Həbsdəki Qarabağ qazisinin səhhəti pisləşib

asif-yusifli-yeni

Asif Yusiflinin apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib; vəsatətlərin heç biri təmin olunmayıb

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Bu işə Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə baxılır.

Bu barədə “Azadlıq”a məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, dünən iş üzrə ilkin baxış iclası keçirilib. Vəkil iclasda iki vəsatət qaldırıb. Bunlardan biri Asif Yusiflinin barəsində həbs-qətimkan dəyişdirilməsi haqda olub. Vəkil digər vəsatətlə apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılmasını istəyib. Lakin Faiq Qasımovun sədrlik etdiyi hakimlər heyəti bu vəsatətlərin heç birini təmin etməyib.

Iş üzrə məhkəmə baxışı oktyabrın 6-na təyin olunub.

Bu arada o da məlum olub ki, II qrup Qarabağ əlili olan Asif Yusiflinin səhhəti kəskin pisləşib. Siyasi məhbusun yaxınları bildirib ki, Asif Yusiflinin daxili orqanlarında problemlər yaranıb: “Neçə gündür ki, yüksək hərarəti var. Bundan başqa, böyrək ağrıları və qan dövranının pozulmasından da əziyyət çəkir. Gün ərzində bir neçə dəfə ona həkim baxır. Amma ciddi müalicə təyin olunmur. Qrip əleyhinə dərmanlar verməklə kifayətlənir”.

Yaxınları onu da qeyd edib ki, Asif Yusifli təcili şəkildə tibb məntəqəsinə köçürülməsə, onun həyatı təhlükə qarşısında qala bilər.

Xatırladaq ki, Asif Yusifli ötən ilin noyabrında həbs olunub. O, dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Halbuki, onun vasitəçiliyilə dələduzluğa məruz qaldığı iddia olunan qadın məhkəmədə ifadə verərək, Asif Yusiflinin günahı olmadığını bildirmişdi. O, Asif Yusiflidən heç bir şikayəti olmadığını məhkəmənin diqqətinə çatdırmışdı.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları da Asif Yusiflinin siyasi baxışlarına görə həbs olunduğu qənaətindədir və bu səbəbdən adı siyasi məhbuslar siyahısındadır.

Aytən