldu.

Mən buna nə ilahi ədalət deməzdim, nə də bunu arzulamazdım, amma görünür, burada bir mistika var. Odur ki, fürsətdən istifadə edib, hazırda AXCP -ni dağıtmaqla “məşğul olanların” əzizlərinə “Allah bağışlasın” deyirəm. Nə qada-bala gələcəksə, qoy özlərinə gəlsin. Övladın, qardaş-bacının burada heç bir günahı yoxdur. Əgər yenə nəsə olacaqsa, elə özlərinə gəlsin.

Bu gün AXCP və “Azadlıq” qəzetinə hücumların yeni dalğası əvvəlkilərdən ən həyasızıdır, desəm, yəqin ki, yanılmaram (biədəb çıxsa da, başqa ifadə tapa bilmədim – X.Ə).

Ona görə yox ki, bu proyektin informasiya dəstəyini “Yeni Müsavat” qəzeti yerinə yetirir. Məsələ burasındadır ki, ən böyük müxalifət partiyasının parçalandığını iddia edənlər ortaya hamının tanıdığı 4-5 nəfər AXCP üzvünü göstərib deyə bilmirlər ki, bəli, bunlar narazıdılar, istədikləri də filan məsələdir və s.

Söhbətin bu yerində “Yeni Müsavat” və onun ixtisasca şərabçı-dequstator baş redaktoru Rauf Arifoğludan nəsə yazmamaq doğru olmaz , yanlış anlaşılar. Onun və qəzetinin AXCP və “Azadlıq” qəzetinə heç bir etik çərçivəyə sığmayan böhtanları çox güman ki, seçki marafonuna qədər davam edəcək. Bu ssenarini o zaman hazırlayanlar AXCP-nin seçkiyə gedəcəyini güman edirdilər. Kampaniyanın qızğın çağında partiya Milli Məclisə seçkilərdən imtina etdi. Qəzeti və onun baş redaktorunu çılğına döndərən də elə budur.

Bu gün “Azadlıq”dan üstün olduğunu sübut etməyə çalışan bu qəzetin baş redaktoru və onun bəzi müti yazarları anlamalıdılar ki, cəmiyyət və sadə xalq problemi xirtdəyə qədər korrupsiya və rüşvətə bulaşmış rejimdə görür. Biz sadəcə, bunu obyektiv şəkildə işıqlandırırıq, Ilham Əliyevi, Ramiz Mehdiyevi, Ramil Usubovu və digərlərini tənqid etməyə cəsarətimiz çatır.

…Nə AXCP, nə də “Azadlıq” qəzeti əbədidir. Sadəcə, bizim bir missiyamız var, onu yerinə yetirəndən sonra biz də əhəmiyyətimizi itirəcəyik. Söhbət Azərbaycanın demokratikləşməsi, bir parça çörək dalınca qürbət ellərə gedən dörd milyon soydaşımızın geri dönməsindən, nəhayət, Qarabağımızın qaytarılmasından gedir.

O günlər uzaqda deyil…