Sentyabrın 20-də AXCP Sumqayıt şöbəsi iki dəfə konfrans keçirməyə cəhd göstərsə də, heç birinə imkan verilməyib.
Birinci cəhddə konfrans polis müdaxiləsilə dağıdılıb. Buna baxmayaraq, cəbhəçilər təslim olmaq istəməyərək, bir gün ərzində ikinci dəfə konfrans keçirməyə cəhd göstəriblər. Bu dəfə isə mülki geyimlilər toplantının keçirilməsinə imkan verməyib. Üstəlik, onlar özlərini təqdim etmədən, heç bir sənəd göstərmədən AXCP Sumqayıt şöbəsinin fəalı Cabbar Savalanlını saxlayaraq, naməlum istiqamətə aparıblar. Konfrans iştirakçılarından Elvin Maqsudov, Məsmalı Qasımov isə təqib olunub.
Bir qədər sonra Cabbar Savalanlı sərbəst buraxılıb. Bu haqda gənc fəalın özü məlumat yayaraq bildirib ki, onu sentyabrın 21-də yenidən dindirməyə çağırıblar.
Konfrans iştirakçılarının sözlərinə görə, tədbirin keçirilməsinə imkan verməyən polis və mülki geyimlilər bildiriblər ki, “bu, generalın əmridir”. Cəbhəçilər söhbətin hansı generaldan getməsilə maraqlanıblar. Lakin onlar bu suala konkret cavab verməyib.
İnformasiya şöbəsi