Hüquq-mühafizə orqanları səhvən «sunqurçular»ı saxlayıb; Ərdoğan məsələyə müdaxilə edib
Daxili Işlər Nazirliyi (DIN) Bakıda “nurçu”lara qarşı keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb. DIN-in saytı bildirir ki, sentyabrın 19-da Yasamal Rayon Polis Idarəsinin (RPI) 29-cu Polis Bölməsi (PB) və MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb. Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Onlardan 2 nəfər barəsində Inzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıblar.
Yenicag.az isə xəbər verir ki, Haber7.com AKP millət vəkili Sait Yücəyə istinadən Bakıda keçirilən əməliyyatın təfərrüatlarını açıqlayıb.
Millət vəkilinin sözlərinə görə, dünən Bakıda həbs olunanlar nurçuların Sunqur qolu olub. Aralarında bu qrupun mərhum lideri Mustafa Sunqurun oğlu Nurullah Sunqurun da olduğu şəxslərin azad olunması üçün Ərdoğan şəxsən rəsmi Bakı ilə görüşüb.
Bu qrupun Gülən Şəbəkəsi ilə əlaqəsinin olmadığına diqqət çəkən AKP-li deputat bunun fətullahçıların növbəti təxribatı olduğunu bildirib: “Nə yazıq ki, Türkiyədə olduğu kimi başqa ölkələrdə də Paralel Şəbəkə hüquq-mühafizə orqanlarını bu məsələdə yanıldıb, öz məqsədinə çata bilir”.
Sunqurun bir müddət Gülən ilə münasibətləri yaxşı olsa da, ölümünə bir neçə il qalmış “Risaleyi Nurlar”ın təhrif olunmasına görə, Pensilvaniya ilə münasibətləri pisləşmişdi. Hətta bəzi gülənist saytlarda ölümündən sonra Sunqura istinadən yayılan “Risaleyi Nurun davamı Gülən camaatıdır” xəbərlər Nurullah Sunqur da daxil olmaqla, övladları tərəfindən yalanlanıb.
Azərbaycanda yüzə yaxın evi olan Sunqurçular gülənçilərdən sonra ən böyük dini camaat sayılırlar. Maraqlıdır ki, bəzi mənbələr isə Nurullah Sunqurun Bakıya məhz paralelçilər tərəfindən dəvət olunduğunu bildirirlər. Belə ki, hazırlanan plan əsasında Sunqur Bakıya gəlib və plan da baş tutub. Ancaq Ərdoğanın təcili reaksiyası oyunu sona qədər oynamaqlarına imkan verməyib.
Bundan əvvəl də Azərbaycanda Paralel Şəbəkənin hüquq-mühafizə orqanlarını yanlış istiqamətləndirməsi ilə onlarla əlaqəsi olmayan “nurçu”ların həbs olunmuşdu. “Nurçu şəbəkə” bunun üzərindən Türkiyədə “Ərdoğan dindarları Əliyevə satdı” anti-təbliğatı aparmışdı.
Bu dəfə də eyni taktikadan istifadə edilib.