Sahib Kərimli Xalq Cəbhəsinin hansı məqsəd uğrunda mübarizə apardığını da unudub, yoxsa bunu inkar etmək istəyir?
AXCP-nin sədrliyə namizədi Sahib Kərimli rəhbərliyində təmsil olunduğu partiyanı ideoloji boşluqda ittiham edib və ölkədəki hazırkı vəziyyətin səbəbini buna bağlayıb. Fikrimizcə, bu ittiham heç bir məntiqə sığmır. Niyə, bənd-bənd izah etməyə çalışaq:
1. AXCP-nin azad dövlət, ədalətli cəmiyyət ideyasından imtina etməsi fikri kökündən yanlışdır. Bu gün Xalq Cəbhəsinin bu iqtidara qarşı münbarizəsinin əsasında məhz dövlətimizin müstəqilliyi, cəmiyyətdə haqsızlığa, ədalətsizliyə qarşı etiraz durmurmu? Yoxsa, Sahib bəy Xalq Cəbhəsinin hansı məqsəd uğrunda mübarizə apardığını da unudub və ya inkar etmək istəyir? Xalq cəbhəsi nə zaman müsavatçılıq irsindən imtina edib? Sahib Kərimli, bunu harda eşitmisiniz? Partiyanın proqramında olan bu müddəadan imtina olunması bardə dedikləriniz həqiqət deyil.
2. Sahib bəy, Əli Kərimli də daxil olmaqla, hansı AXCP yetkilisi nə zaman “Amerika gəlib bizi xilas edəcək” deyib? Əli Kərimlinin tez- tez təkrarladığı bir fikri burada xatırlatmaq istəyirəm: “Azərbaycan xalqı nə zamana qədər azad olmağa qərar verməyibsə, kənardan kimsə gəlib onu azad etməyəcək”. Əli bəyin facebook səhifəsində bu məzmunda çoxsaylı fikirlərinə baxa bilərsiniz.
3. “İnsanlar hazırlanmır, marifləndirilmir” deyir Sahib Kərimli. Əli bəy qədər Azərbaycan cəmiyyətinin problemləri və ondan çıxış yolları barədə yazan ikinci siyasi lider göstərə bilərsinizmi, Sahib bəy? Qərargahı, yığışmağa yeri olmayan təşkilat rəhbərliyinin facebookdan, partiya toplantılarından, mediada çıxışlardan başqa insanlarla hər hansı ünsiyyət imkanı varmı? Bütün bu imkanlardan heç bir siyasi partiya Xalq Cəbhəsi qədər səmərəli istifadə edə bilmir. Sahib bəyin özü bu işlərdə iştirak etməyibsə, bu edilənlərin inkar olunmasına əsas vermir. Bundan daha yaxşı işləmək üçün isə partiyanın qəragahı,maliyyəsi olmalıdır. Sahib bəy elə danışır ki, sanki AXCP-nin 10 mərtəbli qəragahı var və onun imkanlarından yaxşı istifadə olunmur. Siz yığılmağa yeri olmayan, üzvləri təqib edilən bir partiya haqqında danışırsınız, Sahib bəy, unutmayın.
4. Sahib Kərimli daha sonra deyir ki, Azərbaycan xalqının dövlətçilik uğrunda mübarizədən uzaq düşməsinin səbəbi milli kimlikdən uzaq düşməsidir. Bunun ki günahı AXCP-də deyil. Məgər onun iqtidar mediasından tutmuş, təhsilə, mədəniyyətə qədər 20 il ərzində xalqa nələri aşıladığından xəbəri yoxdur? Hakimiyyətin bu siyasətinə qarşı mübarizə aparan AXCP-ni indi hakimiyyətin yaratdığı problemə görə ittiham etmək nə dərcədə ədalətlidir. Qaldı ki, xalqın öz haqları uğrunda mübarizədən kənarda qalmasına, bunu milli kimlik məsələsi ilə bağlamaq diletantlıqdır. Məsələn, Ermənistanda, Rusiyada xalqların milli kimlik şüuru yüksək dərəcədədir, ancaq bu ölkələrdə kütləvi demokratik mübarizə və demokratik rejimlər mövcud deyil. Deməli, Sahib bəy bu mövzuda o qədər naşıdır ki, səbəb və nəticə əlaqəsini doğru qura bilməyib. Aydındır ki, xalqın siyasi mübarizədən kənar qalmasının əsas səbəbi iqtidarın yaratdığı kütləvi qorxu mühitidir. Bu milli kimlik problemi ilə bağlı olmayan məsələdir.
