İlham Əliyevdən populist bəyanat

aliyev ilhamÖlkənin xarici borclarının bir günə bağlanması mümkündürmü?

2016-cı il büdcəsində 1.2 milyard manat xarici borcun ödənilməsinə ayrılıb

Daxili və xarici borcların ödənilməsi xərcləri 776 milyon manatdan birdən-birə 1.2 milyard manata yüksəlib. Gələn ilin büdcəsində borcun ödənilməsi üçün ayrılan vəsait əvvəlki illərdən fərqlənir.

“Qarşıdakı illər böyük borclarımızın qaytarılması illəridir”

Ekspert Rövşən Ağayev “Bizim yola” müsahibəsində bildirib ki, əvvəlki illərdə hökumət borclarının çox olmadığını deyirdi. Həmin ərəfədə yüksək neft gəlirləri hesabına büdcə və ÜDM də böyük idi. Bunların timsalında ölkənin borcları böyük görünməyə bilərdi: “O zaman bildirirdik ki, həmin borcların əksəriyyəti postneft dövründə qaytarılacaq. Və gəlirlərin azalması fonunda həmin borclar çox görünəcək. 2016-cı il bizim dediyimizi təsdiqləyir. 1.2 milyard manat kiçik rəqəm deyil, büdcə xərclərinin 8 faizini təşkil edir. Halbuki, 2015-ci ildə 776 milyon manat borcun ödənilməsi proqnozlaşdırılıb ki, bu, 2.5-3 faiz arasında təşkil edir. Göründüyü kimi, büdcənin kiçildiyi vaxtda bu xərclərin çəkisi 3 dəfəyədək artdı. Əgər büdcə daha da kiçilərsəÿ və ya 2016-cı ilin səviyyəsində qalarsa, o zaman qarşıdakı illər böyük borclarımızın qaytarılması illəridir”.

R.Ağayevin sözlərinə görə, postneft dövrünün tədricən arxada qaldığını nəzərə alsaq, onda hər il dövlət büdcəsinin 1/10-ni ancaq borca qaytaracağıq. Hər 10 manatdan 1 manatını borca qaytarmaq az vəsait deyil. Bu, az qala Azərbaycanın təhsilə xərclədiyi vəsait qədərdir, səhiyyə xərclərinin isə 1.5 misli deməkdir.

“25 milyardlıq xarici borc”

Iqtisadçı Qubad Ibadoğlunun da bugünlərdə dövlət borclarına dair açıqladığı statistika maraq doğurur.

Belə ki, 01 yanvar 2015-ci il tarixinə Azərbaycanın dövlət təminatlı xarici dövlət borcu 6.5 milyard dollardır. Bundan əlavə, həmin tarixə bankların borcları 6,2 milyard dollar, ARDNŞ-də daxil olmaqla iri dövlət şirkərtlərinin (Azərenerji, Azal və digərlərinin) borcları 8,5 milyard dollardan çox olub. Deməli, bütövlükdə xarici borclarımız 25 milyard dollar yaxınlaşır.

“Bir günə borcları bağlaya bilərik”

Bu statistik rəqəmlərin fonunda dövlət başçısı Ilham Əliyevin verdiyi açıqlama maraq doğurur. Dövlət başçısı çıxışında vurğulayıb ki, Azərbaycanın dövlət borcu təhlükəli həddə deyil və dövlətimiz istəyərsə, həmin borcları 1 gün ərzində qaytara bilər. Sual yaranır. Bu nə dərəcədə mümkündür? Hətta mümkündürsə belə, dövlətin vəsaitləri qısa müddətdə səfərbər edilərək xarici borcun bağlanmasına yönəlsə, ölkə üçün hansı problemləri yarada bilər? Hazırda ölkədə ciddi maliyyə çatışmazlığı, manatın kursunun stabil saxlanılması problemə çevrildiyi bir zamanda belə bir addımın atılması hansı fəsadlara gətirib çıxara bilər?

“Məhdud maliyyə ehtiyatlarının tükəndirilməsi yolu”

Ekspertlər hesab edir ki, dövlət başçısı bu bəyanatı verərkən, güman ki, Neft Fondundakı vəsaiti nəzərdə tutub. Yəni Azərbaycanın dövlət borcları NF-dəki vəsait hesabına bağlana bilər. Ekspertlərə görə, amma o nəzərə alınmalıdır ki, bu, mümkünsüz addımdır. Xarici borcların qısa müddətə bağlanması ölkədə onsuz da məhdud olan maliyyə ehtiyatlarının tükəndirilməsi deməkdir. Bu addım isə, heç şübhəsiz, fəsadsız ötüşə bilməz. Belə bir addımın atılması manatın məzənnəsinə təsir etməklə yanaşı ölkədə inflyasiyanı da gücləndirə bilər.

Hikmət