aliyevler-neft

“Əsrin müqaviləsi” 21 ildən sonra

aliyevler-neftYaxud, xalqın bədbəxtliyi üzərində qurulan xoşbəxtlik 

“Əsrin müqaviləsi”nin imzalanmasından 21 il ötür. Ötən gün ölkə telekanalları, mətbuat bu 21 illik tarixə ekskurs etdi və yenə də “uğurlu inkişaf”, “neft strategiyası” kimi sözlər “meydan suladı”. Məsələ burasındadır ki, bu 21 illik dövrdən istifadə edib, ölkəni həqiqi inkişafa qovuşdurmaq mümkün idi. Yəni, “əsrin müqaviləsi”ndən sonra ölkəyə o qədər maliyyə axdı ki, bu vəsaitlə bütün sahələri dirçəltmək, ölkəni neft asılılığından xilas etmək olardı. Təəssüf ki, 21 ildən sonra sıfırdan başlamaq vəziyyətindəyik. Bu illər ərzində ölkəyə gələn milyardlar bir qrup şəxsin cibinə axdı və pullar sayəsində 10-larla oliqarx meydana çıxdı. Bu gün məmurların sahib olduğu villalar, şirkətlər, banklar məhz neft pullarının xidmətidi. Offşorlarda gizlədilən milyardlar həqiqi inkişaf üçün xərclənməli olan sərvətdi.

Bəli, 21 ildən sonra, ölkənin 25 milyard xarici borcu yarandı. Ölkə əhalisinin 2.6 milyon nəfəri kredit borcu ödəyir, sosial-iqtisadi vəziyətin ağırlığı ölkədə intihar ənənəsi yaradıb. Ölkə idxaldan asılı vəziyyətdədir. Dünya ilə münasibətlər korlanıb, qeyri-neft sektoru yox dərəcəsindədir və büdcədə hər il azalma müşahidə olunur.

Demək olar ki, neft milyardarı ölkənin demokratikləşməsinə yox, sərt avtoritarizmin bərqərar olunmasına xidmət etdi.

Yeri gəlmişkən, Misirdə 7 milyon əhalinin yaşaya biləcəyi paytaxt salınır və bu paytaxtın salınmasına 43 milyard vəsait ayrılıb. Hansıki, təkcə Azəri-Günəşli-Çıraq yatağından ölkəyə 115 milyard dollar vəsait daxil olub. Deməli, bu vəsaitlə 3 dənə Bakı şəhəri tikmək olardı. Amma 20 ildən artıq vaxt ötüb və Bakının kəndlərində hələ də su, kanalizasiya, qaz yoxdur. Hansısa rayona qaz verilişi bayram kimi qeyd olunur. Yaxud, adi kartof-soğan ehtiyacını da ödəmək iqtidarında deyilik.

Əvəzində hakimiyyət kürsüsünü zəbt edənlər milyarderə çevrilib, ölkəni ata malı kimi bölüşdürüblər.

“Əsrin müqaviləsi” nin 21 yaşı tamam olsa da, bu ölkədə heç bir sahənin inkişafı tamamlanmadı. Əksinə, bütün sahələr tənəzzülə uğradı və korrupsiya dövlət siyasətinə çevrildi.

Bu illər ərzində ölkəyə daxil olan vəsait təhsilin inkişafına yönəldilmədi. Sadəcə təhsil müəssisələrinin tikintisinə milyonlar ayrıldı, bu pullar mənimsənildi və məktəb tikililəri ilə təsəlli tapmaq məcburiyyətində qaldıq.  Müəllimlər “analoqsuz inkişaf” dövründə dilənçi maaşına məhkum edildi. Orta məktəblər, Universitetlər qazanc yerinə çevrildi. Pulun müqabilində tələbə olmaq da, diplom almaq da mümkün oldu. Dövlət Universitetlərinin 65-70 faizi ödənişli əsaslarla fəaliyyət göstərir. Təhsil haqları 900-4500 manat arasında dəyişir. Tələbə yataqxanaları yoxdur və ailələr kirayədə qalmağa məcburdular. Orta təhsil repetitorlardan asılı vəziyyətə düşüb. Hər il statistik rəqəmlər imtahan nəticələrinin daha da pisləşməsini göstərir. Azərbaycan Universitetləri dünya reytinqlərində sonuncu yeri tutur. Elmi işçilər 150-200 manat maaş alır. Ölkənin tanınmış professorları xaricə axın edib. Yəni, 100 milyardlarla neft pulu nə müəllimin, nə tələbənin həyatında, nə də təhsilin keyfiyyətində əks olunmadı. Üstəlik xaricdə təhsil alan tələbələr ölkəyə qayıtmaq istəmir. Çünki, bu ölkədə iş tapmaq, təyinat üzrə işləmək, karyera qurmaq da pulun və tapşırığın əsasında mümkün təhsilimiz əsrdən geri qaldı

