“Kredit qalmaqalı” ilə bağlı həbslərin yeni dalğası

beynel-bankBeynəlxalq Bankın xeyli əməkdaşı həbs olundu; Həbs olunanlar arasında iş adamları da var

Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları – Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş Ilqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “Inter Security” MMC-nin baş direktoru Ibrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek Invest” SC-nin direktor əvəzi Əli Əlişov və “Inter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.

Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı da müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.

Məlumat üçün deyək ki, “Azərinşaatservis” MMC vaxtilə nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olub. MMC-nin idarəçiliyini isə türkiyəli iş adamı Bülent Karanı həyata keçirib. Lakin bir neçə il əvvəl məlumat yayıldı Bülent Karanı Azərbaycandan qaçıb. Sonradan bəlli oldu ki, onun ölkədən qaçması Beynəlxalq Bankdan götürülən iri məbləğli kreditlərlə bağlıdır. Həmin kreditlər mənimsənilibmiş.

Ziya Məmmədov vəziyyətdən çıxmaq üçün Beynəlxalq Bankdan götürülən kreditlərin əvəzində “Azərinşaatservis”dən imtina etdi. Bu MMC Beynəlxalq Bankın o zamankı rəhbəri Cahangir Hacıyevin nəzarətinə keçdi. Qeyd edək ki, “Azərinşaatservis”in rəhbəri, Cahangir Hacıyevə yaxınlığı ilə seçilən Mehdi Əliyev də həbsdədir. Onun həbsilə qurumun fəaliyyəti iflic vəziyyətə düşüb. Istiqlal.az saytı məlumat yayıb ki, sentyabrın 18-də Liman şəhərində “Azərinşaatservis”in 300-ə yaxın işçisi etiraz aksiyası keçirməyə cəhd göstərib. Onlar əmək haqlarının verilməsini tələb ediblər.

Yuxarıda qeyd edilən digər şirkətlər də Cahangir Hacıyevin patronajlığı altında fəaliyyət göstərir. “Kredit qalmaqalı”na görə həbslərin ilk dalğasında “Inter Security” şirkətinin işçiləri mediaya açıqlama verərək şirkətin rəhbəri Ibrahim Hüseynovu bəzi işçilərin adından iri məbləğdə kredit götürməkdə ittiham etmişdilər.