İlham Əliyevdən sonrakı Azərbaycan necə görünür? VİDEO

azsaat-loqoAzərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı sentyabrın 19-da növbəti verilişini efirə verib.

Verilişin mətnlə xülasəsini və videoyazısını təqdim edirik (Videoyazı xülasədən sonra).

Verilişin aparıcısı “Azərbaycan saatı”nın müəllifi Qənimət Zahiddir.

***

Başlandı! Nəyin başlandığını bir azdan biləcəksiniz. Özünə məktəb forması ala bilmədiyinə görə intihar edən 12 yaşlı İsmayılllı məktəblisini nəzərdə tutmuram. Əslində, nəyin başladığını bu həftənin əvvəlindən bilməli idiniz. Azərbaycanda antiAvropa isterikasına rəsmi start verildi. Avropa Birliyi ilə münasiətlər Azərbaycan parlamenti səviyyəsində müzakirəyə çıxarıldı və mən bir gerçəyi bir daha özüm üçün kəşf etdim: Azərbaycan parlamenti balaca-balaca və mütaliə qıtlığı çəkən Jirinovskilərdən ibarətdir. Və bu tərkib bizim ölkəmizin praqmatik siyasi maraqlarını təmin etməli, həyata keçirməli, ölkəmizi təmsil etməli imiş.
Azərbaycan hökuməti ölkənin rəsmən dünyadan təcrid edilməsinin əsasını qoydu. Parlamentin qəbul etdiyi qərarda bildirilir ki, əgər Avropa Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq etsə o zaman Azərbaycan hökuməti də Avropalı deputatların azərbaycana səfərinə qadağa qoyacaq. İlk addım olaraq isə Avronest adlı parlament assambleyası formatında iştirakını dayandırdı. Azərbaycan Avropa və Amerika ilə müttəfiqliyə son oyub Rusiya, İran, Ermənistan, Çimali Koreya kimi ölkələr bloku ilə müttəfiqliyə başlamaq fikrindədir…
Parlamentin sədri deyir ki, biz Avropa ilə əlaqələrimizə yenidən baxmalıyıq və bu əlaqələri kəsməliyik. Parlamentin sədri ömrü boyu təsərrüfatla məşğul olub, qazıntılarla, su trubaları ilə, asfaltda çuxur qazıb üstünü örtməməklə uğraşıb, onun siyasətdən başı çıxmaya bilər. Başı çıxmaya bilər ki, Avropa ilə əlaqələri kəsmək dünyanın böyük siyasi gücü ilə ziddiyyətə girmək Azərbaycanı strateji fəlakətlərlə üzləşdirər. Yoxsa, elə bilirsiniz, siz Avropaya dirsəyinizi göstərəndə Avropa sizi bağrına basacaq ki, amanın bircə günüdür bizdən incimə?
Spiker belə… Bir az ağıllı sayılanı deyir ki, Avropanı Azərbaycandan xüsusi olaraq, heç nə tələb etmir, Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsidir. Üstəlik, ermənilər Dağlıq Qarabağa gələn hər bir Avropalı deputata 80 min yevro pul verirlərmiş. Bu 80 min rəqəmi hardan götürülüb bəs? Demək, kürü siyasətinin şıdırğı dövründə Azərbaycana lobbist məqsədlər üçün gətirilən deputat və siyasətçilərin hərəsinə buna bənzər məbləğləri ödəyirmişlər. Zatən indi Qərbin kütləvi informasiya vasitələri elə bu barədə yazırlar ki, kürü diplomatiyasının çirkabına batan siyasətçilər maddi maraq müqabilində lobbiçilik edirlər…Ermənilərin isə pulu yoxdur. Ermənilər “avropalılara rüşvət verir” deyən həmin deputatlar iki gündən bir bağırıb-çığırırılar ki, ermənilər acından ölürlər, onların pulu yoxdur, bizim Kənd Təsərrüfatı Nazirliyinin büdcəsi onların dövlət büdcəsinə bərabərdir və sairə… O ki qaldı informasiya müharibəsinə. Bu müharibəni Azərbaycan vətəndaşlarına qarşı elə həmin Azərbaycan hökuməti aparır ki, onu da indi Avropaya qarşı soyuq müharibəyə qoşulan Azərbaycanlı deputatlar təmsil edirlər. Ölkənin haqq və hüquq tələb edən vətəndaşlarını həbsxanalara soxan bir hökumət ölkə əhalisi ilə müharibə aparmırmı?
Bir başqası deyir ki, həm də sıradan başqası deyil, spikerin hüquq professoru olan müavini deyir ki, Avropalılar Azərbaycandakı inkişafa paxıllıq edirlər, Avropa Parlamentinin rəhbəri Martin Şults isə korrupsionerin yekəsidir. Baxın, bütün dünya bunların korrupsiyasından, həm də detallı şəkildə, faktlarla danışır, yazır, ortalığa sübut qoyur, bunlar isə korrupsiya itihamlarına belə cavab verirlər: “özünsən”! Vəssəlam. Bu da bizim adekvat beynəlxalq siyasətimiz. Amma Ziyafət Əsgərovun “Avropada lider olmadığına bizim paxıllığımızı çəkirlər” sözlərini çox da hoydu-hoyduya götürməyin. Elə bilin, külək idi, gəldi, getdi…
Hələ biri də var…
Baş nazirin müavini. Özü də, elə-belə müavini yox …qaçqınların işi ilə məşğul olan müavini…Deyir ki, “Hardasan ay Avropa, nə gündəsən?”.
