Yaxud, Əli Əhmədov YAP-ın «tərcümeyi-hal»ını niyə unudur?
Hökumət komandası uzun illərdi eyni mətni əzəbrləyib və bütün məqamlarda bu mətni səsləndirirlər. Təsadüfi deyil ki, ölkə başçısı məktəblilərin qarşısında da Avropanın qeybətini edir. Yəni mövzudan asılı olmayaraq hər yerdə “heyvagülü” oynayırlar. Yəqin toyda sağlıq deyəndə də, hüzr məclisində başsağlığı verəndə də bu “tezis”lərdən istifadə edirlər. Bugünlərdə YAP-ın sədr müavini Əli Əhmədov da mətbuata müsahibə verib və mətni təkrarlayıb:
“Opponentlərimiz siyasi fəaliyyətlərinin yeganə məqsədini şər və böhtanda görürlər, milli maraqlara zərbə vurmaqdan belə çəkinmirlər. Müxalifət sarsılıb, dağılıb, parçalanıb. Azərbaycanın siyasi həyatında müxalifətin rolu, demək olar, görünmür. Ən acınacaqlısı da odur ki, həmin qruplar bir qayda olaraq antiAzərbaycan mövqeyini heç zaman gizlətmir. Nəticədə müxalifətin həmin qolu özü mahiyyət etibarilə antiAzərbaycan elementinə çevrilir. Bunun bir adı da ”5-ci kolon”dur. Tamamilə aydındır ki, öz qrup maraqlarını xalqın maraqlarına qarşı qoyanlar xalqın dəstəyinə ümid edə bilməz. Müxalifətin bəzi dairələrinin seçkilərdə iştirak etməməsinin səbəbini bunda axtarmaq lazımdır”- deyə Əli Əhmədov bildirib.
Təsəvvür edin ki, bütün dünya bu hakimiyyəti şər-böhtanda ittiham edir, ölkənin tanınmış ictiami-siyasi xadimləri şərlənərək həbs olunub, hakimiyyətdən ədalətli seçki tələb edilir və belə bir məqamda Əli Əhmədov müxalifəti böhtançı adlandırır. Hələ milli maraqlara zərbə vurmaqda da ittiham edir. Qarabağın işğalına müəlliflik edən, Ermənistanı bəsləyən Rusiyanın qarşısında səcdə edən müxalifətdir. Sanki, ofşorlarda milyardlarla pul gizlədən, bütün sahələri monopoliya edən, 2.5 milyon vətəndaşı məmur banklarında asılı vəziyyətdə saxlayan müxalifətdir.
Müxalifətin dağılmasına, sarsılmasına, parçalanmasına gəlincə, Əli Əhmədov lap gül vurub. Birincisi, son günlər köhnə və yeni YAP-çıların qarşılıqlı ittihamları göstərdi ki, hakimiyyət iyrəncliklərlə zəngindir. YAP-ın rəhbərliyində təmsil olunan adam, yüksək vəzifə tutmuş digər yapçını vətənə xəyanətdə ittiham edir. YAP-ın qurucuları partiyanı təşəbbüsləri pozmaqda, seçkilərin saxtalaşdırılmasında ittiham edir. Ümumiyyətlə, YAP-ın hansı vəziyyətdə, hansı dəyərlər üzərində olduğu ölkə xaricindən də aydın görünür. Ona görə də ABŞ-ın ölkəmizdəki keçmiş səfiri “hakimiyyət komandası monolit deyil” mesajını vermişdi. YAP-ın qurucusu isə “YAP simasız quldurlar partiyasıdır” söyləmişdi.
Məsələnin başqa tərəfi bundan ibarətdir ki, hakimiyyət daxilində müxtəlif qruplaşmalar var və seçki siyahısı hazırlamaq üstündə döyüş gedir. Vəziyyət o həddə çatıb ki, Əli Əhmədova salam verən adam digər qruplaşmanın qara siyahısına düşür. Artıq sadə vətəndaş da bilir ki, filan deputat filan klanın təmsilçisidir.
Müxalifətin səs almasına gəlincə, Avropa Məhkəməsinin qərarı ilə təzminat ödəyən dövlətdir. Dəfələrlə sübut olunub ki, müxalifət namizədinin səsi oğurlanıb və həmin şəxslərə təzminat ödənilib. Son prezident seçkilərində isə Milli Şuranın namizədi bütün məntəqələrdə Ilham Əliyevə qalib gəldi. ATƏT-in müşahidə missiyası isə seçkilərin 58 faiz saxtalaşdırıldığı rəyini verdi. Yeri gəlmişkən, Milli Məclisin deputatı etiraf etmişdi ki, bələdiyyə seçkilərində kimlərin qalib gələcəyi öncədən məlumdur.
Demək istəyirik ki, deqradasiya, qruplararası savaş, vəzifə üstündə düşmənçilik, xalqın nifrətini qazanmaq YAP-a aid olan məqamlardı. Bu hakimiyyət xalqdan səs ala bilməyəcəyinə əmin olduğu üçün seçkiləri saxtalaşdırır, müxalifət fəallarını şərləyərək həbs edir, müstəqil mətbuatı sıradan çıxarır və demokratik islahatlardan qaçır.
Bir sözlə, dövləti gəlir gətirən obyekt kimi idarə edənlərin bütün ittihamları bumeranq effekti verir. Bir gün dövlətin maraqlarını satışa çıxaranlar, milli maraqlara xəyanət edənlər mütləq cəzasın alacaq.
Azad



