Müsavatın Məclis sədri yaxın keçmişi niyə unudur?

nushabe-sadiqliNüşabə Sadıxlı da Əli Kərimliyə «daş» atmağı seçki startının əsas şərti hesab edir

Dəfələrlə yazmışıq ki, bu ölkədə karyera qurmaq istəyən, mandat sevdasına düşən, hökumətin xoşuna gəlməyə çalışan adamlar Əli Kərimlidən tramplin kimi istifadə edirlər. Yəni məqam düşən kimi AXCP-ni, onun liderini tənqid etməklə, əsassız ittihamlar irəli sürməklə özlərini yada salmağa çalışırlar. Təəssüflər olsun ki, Müsavatın Məclis sədri Nüşabə Sadıxlı da istisna olmadı. O, “Yeni Müsavat”a müsahibəsində başqalarında günah axtarmağa çalışıb və öz aləmində fikirlərini əsaslandrıb. Əslində, Nüşabə Sadıxlının fikirlərinə şərh verməyə də bilərdik və bu bizim üçün önəm kəsb etmir. Sadəcə olaraq bəzi məqamları xatırlatmağa ehtiyac var.

Nüşabə Sadıxlı məlum müsahibədə deyir: “Əbülfəz Elçibəy üçün Müsavat, AXCP anlayışı yox idi. Onun üçün əsl müxalifət var idi.ÿSonuncu dəfə Türkiyəyə getdiyi gün AXCP-nin bütün rəhbərliyini yığıb tövsiyələr verdi. Birinci müavini Əli Kərimliyə göstəriş verdi ki, parlament seçkisinə Müsavatla birgə gedilsin. Siyahı bir nəfər AXCP-dən, bir nəfər Müsavatdan olmaqla tutulmalı idi. Bəlkə də bəyin dediyi kimi olsaydı, indi durum bambaşqa idi. Ancaq bəyin dediyinə əməl edilmədi, AXCP parçalandı. Müxalifət düşərgəsindəki soyuqluğun təməli o vaxtdan qoyuldu. Müsavat o zaman Mirmahmud Mirəlioğlunun sonradan KXCP-yə dönüşən qanadını müdafiə etdi. AXCP-yə, Elçibəyə xəyanət edib, az sonra hakimiyyətə sığınanların hamısı Əli Kərimlinin yanında yer aldı. Indi deyirlər, Isa Qəmbər nədən ”klassik”ləri müdafiə elədi? Bəs, kimi müdafiə eləyəydi – ideyasını şəxsi mənafelərinə satanları? Çox təəssüf ki, böyük siyasətlə məşğul olan insanlar cılız, xırda hisslərdən xilas ola bilmirlər. Müsavat partiyası olaraq dəfələrlə bizimlə intriqa aparan qüvvələrə barış əli uzatmaq. Hər dəfə geri qaytarıblar”.

Əvvəla qeyd edək ki, baş verənlər o qədər də uzaq tarix deyil və prosesin içində olanlar hər şeyi detallarına qədər xatırlayır. Həmin dövrdə AXCP-Müsavat blokuna ilk zərbəni Müsavat özü vurdu. Hətta KXCP cinahına keçən Fazil Mustafa və digərlərinin plakatlarını küçələrə yapışıdırıb “AXCP Müsavatı dəstəkləyir” təbliğatı aparıldı. Keçmişdə baş verənlər haqqında çox məqamlara toxunmaq olar. Bir faktı da demək lazımdır ki, Elçibəyin ölümündən öncə göndərdiyi siyahıda Əli Kərimlnin adı birinci yazılmasına baxamyaraq, Müsavat əks cinahı dəstəklədi.

Ikincisi, proses həmin dövrlə yekunlaşmayıb. Sonrakı mərhələlərdə də AXCP şəxsi ambisiyalardan imtina edib, birlik formatı təklif eləyib. Hər dəfə böyük birlikləri ilk tərk edən Müsavat partiyası olub. Müxalifətin birlik formatı kimi yaranmış Milli Şuranı da ilk tərk edən Müsavat partiyası oldu. Həm də seçkilərdə Cəmil Həsənlini dəstəkləyib, Milli Şura çətiri altında fəaliyyət göstərib, sonra Milli Şuranı “Rusiya proyekti” adlandıran da Müsaavat partiyası oldu. Maraqlıdır ki, demokratik düşərgəyə bu damğanı hakimiyyət yapışdırmaq istəyirdi. Amma AXCP bu gün də Milli Şurada təmsil olunur və birlik formatının möhkəmlənməsinə xidmət edir. Uzun illərdən sonra AXCP-nin harda dayandığı, hökumətin AXCP-yə münasibəti, Əli Kərimlinin fəaliyyəti göz önündədir. Müsavat partiyasından fərqli olaraq AXCP mübarizəsindən sapanlara güzəşt etməyib, xəyanətkarları müdafiə etməyə çalışmayıb.

Nüşabə Sadıxlı müsahibədə gülməli bir cümlə də işlədib: “Məgər bu insanlar bilmir ki, hakimiyyətin məqsədi Müsavat Partiyasını dağıtmaq, AXCP-nin gününə salmaqdır?”- deyə Nüşabə Sadıxlı söyləyib.

Görəsən, AXCP hansı gündədir? Hansı parametr üzrə Müsavat AXCP ilə müqayisə oluna bilər? AXCP-nin təkcə Gənclər Komitəsi Müsavat partiyasından üstündür. Bəlkə, Müsavatın meydan gücü AXCP-dən artıqdır? Müsavat Milli Şuradan çıxdıqdan sonra neçə nəfər yeni üzv qəbul edib? Sosial şəbəkələrdə Müsavat funksionerlərinin dəstəyi sıravi cəbhəçinin dəstəyindən 5 dəfə geri qalmırmı?

Açığı, xeyli müddətdir ki, AXCP Müsavatı rəqib görmür və heç bir parametr üzrə də rəqabət aparmağa əsas yoxdur. Əksinə, hakimiyyət AXCP-ni Müsavatın gününə salmaq istəyir, amma bunu bacarmır. Çünki, partiya əsas etibarilə sağlamdır və milyonlarla pulun dövriyyəyə buraxılması da bu monolitliyi poza bilmir.

Ona görə də yaxşı olar ki, danışanda reallıqdan çox da sürətlə uzaqlaşmayasız. Yavaş-yavaş uzaqlaşın ki, hiss olunmasın.

Akif