5. Sahib Kərimli AXCP-yə ünvanlanmış şəkildə deyir ki, liberalizmin uğur modeli yoxdur. Guya ki, AXCP liberalizmi təbliğ etdiyi üçün xalq onun mübarizə çağrışına qoşulmur. Xalqın mübarizəyə qoşulmamasının səbəbinə yuxarıda toxunduq, bunu liberalizmlə izah etmək sadəcə olaraq diletantlıqdır. Bu fikrlə AXCP-də guya ideoloji boşluğun olduğunu iddia etmək arasında isə ümumiyyətlə rabitə yoxdur. Sahib bəy AXCP-ni həm liberal ideologiyada ittiham edir, həm də ideologiyasız təşkilat adlandırır. İndi bunlardan hansıdır?
Bir də ki, AXCP liberalizmi nə zaman özünün ideoloji bazası elan edib? Sahib bəy bunu nəyə əsasən deyir? Axı belə bir şey yoxdur. Ümumiyyətlə, Xalq Cəbhəsi milli-mənəvi dəyərlərə münasibətdə mühafizəkar mövqe tutan təşkilat hesab olunur. Əgər Sahib Kərimli müasir dövrdə ideologiyaların inkaşafından xəbərdar olsaydı, o zaman bilrədi ki, artıq heç bir təşkilat klassik şəkildə ideoloji birrəngliliyə sahib deyil. İndi sintezlər mövcuddur. İqtisadi model kimi liberal və sosial təmayülıərin sintezi dünyada geniş yayılıb və şəraitə, cəmiyyətin tələblərinə uyğun olaraq da sağ və sol tələblərin rolu artıb, azalır.
6. Sahib bəy deyir ki, milli qüvvələr “milli dövlətçilik” idealına, istiqlal amalına, Elçibəyin öndərliyindəki milli kimlik və suverenlik davasına əsaslanmalıdr. Zəhmət çəkib izah edin, Sahib bəy, bu dediyinizin adı nədir? Bu gün Xalq Cəbhəsi Azərbaycanın müstəqilliyi ideyasını, milli-mənəvi dəyərlərə və dövlətçiliyə sədaqəti özünün başlıcı ideoloji-siyasi prinsipi kimi həmişə öndə tutur və bu dəyərləri öz siyasətinin qırmızı cizgisi kimi qoruyur. Buna kimsənin şübhə haqqı yoxdur. Sahib bəy ideologiyadan danışır, amma istədiyinin adını qoya bilmir. Onun dediklərinin adı millətçilikdir. Hazırda müasir siyasətdə bu yanaşma daha çox konservatizm modeli kimi ifadə olunur. Ancaq hazırda ideoloji sərhədlər itdiyi üçün liberallar və ya millətçilərin iqtisadiyyyata münasibətdə fərqləri də aradan qalxıb. Şəraitə görə millətçi dünya görüş daşıyıcısı olan bir siyasi qüvvə solçu və ya sağçı siyasət tərəfdarı ola bilər. Ona görə də liberalizmlə adını qoya bilmədiyiniz millətçiliyi qarşılaşdırmağın elə bir anlamı yoxdur, Sahib bəy. Məslən, ABŞ liberalimizin beşiyidir, ancaq bu ölkədə bütün siyasi qüvvələr Amerikanın maraqlarına, milli hədəflərinə hər şeydən daha çox önəm verirlər.
7. Nəhayət, Xalq Cəbhəsinin yanaşmasından aydın görünür ki, nə qədər ölkədə avtoritar rejim var, insanların öz fikir və dünya görüşlərini seçki yolu ilə gerçəkləşdirməsi mümkün deyil, o zamana qədər də ideloji bölünmələrə və ya ideoloji fərqləri qabartmağa ehtiyac duymur. Çünki bu şəraitdə dindar da, liberal da, solçu da, millətçi də haqqı pozulanlar sırasındadır və ölkədə rejim dəyişməyincə heç kim öz yanaşmalarını cəmiyyətdə azad və sərbəst təbliğ edə bilməyəcək. Deməli, indki halda əsas məsələ hamını demokratik və azad cəmiyyət qurmaq uğrunda mübarizədə ortaq məxrəcə gətirməkdir. Yersiz ideoloji diskusiyalar isə birləşdirməyə deyil, ayırmağa xidmət edər. Nə zaman ölkədə demokratik rejim qurular, onda da hər kəs azad şəkildə öz ideologiyasını xalqın seçiminə təqdim edər. İndi isə vəzifə rejimi dəyişməkdir.
Emil