“Nazir müavini olsam da, başqaları kimi 5 yerdə ev almamışam”

mehman selimov

Mehman Səlimov məhkəmədə keçmiş nazir Səfər Əbiyevin ona verdiyi sifarişlər barədə danışdı

«Müsahibədə jurnalistin buraxdığı səhvə görə vəzifədən çıxarıldım»

Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun işi üzrə məhkəmə istintaqı başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baxılır.

Maraqlıdır ki, sabiq nazir müavini məhkəmə prosesini jurnalistlərin izləməsinə etiraz edib. O, media nümayəndələrinin zala buraxılmaması barədə şifahi vəsatət qaldırıb. Vəsatətini də belə əsaslandırıb: “Hələ məhkəmə istintaqı başlamayıb, ancaq mətbuatda məlumatlar yazılır. Ona görə də onların zalda iştirakına etiraz edirəm”.

Lakin məhkəmə onun vəsatətini təmin etməyib. “Məhkəmənin hazırlıq iclasında prosesin açıq keçirilməsi barədə qərar qəbul edilib. Açıq məhkəmə prosesində vətəndaşların, o cümlədən jurnalistlərin iştirakı qadağan edilə bilməz. Biz jurnalistlərin foto və videoçəkiliş aparmasına icazə verməsək də, qələm-kağız vasitəsilə qeydlərinə qadağa qoya bilmərik”, – deyə məhkəmə prosesinə sədrlik edən hakim Zeynal Ağayev bildirib.

Sabiq nazir müavininin hüquqlarını vəkil Ağaveyis Şahverdi müdafiə edir. Müdafiəçi Mehman Səlimovun rəhbərlik etdiyi MMC-nin Müdafiə Nazirliyinin müxtəlif hərbi obyektlərində aparılan 5 tikinti ilə bağlı müqavilələrini məhkəməyə təqdim edib. O, həmin sənədlərin iş materiallarına əlavə olunaraq, araşdırılmasını istəyib.

Hakim bildirib ki, bu vəsatətə məhkəmə istintaqı başlanandan sonrakı mərhələlərdə baxılacaq.

Daha sonra prokuror ittiham aktını elan edib. Ittiham aktında Mehman Səlimovun rəhbərlik etdiyi MMC-nin 2006-cı ildən başlayaraq, Müdafiə Nazirliyinin sifarişi əsasında apardığı tikinti işlərində külli miqdarda mənimsəməyə yol verildiyi iddia olunur.

Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin mənimsəmə, qanunsuz sahibkarlıq və s. əməllərə görə məsuliyyət nəzərdə tutan maddələrilə ittiham irəli sürülüb.

Mehman Səlimov ittihamla razılaşmadığını və özünü təqsirli bilmədiyini deyib.

Keçmiş nazir müavini ifadəsində bildirib ki, 1999-cu ildə təqaüdə çıxdıqdan sonra Sumqayıtda tikinti işi ilə məşğul olub: “O zaman müdafiə naziri olan Səfər Əbiyev dedi ki, onsuz da tikinti işlərilə məşğulsan, bizim tikintiləri də sən apar. Vəkilim vəsatətdə təqdim etdiyi müqavilələr mənim Müdafiə Nazirliyindən götürdüyüm ilk işlər olub. Bütün problemlər o işlərdən başlayıb. Həmin müqavilələrin cinayət işinə əlavə edilməsini, onlarla bağlı ekspertiza təyin olunmasını istəyirəm. Ekspertiza keçirilsin, görək ki, həmin dövrdə mənə verilən məbləğlə o işi görmək olardı, ya yox. Mənə hərbi hissələrin birində yarımçıq tikilini başa çatdırmaqla bağlı sifariş verildi. Həmin tikinti işi əvvəlcə ”Metrotikinti”yə həvalə edilmişdi, lakin onlar ilkin ayrılan avansı aldıqdan sonra işi başa çatdırmadan yarımçıq qoymuşdular. O tikintini başa çatdırmaq üçün Sumqayıtda gördüyüm işlərdən vəsait sərf elədim. Hətta buna görə digər şəriklərimlə aramda problem də yarandı. Müdafiə Nazirliyindən dedilər ki, bu işi başa çatdır, digər işlər də verəcəyik. Mən də yeni müqavilələrlə bağlı ayrılan avansları da işlərin başa çatdırılmasına sərf etdim. Bu, belə davam edirdi. Əvvəldən yaranmış problemlə əlaqədar köhnə işləri yeni müqavilələrdən aldığım vəsait hesabına başa çatdırırdım. Yeni işə isə növbəti müqavilənin pulunu sərf edirdim. Bir dəfə Səfər Əbiyevin özünü də dəvət etdim, gəlib başa çatmış tikintiyə baxdı, amma dedim ki, daha çatdıra bilmirəm”.

Mehman Səlimov onu da qeyd edib ki, Səfər Əbiyev vəzifədən çıxarılandan sonra yeni nazir Zakir Həsənov artıq onunla iş görmək istəməyib: “Yeni nazir gələndən sonra mənə daha müqavilələr verilmədi. Məndə də son tikintini başa çatdırmaq üçün vəsait yox idi. Buna görə də evimi, torpağımı satdım, öz adıma 150 min, kürəkənimin adına 170 min manat kredit götürüb, işləri başa çatdırmağa çalışırdım. 1 il tikinti getdi, bu müddətdə mənə nazirlikdən cəmi 140 min manat pul ayrıldı. Mən də öz vəsaitimlə işi başa çatdırmağa çalışdım. Fikirləşdim ki, dekabrda tikintini təhvil verərəndən sonra pulumu alıb borclarımı qaytararam, satdığım evin əvəzinə də mənzil alaram. Ancaq noyabrın 19-da məni həbs etdilər. Yəni o işin əsas hissəsi görülmüşdü, əldə olan vəsaitlə də başa çatdırmaq mümkün idi. Ancaq həbs edildim.

Mən Sovet ordusundan aldığım evi sataraq Müdafiə Nazirliyinin işinə sərf etmişəm. Azərbaycan ordusundan isə heç nə almamışam. Müdafiə nazirinin müavini olmuşam, ancaq başqaları kimi 5 yerdə ev almamışam. Uşaqlarım indi kirayədə yaşayır”.

Daha sonra Mehman Səlimov prokurorun, iş üzrə zərəəkmiş qismində tanınan Müdafiə Nazirliyinin nümayəndəsinin və hakimlərin suallarını cavablandırıb.

Ardınca şahidlərin dindirilməsi mərhələsi başlayıb. Ilk şahid Mehman Səlimovun rəhbərlik etdiyi MMC-də baş mühasib işləmiş Şəfa Kərimova olub. Ondan sonra isə tikintidə iş icraçısı olan Ilqar Əfəndiyev dindirilib.

Bu iş üzrə məhkəmə prosesi sentyabrın 28-də davam edəcək.

Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində çalışıb. Mediada yazılan məlumatlarda Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi, onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. Mehman Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, Baş Qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan az sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.

Mehman Səlimov isə məhkəmədə bildirib ki, 1999-cu ildəki müsahibədən sonra təqaüdə göndərilməsi müsahibədə jurnalistin buraxdığı səhv ucbatından olub.

Aytən