Azərbaycanın İspaniyada səfiri olmuş, bu ilin mayında vəzifəsindən geri çağırılsa da, indiyədək səfirliyi boşaltmadığı deyilən Altay Əfəndiyevlə bağlı qalmaqal davam edir.
Altay Əfəndiyev ANS-ə açıqlamasında vəzifəsindən geri çağırıldığını inkar edib. Bildirib ki, hazırda iş başındadır və geri çağrılması ilə bağlı heç bir rəsmi təlimat almayıb. O deyib ki, geri çağrılması barədə sərəncam verilməyib. O, ilin sonuna qədər səfir postunda qalacaq, gələn ilin 1 yanvarından isə GUAM-ın baş katibi vəzifəsinin icrasına başlayacaq. Əfəndiyev onunla qohumluq əlaqələrinə malik şəxslərin səfirlikdə çalışdığı xəbərini də təkzib edib.
“Geri çağrılmaqla bağlı şəxsən heç bir sərəncam, təlimat almamşam. Belə bir təlimat gələnədək öz fəaliyyətimi davam etdirəcəm. Hesab edirəm ki, mənbəyi bəlli olmayan məlumat məhz Xarici İşlər Nazirliyinə qarşı aparılan kampaniyadır. Heç biri həqiqətə uyğun məlumatlar deyil. İstət qohumlarla bağlı, istərsə də rüşvətxorluqla bağlı”, – deyə Əfəndiyev vurğulayıb.
Səfir inkar etsə də, bu ilin may ayında bir sıra KİV-də, o cümlədən rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetində Altay Əfəndiyevin vəzifəsindən geri çağrılması barədə dövlət başçısının sərəncamı dərc olunub.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Altay Vasif oğlu Əfəndiyev Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2015-ci il
Lakin maraqlıdır ki, sərəncam dövlət agentliklərində, eləcə də prezidentin rəsmi saytında (president.az) yer almayıb. Daha doğrusu, sərəncam dövlət agentliklərinin saytında dərc edilib, lakin sonradan silinib. Prezidentin saytında da Əfəndiyevin İspaniya Krallığında səfir təyin edilməsi haqda 2010-cu ilin fevralında verilmiş sərəncam qalır, lakin onun geri çağırılması haqda sərəncam yoxdur. Səfir də bu faktı əsas gətirərək, vəzifəsində qaldığını deyir.