Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin anası Məlahət Ismayılova “Azadlıq”a müraciət edib.
Məlahət Ismayılova bildirib ki, o, oğlunun xahişi ilə qəzetimizə üz tutub: “Vüqarın sizdən, həmçinin digər mətbuat orqanlarından xahişi var. Vüqar həyat yoldaşı Aynurə Əliyevadan ayrılır. Bu işə artıq Şəmkir Rayon Məhkəməsində baxılır. Vüqarın mətbuatdan xahişi odur ki, Aynurə Əliyeva onun adından mediaya hər hansı müraciət, ərizə təqdim etsə, dərc etməsinlər. Ümumiyyətlə, o, Vüqardan danışarsa, fikirləri dərc olunmasın. Çünki onun dedikləri artıq Vüqarın mövqeyi sayılmayacaq.
Vüqarla Aynurənin ayrılmasının səbəbinə gəlincə, bu, Lamiyə Quliyevanın oğluna Vüqar adını qoyması ilə bağlıdır. Aynurə hesab edir ki, bu Vüqarın öz istəyilə olub. Lakin belə deyil. Bu məsələ üstündə mübahisələri düşüb və nəhayət ayrılmaq qərarına gəliblər”.