Ziya Məmmədov getsə, nə dəyişəcək?

elnur-astanbeyliElnur Astanbəyli elnurastanbeyli@gmail.com

Nəqliyyat naziri Ziya Məmmədovdan hər gün təzə xəbər gəlir, bir gün eşidirik, onun hansısa səlahiyyətini ASAN-Xidmətə veriblər, o biri gün eşidirik, hansısa idarəsini ləğv ediblər.

Dünən də dəmiryol idarəsinin onun nəzarətindən çıxarıldığı məlum oldu.

Görünən odur ki, cənab Məmmədovun artıq sadəcə adı nazirdir, özü isə səlahiyyətcə hansısa “provadnik”dən, konduktordan çox az fərqlənir.

Ziya müəllimin adı ətrafında baş verənlər mənə məşhur bir lətifəni xatırlatdı. Bilənlər bilir, bilməyənlər üçün də yazaq, agah olsunlar.

Bir nəfər həbsə düşür, hər gün kameranın qapısını döyəcləyir ki, “məni hapqsız tutmusunuz, tez olun buraxın”. Amma heç bir faydası olmur, o da cin atına minir, əvvəl bir əlini kəsib pəncərədən tullayır, sonra ayağının birini kəsib aşağı atır, o biri gün qulağının birini…

Işi belə görən kamera yoldaşı deyir: “Əmioğlu, öz aramızdı, yavaş-yavaşq aradan çıxırsan ha!”

Indi Ziya müəllimin vəziyyəti də xeyli dərəcədə buna oxşayır. Onun səlahiyyətlərini, idarələrini bir-bir əlindən alıb aradan, daha doğrusu, sıradan çıxarırlar.

Mənə gülməli gələn isə Ziya Məmmədovla bağlı bu cür xəbər bolluğunda onun işə çıxmadığına dair məlumatın yayılması oldu. Nəqliyyat Nazirliyindən deyiblər ki, Ziya müəllim məzuniyyətə gedib, onun işə çıxmamasında başqa səbəb axtarmaq yersizdir.

Açığı, camaat niyə hansısa YAP nazirinin işə çıxıb-çıxmadığını belə dərd eləyir, məəttələm. Onlar özləri üçün işləyirlər, çalışıb-vuruşurlar, özləri də bilərlər, istəyərlər işə gələrlər, istəyərlər də gəlməzlər, bizə nə?!

Oturub Ziya Məmmədovun tamamilə “vurulacağını” gözləyənlər isə lap gülməli durumdadılar. Guya bizdə hansı vəzifədə kimin oturduğunun çox önəmi var. Sanki Əli Insanov getdi, yerinə Oqtay Şirəliyev gəldi, səhiyyədə nə isə düzəldi. Ya da Misir Mərdanov getdi, Mikayıl Cabbarov gəldi, təhsildə müsbətə doğru nəsə dəyişdi, indi də Ziya Məmmədov gedib yerinə hansısa Məmməd Məmmədov gəlsə, nəqliyyat işləri qaydasına düşəcək.

Axı nə qədər demək, yazmaq olar ki, Azərbaycanın bir nömrəli problemi Sistem özüdür, onun idarəetmə tərzi, təfəkkürüdür. Sistem qaldıqca, adlar şərtidir, istənilən kreslodan Əlini götürüb yerinə Vəlini qoymaqla heç nə yaxşılığa dəyişə bilməz. Necə deyərlər, “toplananların yerini dəyişdikdə cəm dəyişmir”. Sistemin mahiyyəti, iş prinsipləri elədir ki, burada səni vəzifəyə lap süddən çıxan ağ qaşıq kimi oturtsalar belə, bir neçə ayın içində inanılmaz dərəcədə çirkaba bulaşmağa məcbursan.

Təzəlikcə istənilən komediya filminə mövzu ola biləcək hadisəyə şahidlik etdik: deməli, Sumqayıtın icra başçısını götürüb Səbailə, Abşeronun icra başçısını da qaldırıb Sumqayıta başçı qoydular.

Iş burasındadır ki, Sumqayıtın təzə başçısı dərhal bir iclas çağırdı, az qala bütün idarə və təşkilat rəhbərlərini yaş yuyub quru sərdi, səriştəsizlikdə, yarıtmazlıqda, rüşvətxorluqda, qərəz, nə qədər qanunsuz və rüsvayçı əməl var, onda günahlandırdı. Bu dolayısı ilə o demək idi ki, Səbayelə təyinat alan Sumqayıtın keçmiş başçısı da əslində, yarıtmaz işləyib, şəhəri xaraba qoyub.

Yaxşı, normal ölkədə beləsini neyləyərdilər? Əlbəttə, qanuna uyğun şəkildə cəzalandırardılar, ən azı vəzifə üzünə həsrət qoyardılar. Bizdə isə…

Bəli, bizdə isə onu paytaxtın mərkəzi rayonuna başçı qoymaqla mükafatlandırdılar!

Siz də sadəlövhcəsinə gözləyirsiniz ki, hansısa naziri işdən çıxarsınlar, müsbətə doğru nəsə dəyişsin.

Ayıbdı, vallah, adam yaşadığı ölkənin reallıqlarından, həqiqətlərindən bu qədər uzaq düşməz!