Məhəmməd Talıblı: «Məşğulluq dərəcəsi, əhalinin və büdcənin gəlirləri azalacaq, yoxsulluğun səviyyəsi, işsizlik artacaq»
Bu ilin ilk 8 ayında Azərbaycanda sənaye istehsalının həcmi 17,6 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə real sənaye artımı 2,3 faiz təşkil etsə də, dəyər ifadəsində istehsal 5 milyard manat azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft sənayesi məhsullarının istehsalı 4 mlrd. 985,2 mln. manat təşkil edib ki, bu da sabit qiymətlərdə ötən ilin analoji dövrünün göstəricisini 11,3 faiz üstələyir. Mövcud qiymətlərlə artım 6,9 faiz təşkil edib. Iyulla müqayisədə isə avqustda sənaye istehsalı 6,8 faiz azalıb. Yanvar-iyul aylarında sənaye müəssisələrində orta hesabla 183,1 min nəfər çalışıb ki, bu da 2014-cü ilin analoji dövründə olduğundan 0,4 faiz azdır.
Sənayedə baş verən 5 milyard manat azalma sözsüz ki, ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Ixtisarların baş verməsi, gəlirlərin azalması fonunda əhalinin sosial-iqtisadi durumunun da pisləşəcəyi gözlənilir.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, sənayedə azalma ölkənin ümumdaxili məhsulunda geriləmə deməkdir. Bazar üçün istehsal olunan har hansı mal və xidmətlərin dövriyyəsinin azalması həm də ümumilikdə əldə olunmuş gəlirlərə təsir edir. Onun bir qismi biznesmenlərin, bir qismi də vətəndaşların gəlirləridir ki, nəticədə belə bir vəziyyətin yaranması vətəndaşların, bazar iştirakçılarının gəlirlərinin azalması deməkdir: “Bunun səbəbi də ölkədə biznes üzərində çox ciddi inhisarçılıq meyllərinin mövcud olmasıdır. Monopolistlərin bazarda özlərinin biznes imkanlarından sui-istifadə etməsi ölkədə idxal və istehsal üzərində çox geniş inhisarçılıq meyllərinin güclənməsinə, xarici ticarət dövriyyəsinin azalmasına gətirib çıxarır. Yaxın və uzaq dövr ərzində ölkədə vergi və gömrükdən büdcə daxilolmaları azalacaq. Nəticədə dövlət büdcəsinin gəlirlərinin azalması, gəlir mənbələrinin daralması problemilə üzə-üzə qalacağıq. Ölkədə işgüzar aktivliyin azalması fonunda da sənayedə azalmalar müşahidə olunur. 21 fevral tarixli devalvasiya qərarından sonra bazar iştirakçıları, biznes qurumları üçün gözləmə halı müşahidə olunur. Onlar biznes layihələrini həyata keçirmək üçün daha əlverişli iqtisadi şərtlər və manat-dollar məzənnəsinin daha optimal səviyyəsini gözləyirlər. Gözləntilər, qeyri-müəyyən situasiyanın yaranması ölkə iqtisadiyyatında dövriyyənin azalmasıyla müşahidə olunur. Həmin vəsaitləri biznes qurumları əmanətlər, pul şəklində özündə saxlayır və bazara əlavə mal-xidmət alqı-satqısını, yaxud idxal-ixrac əməliyyatını həyata keçirmir. Nəticədə ölkənin iqtisadi artımının azalması baş verir”.
Ekspert qeyd edir ki, mövcud vəziyyət ölkənin məşğulluq səviyyəsinin azalması, işsizlərin sayının artması, yoxsulluğa təsirlə müşahidə olunur. Əhalinin gəlirlərinin azalması ailələrin büdcəsinin azalması deməkdir ki, bundan sıravi vətəndaşlar, həm də dövlət büdcəsi çox ciddi şəkildə zərər görmüş olur.
Nigar