“Xədicə ilə təzə danışmışam, əhvalı yaxşıdır. Qətnaməni oxuyub və çox bəyənib”, bunu BBC Azərbaycancaya müsahibəsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın anası Elmira İsmayılova bildirib.
Söhbət Avropa parlamentinin Azərbaycanda insanları siyasi baxışlarına görə təqib edən siyasətçilərə, rəsmilərə və hakimlərə qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar və viza qadağası tətbiq edilməsinə çağrılması barədə qətnamə haqqında gedir.
“Ona qəzet vermirlər, amma televiziya kanallarına baxa bilir”. Elmira İsmayılova həmçinin bildirir ki, jurnalistə məktub verilmir deyə məktublar ona göndərilməlidir ki, o, sözləri “Xədicəyə çatdırsın”.
Xədicə İsmayılovanın vəkili Fariz Namazlı da jurnalistin heç bir narahatlığının olmadığını deyir. O bildirir ki, sentyabrın 18-də jurnalistlə görüşüb və məhkəmə iclas protokolları ilə tanış olublar.
“Elə həmin gün sənədləri appelyasiya məhkəməsinə təqdim etmişəm”, vəkil deyir.
Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü ilin sonunda həbs olunub.
O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırma, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunub.
Bu il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist haqqında 7 il 6 aylıq azadlıqdan məhrumetmə qərarı çıxarılıb. O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırma ittihamına görə bəraət qazanıb.
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Xədicə İsmayılovanın həbsinin qanunsuz olması ilə bağlı müraciətinə baxılma üstünlüyü verərək şikayət üzrə “kommunikasiyaya başlayıb”.
Xədicə İsmayılova John Aubuchon Mətbuat Azadlıığı, Amerika PEN təşkilatının PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatlarının sahibidir.
Xədicə İsmayılova və onun tərəfdarları həbsin siyasi motivli olduğunu deyirlər. Azərbaycan hökuməti bu iddiaları rədd edir.

Xədicə İsmayılın anası ondan danışdı
•