Hakimiyyət “kağız parçası”na görə niyə təşviş keçirir?

 

aliyev ilhamAnti-Avropa kampaniyası daxili auditoriyanı çaşdırmağa xidmət edir

Avropa Parlamentinin məlum qətnaməsi, ATƏT-in seçki müşahidəçiliyindən imtinası hakimiyyətə ciddi zərbə oldu və komanda isterik vəziyyətə düşdü. Uzun illər ərzində xarici lobbilərə xərclənən pullar, kürü diplomatiyası, xeyriyyə layihələri siyasi iflasdan xilas edə bilmədi. Indi hökumət daxili auditoriyanı çaşdırmaq üçün Avropaya əzələ göstərir, əllərində olan bütün resurlsar vasitəsilə anti-Avropa kampaniyası aparır.

Əsas tezisləri də “bu qətnamə bizim üçün kağız parçasıdı” deməkdən ibarətdir. Yəni, qətnaməni “kağız parçası” adlandırmaqla, heç bir ciddi təzyiqin olmadığını, baş verənlərin ölkə siyasətini dəyişməyəcəyini və hakimiyyətin bundan qətiyyən narahat olmadığını göstərmək istəyirlər. Amma atılan addımlar aparılan təbliğatla ziddiyyət təşkil edir. Əgər bu qətnamə sizin üçün həqiqətən də “kağız parçası” dırsa, o zaman bu şüvənlik nəyə lazımdı? Ölkəyə gələn bütün xarici nümayəndələrə Avropanın şikayətini edirlər, qətnamənin qərəzli olduğunu söyləyirlər. Mövzudan asılı olmayaraq istənilən tədbirdə Avropa qətnaməsini topa tuturlar. Hətta ölkə başçısı məktəblilərlə görüşündə də Avropanın qeybətini edir. Sentyabr ayının 13-dən 17-dək Isveçrənin Sürix şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) Senatının və Icraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbyacanı təmsil edən Zakir Qaralov da çıxış edib və Avropa Parlamentinin qətnaməsinin əsassız olduğunu diqqətə çatdırıb.

Bir kağız parçasına görə bu qədər səfərbərliyə dəyərmi? 1-ci sinif şagirdlərinə “islamafobiya”, “ksenofobiya” dan danışmaq zərurəti yaranarmı?

Deməli, bu “kağız parçası” hakimiyyətin ürəyini həqiqətən də parçalayıb və ciddi şəkildə “mandraj” keçirirlər. Məsələ burasındadır ki, hakimiyyət baş verənlərin əsl mahiyyətini ölkə vətəndaşından gizlətmək istəyir. Məhz buna görə telekanallarda Avropadakı kriminal vəziyyətdən, Avropanın Qarabağ məsələsində ədalətsiz mövqe tutmasından, inkişafımıza paxıllıq edilməsindən danışırlar.

Əhalinin böyük hissəsi hələ də bilmir ki, anti-Avropa siyasəti ölkənin sosial-iqtisadi vəziyyətinə mənfi təsir edir, Qarabağ məsələsinin həllini Ermənistanın xeyrinə dəyişir və Azərbaycanı dünyadan təcrid edir. Vətəndaşlar baş verənlərin əsl səbəb və nəticələrini bilsə, hakimiyyətə qarşı ciddi basqı yarana bilər. Yəni, ölkə vətəndaşı dəqiq başa düşər ki, hakimiyyətin yürütdüyü siyasət dövlət maraqlarının deyil, şəxsi maraqların üzərində qurulub.  Hakimiyyət kültəvi axını zərərsizləşdirmək üçün saxta vətənpərvərlik nümayiş etdirir və milli maraqları öz oyununa alət edir.

Ona görə də ölkə vətəndaşı baş verənlərə AzTv-nin gözü ilə baxmamalı, hakimiyyətin təlaşından dəqiq nəticə çıxarmalıdır. Hakimiyyət siyasi məhbusları azad etmək istəmir, şəffaf seçki keçirməkdən imtina edir və korrupsiya siyasətini davam etdirmək niyyətindədir. Beynəlxalq təşkilatlar isə bütün bunların yolverilməz olduğunu bildirir. Vəziyyət o həddə çatıb ki, xarici auditoriyanı çaşdırmaq daha mümkün deyil və bütün təbliğat daxilə yönəlib. Vəzifə kürsüsünü, milyardları qorumaq üçün xalqa yalan informasiyalar vermək, televiziyada, mətbuatda bu yalanlara don geyindirmək lazımdı.

Hakimiyyət başa düşür ki, vətəndaş həqiqəti çılpağlığı ilə görsə, hakimiyyətin özü kağız parçasına çevrilə bilər.

Akif