İgidlər, Kərim Kərimov düzmü deyir?

milli-meclis

Qocaman YAP-çı hökumətin «gənclər siyasətinə» töhfə verdi

Həqiqətən də hökumət komandası “seçilmişlər” dən ibarətdi. Hansı ağzın açırsa “gül-çiçək” tökülür. Son günlər isə YAP-çıların açıqlamaları ümumiyyətlə “tarixi tapıntı”ya çevrilib. YAP-çı Mübariz Qurbanlının “peyğəmbərlər sağ olsaydı yaşamaq üçün Azərbaycanı seçərdilər” ixtirasından sonra, qocaman YAP-çı Kərim Kərimov peyğəmbərlərin yaşamadığı ölkənin gənclərindən söhbət açıb.”Gənclərin Milli Məclisdə nə işləri var? Mən qətiyyən gənclərin deputat seçilməsini istəmirəm. Milli Məclis gənclər üçün mürgü vurmaq yeri deyil” – deyə Kərim Kərimov bildirib.

Bəli, təcrübəli siyasətçi olan Kərim müəllim uzun araşdırmalardan sonra bu qənaətə gəlib ki, hökumət qocalardan ibarət olmalıdır. Yəni, Milli Məclisdə 20 il kreslo zanit edib bir kəlmə söz deməyənlər, ölənə qədər bu missiyanı davam etdirmələdi. Daha dəqiq desək, təyinatlı yerdə ağsaqqallar oturmalıdır. Çünki, bizim “su kiçiçiyin, yol böyüyün” kimi atalar sözümüz var. Belə çıxır ki, qonşu Gürcüstanda çox bacarısız adamlar iş başındadı. Bu ölkədə Baş nazirin 33 yaşı var. Təxminən bizm Artur müəllimin nəvəsi yaşındadı. Əgər Gürcüstanda da baş nazirin 80 yaşı olsaydı, onların ölkəsi də analoqsuz inkişaf edərdi. Amma bizim “ağıl yaşda deyil, başdadı” kimi el məsəlimiz də var. Görünür, Kərim müəllimin əvvəlki atalar sözü daha çox xoşuna gəlir.

Amma qocaman YAP-çının bu etirafında bir ziddiyyətdə gizlənir. Çünki, ölkə başçısı, onun əshabələri gecə-gündüz  gənclərə qayğıdan, gənclərin idarəetməyə cəlb edilməsindən danışır. Hətta Milli Məclisdə bir neçə nəfər gəncin təmsiçiliyini də “dövlətin gənclər siyasəti” kimi təqdim edirlər.

YAP-ın mətbəxindən çıxan Kərim Kərimov isə bütün bunların “filfilo” olduğu qənaətindədir. Əslində, Kərim Kərimovun səmimi etirafları komandanın qeyri-səmimi təbliğatını şillələyir. Hökumətin “gənclər siyasəti”nə verdiyi “töhfə”yə görə Kərim müəllimə təşəkkür edirik.

Adam bu qənaətdədi ki, bütün yüksək postları əli-ayağı əsən, enerjisi tükənmiş, müasir texnolgiyadan xəbərsiz, müasir təhsildən bixəbər, sovetin təsirindən çıxmamış qocalar tutmalıdır. Haqlıdır də, Avropada təhsil almış gənci şər-böhtan kampaniyalarına alət etmək, korrupsiyanın incəliklərinə yönəltmək, saxta seçkini mədh etməyə məcbur etmək çətindir.

Birdə ki, Milli Məclis Prezident Aparatının əlavəsidi və bu məkanda ağsaqqallar əylişib. Milli Məclisdə də ağsaqqallar əyləşdiyi üçün bir-birini yaxşı başa düşürlər. Eyni zamanda Milli Məclisdə oyaq olmağa da ehtiyac yoxdu. Çünki, mürgü vuranda da sənin əvəzinə səs verə bilirlər.

Bir sözlə, YAP rəhbərliyi gənclərin MM-də təmsilçiliyinə qarşıdı. Gənclər, fəhlə, ofisant, sürücü işləməlidi, diplomları tozlanmalıdı.

Artıq Milli Məclis qoca deputatlar üçün sanatoriyaya çevrilib. Hər 5 ilin tamamında yeni “putyovka” alırlar.

Bu da hökumətin gənclər siyasəti, gənclərə qayğısı. Hətta dediklərini əsaslandırmaq üçün Qədim Romadan sitat gətirirlər. Bunlar müasir dünyadan xeyli geri qalıblar.

Məsələ bu qədər şəffafdı. Igidlər Kərim Kərimov düzmü deyir?

Akif