Təhsildə olduğu kimi səhiyyədə də inkişafı yalnız xəstəxana tikməklə göstərdilər. Reallıqda isə həmin təmirli xəstəxanalarda səhiyyə olmadı. Ölkə vətəndaşı yerli səhiyyədən imtina etdi. Milyonlarla azərbaycanlı Gürcüstan, Iran, Türkiyə yollarında qaldı. Məsələ təkcə dəqiq müalicədə deyil, həm də ucuz xidmətdədi. Azərbaycanda bütün sahələr kimi dərman biznesi də monopliyadadı və dərmanlar dəyərindən 10-15 dəfə baha satılır. Yanlış diaqnoz, bahalı və keyfiyyətsiz pereparatlar vətəndaşı daha da xəstə vəziyyətə salır. Bu gün vəzifəli şəxslərin heç biri yerli səhiyyəyə etibar etmir. Hamısı Avropa ölkələrində müalicə və müayinə olunurlar. Yəni, bu illər ərzində sahiyyə sahəsi də sürətlə korrupsiyalaşdı və insan həyatı pulun əsirinə çevrildi. Hakimiyyət bu sahədə də imitasiya etdi və bahalı klinikalar da iri məmurlara məxsusdu. Beləliklə, ən önəmli sahə olan səhiyyənin özü xəstələndi.

Azərbaycanın böyük turizm potensialı olsa da hakimiyyət bu sahəni də məhv etdi. Iş adamlarına iri vergilər, qeyri-rəsmi ödənişlər tətbiq edildi və bütün xidmətlər qonşu ölkələrdə olduğundan qat-qat baha oldu. Beləliklə, bu sahə də iri oliqarxların əlinə keçdi. Amma ölkə əhalisi ucuz və keyfiyyətli istirahət üçün yenə də Gürcüstana, Türkiyəyə və digər ölkələrə üz tutdu. Hansıki, hökumət “turizm ili” elan etmişdi. Amma “turizm ili” turizmlə məşğul olanlar üçün daha ağır sınaqlar yaratdı. Hakimiyyətin acgözlüyü Azərbaycanın turizm potensialını sıfıra endirdi və ölkənin imicini zədələdi. Hansıki, bu sahənin inkişaf etdirilməsi büdcəyə xeyli vəsaitin daxil olması deməkdir.

Bu illər ərzində azad mətbuat sıradan çıxarıldı, şəffaf seçki dəfn edildi, ölkənin vicdanlı insanları ləkələndi. Eyni zamanda kənd təsərrüfatı diqqətsiz qaldı, iqtisadiyyat tamamən neftdən asılı vəziyyətə salındı, Qarabağ münaqişəsi həllini tapmadı, üstəlik atəşkəs dövründə 1000-lərlə əsgərimiz həlak oldu. Xarici siyasət iflasa uğradı, ölkənin milyardları ermənipərəst ölkələrə səpildi, mənasız bayramlar, tədbirlər, layihələr milyardlarla vəsaiti uddu, nəqliyyat sistemindən tutmuş, sənaye sahəsinə qədər bütün strukturlar iflic edildi, 10-larla iş adamı ölkədən qaçmağa məcbur oldu, 2 milyon insan dolanışıq üçün ölkə xaricinə üz tutdu, 10 minlərlə insan Avropa ölkələrinə mühacir kimi sığındı, neft və qazdan başqa dünya bazarına heç bir məhsul çıxarmaq mümkün olmadı və.s

Ən dəhşətlisi isə budur ki, bütün bu geriləmələr “uğurlu inkişaf” adı altında baş verirdi. Əhali sürətlə kasıblaşır, hökumət komandası isə sürətlə varlanırdı.

Beləliklə, 21 ildən sonra “Əsrin müqaviləsi” eyforiyası, “nefti unudun” nidası ilə yekunlaşdı. Bəli, bu bəh-bəhlə təqdim edilən hadisə acınacaqlı sonunu yaşayır.

Əslində, yaranmış mənzərə millətə və dövlətə qarşı xəyanətin göstəricisidi. Çünki, bu qədər sərvət dövlətin güclənməsinə, vətəndaşın rifahına xidmət etməliydi. Hakimiyyət isə bu sərvəti şəxsi malına çevirdi və məqsədli şəkildə dövlətin çöküşünə rəvac verdi

Indi bu ölkə milyardlar səltənətinə yox, xarabalığa oxşayır. Insanların bədbəxtliyi üzərində qurulan xoşbəxtliyə, “əsrin müqaviləsi” deyilir

Akif