abs-kap

ABŞ Kuba ilə arasındakı «buzları əridir»

abs-kapVaşinqton qərar verdi: «Amerikalılar Kubaya səfər edə və orada iş qura bilər»

ABŞ Kuba ilə münasibətlərini normallaşdırmağa davam edir. Dünən rəsmi Vaşinqton ABŞ vətəndaşlarının Kubaya səfərlərinə və bu ölkənin iş adamları ilə əməkdaşlığına qoyduğu məhdudiyyətlərin bir qismini aradan qaldırıb. Artıq Amerika şirkətləri Kubada törəmə strukturlarını yarada, həmçinin yerli firmalarla birgə müəssisələr qura bilər.

Bununla yanaşı, bu ilin sonunda iki ölkə arasında birbaşa poçt əlaqələrinin və mütəmadi kommersiya aviareyslərinin bərpası da planlaşdırılır.

Dünən ABŞ prezidenti Barak Obama Kuba səfirinin etimadnaməsini qəbul edib. Kubalı diplomat son yarım əsrdə ölkəsinin Birləşmiş Ştatlardakı ilk səfiri olacaq.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ və Kuba qarşılıqlı olaraq səfirliklərin açılışını edib. Iyulun 20-də Vaşinqtonda Kuba səfirliyinin açılışı olub və bu ölkənin bayrağı qaldırılıb. Həmçinin ABŞ Dövlət Departamentinin binasında digər ölkələrləÿyanaşı, Kubanın da bayrağı  dalğalandırılıb.

Avqustun 14-də isə ABŞ dövlət katibi Con Kerri Havanadakı səfirliyin açılışını edib.

Iki ölkə arasında diplomatik əlaqələr ötən ilin dekabr ayındaÿABŞ prezidenti Barak Obamanın Kuba ilə münasibətləri normallaşdırmaqla bağlı tarixi açıqlamasından sonra bərpa edilib.

Bu ilin aprel ayında ABŞ və Kuba liderləri yarım əsrlik fasilədən sonra ilk dəfə bir araya gəliblər. Görüşün ardınca ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarıb.

ABŞ-Kuba münasibətləri Fidel Kastronun 1959-cu ildə iqtidara gəlişindən sonra pozulmuşdu.ÿIki ölkə 1961-ci ildən kəsilən diplomatik əlaqələri yenidən əvvəlki axarına qaytarmaq üçün təmaslarını davam etdirir.

Bir müddət əvvəl Kuba prezidenti Raul Kastro ABŞ-ı ölkəsinə tətbiq etdiyi bütün embarqoları götürməyə çağırmışdı.

Kuba lideri hesab edir ki, ABŞ-la münasibətlərinin ancaq bu halda tam normallaşa bilər.

Kastro Barak Obamanın bu istiqamətdəki səylərini qiymətləndirərək hər şeyin ondan asılı olmadığını da vurğulamışdı. Onun fikrincə, konkret embarqo məsələsində əsas söz sahibi ABŞ Konqresidir.

“1960-cı ildən – prezident Con Kennedinin vaxtından Kuba üzərində embarqolar var. Biz artıq bundan qurtulmaq istəyirik. Embarqoları götürmək barədə qərarı ABŞ Konqresi verə bilər. Barak Obamanın siyasəti isə Konqresdə xüsusi populyarlığı ilə seçilmir”- deyə, Kuba lideri bildirmişdi.

Gültəkin