Sahib Kərimli AXCP sədrliyinə namizədliyini elan etdi

sahib-kerimov-yeniAXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli qarşıdan gələn qurultayda partiyanın sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə o, facebook səhifəsində məlumat yayıb.

“Dostlar, AXCP sədrliyinə namizədliyimi elan edirəm. Hörmətli sədr Əli Kərimli çağdaş Azərbaycan siyasətinin görkəmli simalarından biridir, hal-hazırda cəmiyyətdəki protest elektoratın ümidlə baxdığı liderdi. Hamının olduğu kimi, Əli bəyin də zəif tərəfləri var. Demokratiyanın verdiyi fürsətlərdən yararlanaraq, siyasi mədəniyyət və əxlaq çərçivəsində Əli bəylə yarışmaq istəyirəm”, – deyə S.Kərimli qeyd edib.

16 yaşından cəbhəçi, 25 illik siyasi fəaliyyəti olduğunu, siyasi məhbus həyatı yaşadığını xatırladan S.Kərimli tanıyanların onu azad insan kimi xarakterizə etdiyini bildirir. Vurğulayır ki, onun qərarından uzağa gedən nəticələr çıxarmaq lazım deyil: “Azadlığımı heç kimə, o cümlədən atdığı yanlışlarla özünü hər gün fəlakətə aparan hakimiyyətə heç vermərəm. Heç kim uzağa gedən nəticələr çıxarmasın. Mən qurultaydan sonra sıravi cəbhəçi olaraq qalacam. Heç kim məni çirkin və namərd oyuna qoşa bilməz”.

S.Kərimli daha sonra qeyd edib ki, partiya daxilində sədri tənqid etmə ənənəsini o möhkəmlədib. Sədrin yaxın ətrafının partiya daxilindəki “pozuculuq fəaliyyəti” illərdir hədəfindədir. “Hörmətli sədri də onları himayə etdiyi, partiya idarəetməsində kollegiallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün dostcasına tənqid etmişəm” deyə yazan S.Kərimli bildirir ki, sədrliyə namizəd olmağına düşmən münasibət gözləmir.

“Qələbə şansım azdır, amma pozitiv işlər görəcəyimə inanıram. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm. Partiya ideoloji boşluqdadır. Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli bəyin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa , bundan da pozitiv yararlanma imkanı olacaq. Ən başlıcası demokratik seçki vərdişlərinə yiyələnmək üçün fürsət yaranacaq. Partiyadaxili demokratiyanın nümunələrini sərgiləməklə, bütün ölkəyə pozitiv mesaj verə bilərik”, – deyə S.Kərimli fikirlərini tamamlayıb.