İstəyərsə… bu iqtidar ölkəni böhrandan çıxara bilərmi?

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Yaxud iqtisadi böhrana qarşı polis əməliyyatları

Kredit borcu olan iş adamlarının “bandotdel”ə çağırılmasından sonra, jurnalistlər də həmin idarəyə “dəvət” edilib. Düzdür, çağıran idarənin prokurorluq, MTN, polis idarəsi olmasının heç bir fərqi yoxdur, lakin arasında özünə xüsusi ad-san qazanan “bandotdel” çox simvolikdir…

Neft qiymətdən düşəndən, manat ucuzlaşandan, büdcə milyardlarla manat azaldılandan, bir sözlə, iqtisadi böhran başlanandan indiyədək hökumətin siyasətində yalnız bu xətt var. Polisə, prokurorluğa, MTN-ə çağırmaq, məhkəməyə çəkib həbs etmək… Hə, bir də planda yeni AXCP yaratmaq var ki, enində-sonunda bu da həmin orqanların əməliyyatıdır.

Belə çıxır ki, hökumət böhrana qarşı yalnız polis proqramı hazırlayıb, narazı səsləri boğmaqla kifayətlənmək istəyir, qalan məsələlər onun marağında deyil. Bu məqamda biz çox vacib bir sualla üzləşirik. Bəllidir ki, iqtidarın harın və oğru komandasını xalqın güzəranı, ölkənin gələcəyi düşündürmür, şəxsi maraqları, qazancları onlar üçün hər şeydən öndədir. Bəs, ümumiyyətlə, onlar istəsələr, böhrana qarşı uğurlu tədbirlər planı hazırlaya bilərlərmi? Buna qadirdirlərmi?

Ötən illərdə tez-tez eşidirdik ki, korrupsioner olsalar da, bu hakimiyyətdəkilər çox bacarıqlıdır… Heç bir əmək və bacarıq sərf etmədən əldə edilən neft pullarını gerçək dəyərindən dəfələrlə bahaya başa gələn görüntü işlərə xərcləyib gözə soxmağı kimlərsə bacarıq sayırdı. Hanı bəs o bacarıq? Niyə büdcəni artıra bilmədi, heç olmasa eyni səviyyədə saxlaya bilmədi? Nədən o bacarıq manatı qurtarmadı? Bağlanan iş yerlərini, şirkətləri qoruya bilmir? Hanı bunların böhran planı?

Olmayıb o bacarıq!

Standart bir yanaşma tələb edən təhsilimizə baxın. Türklər son illərdə bütün dünyadan, o sıradan Azərbaycandan alimləri cəlb etdiyi universitetlərini hara qaldırdı, bizimkilər hara düşdü? Dünyanın ən güclü ali məktəblərindən olan Moskva Dövlət Universiteti və Bauman adına Texniki Ali Məktəblə rəqabətə girişən Türkiyə universitetləri yaranıb, eyni məkandan qopan bizim ali məktəblər normal texnikum gücünə də sahib deyillər. Bu ölkədə hər il ən yaxşı məzunlar türk liseylərindən çıxır. Bizim liseylər də yoxdurmu? Onlar da ən yaxşı uşaqlara qəbul elan etmirmi? Bəs nəticə niyə yoxdur?

Səhiyyəmizi danışaq bəlkə?! Danışmasaq yaxşıdır. Bu ölkənin akademiyasının prezidenti xəstələnəndə Türkiyəyə aparılarkən təyyarədə vəfat etdi. Camaatımız isə dünya tibbindən 10 illər geri qalan Iran xəstəxanalarının qapısında yatır.

“Qaradan başqa rəngləri də görmək lazımdır” deyənlər! Buyurun sadalayın bacarığın əlamətlərini, nəticələrini, uğurlarını! Buyurun söyləyin bu bacarığın bu gün nə ilə məşğul olduğunu.

Büdcənin azaldılması göstərdi ki, hakimiyyət neft pullarının qalıqlarını saxlamaqla özünə rahatlıq vermək istəyir ki, hələ ehtiyatda pullar var. Amma böhran üçün bu pullar heç nəyi həll etmir, uzağı büdcənin kəskin azaldılmasının qarşısını almaq üçün onu istifadə edəcəklər. O da var ki, səfalətə doğru gedən əhalimizin az bir hissəsinin dolanışığı büdcə ilə bağlıdır. Çoxluq işsiz və pulsuz bir taleyə sürüklənir. Artıq sürüklənib. Ortada isə repressiyadan başqa bir plan görünmür!

Bağışlayın, bunların bir misilsiz bacarığını unutmuşdum, paket maaşlar! Doğrudan da misilsizdir! Şairlər şəninə şeirlər desin!