Rusiya Azərbaycan hakimiyyətini aldadacaq

hikmet-hacizade-yeniHikmət Hacızadə: «Rus ordusunun Azərbaycan torpağında məskunlaşması Kremlin planıdır»

“Stratfor” kəşfiyyat-analitik şirkəti Qarabağ münaqişəsi ilə bağlı növbəti açıqlamasını yayıb. “Stratfor”un təhlilçiləri hesab edir ki, bu yaxınlarda Dağlıq Qarabağda status-kvo dəyişə bilər. “1994-cü ildə atəşkəs rejimi elan edildikdən sonra Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarəti altındadır və münaqişə dondurulub. Artıq Rusiyanın Qafqazla bağlı siyasəti ciddi şəkildə dəyişib. Yaxın vaxtlarda Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qoşunu yerləşdirilə bilər”, deyə “Stratfor”un təhlilçiləri bildirir.

Onların sözlərinə görə, Azərbaycan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı gizli danışıq aparıb razılaşma əldə edə bilər. Bu isə gələcəkdə işğal olunmuş torpaqların rəsmi Bakının nəzarəti altına keçməsinə şərait yaradacaq.

“Stratfor”un təhlilçiləri bildirir ki, Rusiyadan güclü şəkildə asılı olan Ermənistan bu plana qarşı çıxa bilməz.

Bəs irəli sürülən analiz nə dərəcədə inandırıcıdır? Rusiyanın belə bir plan reallaşdırmaq istəyi gerçəkliyə uyğundurmu?

Politoloq Hikmət Hacızadə bildirdi ki, “Stratfor”un açıqlamasında müəyyən məqamlara diqqət yetirmək lazımdır. Rusiyanın ən ümdə planının rus əsgərlərini regiona geri qaytarmaq olduğunu deyən H.Hacızadə hesab edir ki, Rusiya torpaqların bir hissəsini Azərbaycana geri qaytarmaqla suverenliyimizə qəsd etməyi düşünür: “Rus ordusunun Azərbaycan torpağında məskunlaşması Kremlin planıdır. Ona görə Rusiya torpaqların bir hissəsini Azərbaycana qaytara bilər. Amma bunun əvəzi Azərbaycan üçün ağır ola bilər. Rusiyanın Azərbaycanla belə bir danışıqlar apardığını mən dəfələrlə demişəm”.

Xəyal