Mirkazım Kazımov «Azadlıq» qəzetinin 70000 manatını mənimsəyib
Parlament seçkilərinə çox az müddət qalıb. Təbii ki, daxili və xarici auditoriya bu seçkini boykot edib. Çünki, bu dəfə seçkinin tamam şouya çevriləcəyi yəqinləşib. Yəni, həmişəki kimi təyinatlı deputatlar parlamentdə oturacaq. Məsələ burasındadır ki, YAP hakimiyyəti seçki imitasiyası etmək də istəmir və mənfi reputasiyalı şəxsləri yenidən millət vəkili kimi cəmiyyətə sıramaq istəyir.
Belə şəxslərdən biri də 68 saylı kənd seçki dairəsindən növbəti dəfə namizədliyi irəli sürülmüş Mirkazım Kazımovdur. Bəli, bu həmin məşhur Mirkazım müəllimdir, “Azadlıq” qəzetinin 70000 manat vəsaitini bu adama məxsus “Qasid” firması mənimsəyib. Mirkazım Kazımov YAP Siyasi Şurasınnı üzvüdür. Yəni, böyük bir kollektivin haqqını oğurlayan adam hakim partiyanın rəhəbrliyində təmsil olunur. Göründüyü kimi başqa vaxt şəffaflıqdan, mətbuata qayğıdan, söz azadlığından danışan adamların məclisində, azad mətbuata düşmən münasibət sərgiləyənlər əyləşib.
Indi bu adamı bəh-bəhlə yenidən deputat təyin etmək istəyirlər. Axı, 10-larla insanın haqqın mənimsəyən, 10-larla ailənin dolanışğına əngəl törədən bir şəxs necə millət vəkili ola bilər? “Qasid” firmasının qəzetə yaratdığı əngəl qəzeti bağlanmaq təhlükəsi ilə üz-üzə qoyub. Bir tərəfdən işçilərin aylarla maaşsız qalması, digər tərəfdən də Nəşriyyata ödənməli olan 20000 manat fəaliyyətimizi dayandırmaq zərurəti yaradıb.
Əziz seçici, belə bir adam millətə vəkillik edə bilərmi? Əgər bu şəxs adının tez-tez hallanmasından, tənqid olunmasından, mətbuatda haqqında yazılmasından narahat olmursa, millət vəkili adına xələl gəlməsindən kompleks keçirmirsə, sabah sizin qarşısınzda hansı məsuliyyəti hiss edəcək? “Azadlıq” qəzeti kimliyindən asılı olmayaraq hamının şikayətini tirajlayır, haqqı tapdanana yardım edir, sadə vətəndaşın üzləşdiyi problemləri ictimailəşdirir. Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” firması isə “Azadlıq”ı boğmaqla məşğuldu. Deməli, bu adam həm də sadə vətəndaşın səsin boğur.
Indi hansı əsasla, bu adamı millətə yenidən təqdim edirsiz? Bugün bir qəzetin halal qazancını mənimsəyən və buna görə zərrə qədər də narahat olmayan adam, sabah deputat olduğu dairədə də “təcrübə”sində istifadə edə bilər.
Bir sözlə, YAP-ın Cəlilabaddan deputat seçdirmək istədiyi Mirkazım Kazımov “Azadlıq”a 70000 manat “atan” adamdı.
“Azadlıq”