500 milyonluq layihə üçün Koreya banklarından kredit alınır
Vahid Məhərrəmov: «Azərbaycan karbamid zavodunun inşasına başlanıldığı halda, işlər «uğurla» davam etdiyi zamanda, nəyə görə yarımçıq dayandırılıb, Gürcüstanda yenidən təməli qoyulub?»
Sumqayıtda karbamid zavodunun tikintisinin maliyyələşdirilməsi üçün Koreya “Eximbank”ları ilə danışıqlar aparılır. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
O qeyd edib ki, danışıq əsasında artıq 6 aylıq kreditləşmə həm görülən iş üçün, həm də uzunmüdddətli avadanlıq alınması üçün cəlb olunub. Onun sözlərinə görə, iki “Eximbank”dan alınan bu məbləğ 150 mln. dollar həcmindədir.
Bir müddət əvvəl kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu məsələ ilə bağlı “Azadlıq”da məqalə ilə çıxış etmişdi. Həmin məqaləni bəzi ixtisarlarla yenidən təqdim edirik:
“Azərbaycan karbamid zavodunun inşasına başladı
Təxminən 5 il əvvəl Azərbaycan hökuməti ölkəmizdə yeni iş yerləri yaratmaq, ölədə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə muasir tələblərə cavab verən mineral gübrə istehsal edəcək yeni zavodların inşa ediləcəyi barədə məlumat vermişdi. Az keçmədi ki, 19 dekabr 2011-ci ldə Ilham Əliyevin Sumqayıtda karbamid istehsalı zavodunun təməlqoyma mərasimində iştirak etdiyini, zavodun sxemini və orada inşa olunacaq binaların eskiz layihələrini əks etdirən stendlərə tanış olduğunu əks etdirən föto şəkillər və video görüntülər ictimaiyyətə təqdim olundü.
O zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlət başçısına məlumat vermişdi ki, ölkəmizdə karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanmışdır. Zavodun tikintisi üçün “Azərikimya” Istehsalat Birliyinin istifadəsində olan ərazidə 24 hektar torpaq sahəsi ayrılmışdır. Müəssisənin tikintisi dövlət investisiyaları hesabına maliyyələşdiriləcək və 2012-2014-cü illərdə həyata keçiriləcəkdir. Zavod ammonyak, maye karbamid və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət olacaqdır. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək müəssisədə əsas xammal kimi təbii qazdan istifadə olunacaqdır”.
O da qeyd olunmuşdu ki, zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaqdır. O zaman ARDNŞ-in prezidentinin məruzəsini dinlədikdən sonra Ilham Əliyev metal gilizi bünövrəyə buraxdı, düyməni basaraq beton qarışığı tökən qurğunu işə saldı və tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
Lakin, Azərbaycanda bünövrəsi qoyulan işin 9 aydan sonra qonşu ölkə ilə birlikdə yenidən təməli, bünövrəsi qoyuldu (?).
Azərbaycan Gürcüstanla birgə karbamid zavodunun inşasına başladı
Aradan düz 9 ay keçmişdi ki, 19 sentyabr 2012-ci il tarixdə Gürcüstanın Kulevi azad sənaye zonasında karbamid zavodunun təməlqoyma mərasimi keçirildiyi haqda məlumatlar yayıldı. KIV-lərin verdikləri məlumatlara əsasən, mərasimdə Gürcüstan Prezidenti Mixeil Saakaşvili, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın maliyyə naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər həmin təməlqoyma mərasimində iştirak ediblər. O vaxtlar bildirilirdi ki, illik istehsal gücü 660 min ton olacaq zavodun tikintisinə 1500 işçi cəlb olunacaq. Istismara verildikdən sonra zavodda 300-ə yaxın adamın calışacağı nəzərdə tutulur. Layihənin investisiya dəyəri minimum 100 milyon ABŞ dolları məbləğində olacağı və inşasının 2016-ci ildə başa çatdırılması planlaşdırılırdı.
KIV-lərdə o da qeyd olunurdu ki, təməlqoyma mərasimindən sonra karbamid zavodunun tikintisi ilə bağlı müqavilə imzalanıb. Müqaviləni Gürcüstan hökuməti tərəfindən bu ölkənin iqtisadi inkişaf naziri xanım Vera Kobalia, ARDNŞ tərəfdən isə “SOCAR Georgia Investments Ltd”nin baş direktoru Əfqan Isayev imzalayıb.
Lakin, bu yaxınlarda bu layihənin dayandırıldığı haqda informasi yayıldı. Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib ki: “Neftin qiymətinin kəskin ucuzlaşması SOCAR-ın həyata keçirdiyi bəzi ölkədaxili layihələri gecikdirir və bir balaca təxirə salınır. Gürcüstan bazarındakı vəziyyət bizimkindən tamamilə fərqlidir. Gürcüstan bazarı dünya bazarından asılıdır və orada vəziyyət kifayət qədər ağırdır. Istehsal olunan gübrənin dünya bazarında qiyməti aşağı düşüb. Bu səbəbdən bu layihənin maliyyələşdirilməsi xeyli çətinləşib. Gürcüstan hökuməti bu layihənin başa çatmasında maraqlıdır. Çünki, zavodun fəaliyyəti yeni iş yerləri, yeni məhsul və yeni gəlir mənbələri deməkdir”. Diqqət yetirdinizsə D. Məmmədov qeyd edirki, zavodun fəaliyyəti yeni iş yerləri, yeni məhsul və yeni gəlir mənbələri deməkdir, ona görə də Gürcüstan hökuməti bu layihənin başa çatmasında maraqlıdır. Belə olan halda sual olunur “zavodun fəaliyyəti yeni iş yerləri, yeni məhsul və yeni gəlir mənbələri deməkdir”sə onda Azərbaycan hökuməti bizim ölkə sahibkarlarının, işsiz əhalinin əlindən bu imkanları niyə alıb? Azərbaycan karbamid zavodunun inşasına başlanıldığı halda, işlər “uğurla” davam etdiyi zamanda, nəyə görə yarımçıq dayandırılıb, Gürcüstanda yenidən təməli qoyulub?”