Daha çox baş nazirin müavini kimi yox, Qaçqınkomun sədri kimi tanınan Əli Həsənov Avropanın harada olduğunu nə üçün bilmək istəyir və Avropadakı səfirləri bizneslə məşğul olmaqda niyə ittiham edir. Ona görə ki, Avropa onun bioqrafiyasının ayrılmaz tərkib hissəsidir. Bu avtomobillərin hamısı Avropa istehsalıdır və onun nəvəsinə məxsusdur. Ən ucuzunun minimal qiyməti 150 avrodur.
Avropanın heç bir nazirinin Qaçqınkomun sədrinin bu qarajına bənzər qarajı yoxdur…..Buna görə də Əli Həsənov 100 faizlik ərklə deyə bilir ki, “nə gündəsən ay Avropa!”
Sayğılı şairimiz Sabir Rüstəmxanlı da, eynən! O da topunu-tüfəngini götürüb Avropaya müharibə elan edənlərin sırasına qoşuldu. Guya ki, şairin hücumu sırf millətçilik mülahizələri ilə bağlıdır. Axı, bütün dünya Azərbaycanı qədim türk yurdu saydığına görə bizə qarşı qərəzlidir….
İnsanlar, bunların hamısı yalanşıdır və uyğun olaraq hamısı yalan deyir. Bu gün Azərbaycana qarşı qərəzli qətnamədə ittiham edilən həmin Avropa Parlamenti Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib və bu qətnamələrin hamısında Azərbaycanın mövqeyini müdafiə edib, erməniləri işğalçı adlandırıb, işğal edilən ərazilərin boşaldılmasını tələb edib! Bunu bilməyiniz vacibdir. Ona görə vacibdir ki, Avropa Parlamentinin Azərbaycanda insan haqlarının durumu ilə bağlı qəbul etdiyi son qətnamə nə Azərbaycana qarşıdır, nə də Azərbaycan xalqına…O qətnamədə birmənalı olaraq vurğulanılr ki, İlham Əliyevin rejimi avtoritar despotik rejimdir, ölkədə müstəqil medyanı və müstəqil məhkəmə sistemini sıradan çıxarıb, insanları qorxu altında saxlayır, həbsxanalar siyasi dustaqlarla doldurulub, dövlət məmurları, o cümlədən prezident İlham Əliyev korrupsiya ilə məşğul olurlar və bu məsələlər araşdırılmalıdır……Özünüz deyin, bütün bunlar yalandırmı? Bəyəm bütün bunları siz hər gün cəhənnəmə döndərilən həyatınızda hiss etmirsinizmi? Sabir Rüstəmxanlı və qeyri deputatlar özlərinin poetik və ya endotermik maraqlarından çıxış edib Avropa Parlamentini Azərbaycan xalqına qarşı qərəzli olmaqda ittiham edirlər, amma bunu yalandan deyirlər… Avropalıların Azərbaycana qarşı heç bir qərəzi yoxdur, paxıllıqları tutmur, Azərbaycanı yerə yıxıb kəsmək istəyən avropalı da yoxdur…Bütün bunlar hamısı ağappaq yalandır ki, onu bunlar Rusiyanın mətbəxindən götürüb xalqa fırladırlar. Avropa eyni səbəblərlə, yəni despotik rejim yaratmış Rusiya prezidenti Putin hakimiyyətinə qarşı da eyni münasibəti göstərir. Bildiyiniz kimi ruslar azərbaycanlı deyil, Putin də müsəlman lider deyil. Amma əgər öz ölkəndə diktatura yaradıb insanlarla insan kimi davranmayacaqsansa, bu, Avropa dəyərlərinə uyğun gəlmir və o halda səni tənqid edəcəklər………..Əgər sən ölkədə qanunsuz olaraq sülalə hakimiyyəti yaradıb ictimai xofu idarəetmə vasitəsi olaraq tətbiq edəcəksənsə, o halda Avropa səninlə dost olmayacaq.
Azərbaycan parlamentinə toplanmış bu yalançılara inanmayın. Avropada Azərbaycanla bağlı məhdud sayda insanların bilgiləri var. Bizim ölkəmiz o boyda dünya gücü deyil ki, oturub onun paxıllığını çəksinlər. Heç, o yalandan iddia etdikləri strateji coğrafi mövqeyi də yoxdur ki, bizim diktatorun üstündə nanə yarpağı kimi əssinlər.
Burada bir haşiyə çıxım. Bütün rəsmi iddialara görə Azərbaycanın iki mühüm strateji üstünlüyü var….Bunlardan bir neft və qazdır, o biri də strateji coğrafi mövqe. Bu iki strateji üstünlük bütün beynəlxalq danışıqlarda və ölkə liderlərinin daxili auditoriyaya hesablanan demoqogiyalarında qırmızı xəttlə keçir. Amma axı bunların heç birini Heydər Əliyev və onun müdrik siyasəti yaratmayıb…Bunların hər ikisi Allahın lütfüdür. Bəs bu hökumət, onun müdrik, nə bilim nə zibil siyasəti bu millət üçün hansı günü ağlayıb axı. Badımcan qüllələri? Bu və onlarla, yüzlərlə başqa binalar həmin o neftin oğurlanmış pulları ilə tikilib və Azərbaycan xalqına dəxli yoxdur.
Baxın, bu da Azərbaycan xalqının Şamaxıda, Göylər kəndində yaşayan bir nümayəndəsi. Həmin o qüllələrin, Əli Həsənovun biznesinin, o biri məmurların müdrik dövlətçilik baxışlarının bu ailəyə nə dəxli var?..

(davamını videoda izləyin)

https://www.youtube.com/watch?v=ZRlatRLFHAU