“Abid Şərifov cinayət məsuliyyətinə cəlb edilməlidir”

muzeffer_baxisRayon maşınlarına qoyulan qadağa cəmiyyətdə ayrı-seçkilik yaradır

Rayon maşınlarının paytaxta buraxılmaması  məsələsi əhali arasında  əməlli-başlı narazılıq yaradıb. Xəbər verildiyi kimi, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay-qış rejimlərində Bakıya buraxılmasına dair müəyyənləşdirilən fərqli qrafik müxtəlif sosial qrupların aşkar hiddətinə səbəb olub.

Məsələni şərh edən hüquqşünas Müzəffər Baxışov söyləyir ki, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası adi bir komissiya olmaqla müvafiq bir icra hakimiyyəti orqanı deyil. Müzəffər bəy həmin qərarın ölkə Konstitusiyası və qanunlarıyla ziddiyyət təşkil etdiyini və heç bir hüquqi qüvvəsi olmadığını bildirir:

“Heç kim bu qərarın tələblərinə əməl etməyə borclu deyil və kimsəni də əməl etməməyə görə məsuliyyətə cəlb edə bilməzlər”.

Rayon qeydiyyatında olan avtomobillərin paytaxta buraxılmamasını Azərbaycan Konstitusiyası və qanunları ilə uzlaşmadığını deyən hüquqşünas, həmçinin rayon sakinlərinin Bakıya şəxsi avtomobillə girişinə qadağa qoymağı vətəndaşlara sosial mənsubiyyətinə görə ayrı-seçkilik  kimi xarakretizə edir:

“Bu məsələ Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında müzakirə edilib. Komissiya belə bir qərar qəbul edib ki, Bakı şəhərindən başqa digər şəhər və rayonlarda qeydiyyatda olan nəqliyyat vasitələrinin 15 sentyabr 2015-ci il tarixindən etibarən Bakı şəhərinə girişinə qadağa qoyulsun. Həmin avomobillər Bakı şəhərinin şimal və cənub hissəsindəki xüsusi dayanacaqlarda saxlanılsın. Qadağaya görə, onlar səhər 7-dən axşam saat 12-yə qədər öz avtomobilləri ilə Bakı şəhərinə daxil ola bilməzlər. Mən tam məsuliyyətlə bildirirəm ki, bu komissiyanın qəbul etdiyi qərar Konstitusiya və qanunların kobud şəkildə pozulması deməkdir. Nəqliyyat vasitəsi rayon qeydiyyatlı olan vətəndaşlara müraciət edərək bildirirəm ki, onlar bu qərarı icra etməsinlər. Çünki bu qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Bu qərarın icrasından imtinaya görə də kimsə məsuliyyətə cəlb edilə bilməz”.

M.Baxışov qadağanın Konstitusiyanın bir çox maddə və bəndləri ilə təzad təşkil etdiyini bildirir. Müsahibimiz söyləyir ki, Konstitusiyanın 25-ci maddəsinin tələblərinə görə, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Ali qanunun 25-ci maddə, 3-cü hissəsinə görə, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir:

“Insan, vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil və s. mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin 3-cü  hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmçinin, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Eyni maddənin dördüncü hissəsinə görə ?heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Konstitusiya bu məsələlərdə çox ciddi qaydalar müəyyən edir. Bundan əlavə, 71-ci maddənin 9-cu hissəsinə görə hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kim qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. 10-cu hissəyə görə dövlət orqanları yalnız bu konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər”.

M.Baxışov rayon qeydiyyatlı avtomobillərin ölkə paytaxtına girişini yasaqlayan qərarın yol hərəkəti haqqında qanunla da ziddiyyət təşkil etdiyini deyir. Belə ki, hərəkətin tənzimlənməsi yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanun 3 iyun 1998-ci ildə qəbul edilib. Sonradan həmin qanuna əlavə və dəyişikliklər edilib. Həmin qanuna görə Bakı şəhərindən başqa digər yerlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı şəhərinə girişini qadağan edən hər hansı norma nəzərdə tutulmayıb. Müzəffər bəyə görə Milli Məclis belə bir qanun qəbul edə bilməz. Çünki belə bir qanun Konstitusiya ilə ziddiyyət təşkil edəcək. Konstitusiyanın 7-ci maddəsinə görə Azərbaycan hüquqi dövlətdir və hər bir qadağa hüquqa söykənməli, hüquqla tənzimlənməlidir:

“Əfsuslar olsun ki, Azərbaycan respublikasının baş nazirinin müavini vəzifəsində çalışan, amma hüquqdan anlayışı olmayan bir şəxs Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri vəzifəsində çalışır və o, belə bir qərar qəbul edib. Əslində bu şəxs Azərbaycan Cinayət Məcəlləsinin 154-cü maddəsinə, yəni vətəndaşların bərabərlik hüququnu pozduğuna görə, habelə vəzifəli şəxs olduğu üçün eyni məcəllənin 154.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməlidir. O, vəzifəli şəxs olduğu üçün şəxsi marağı səbəbilə belə bir qərar qəbul etdiyi üçün Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə də məsuliyyətə cəlb olunmalıdır. Bir sözlə, indiki halda ÿbaş nazirin müavini Abid Şərifov cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Komissiyanın bu qərara səs verən üzvləri də Cinayət Məcəlləsinin 154.2 və 308.2-ci maddələri ilə cənayət məsuliyətinə cəlb edilərək cəzalandırılmalıdır”.

M.Baxışov təəssüflə   söyləyir ki, Azərbaycanda verilən qərarlar hüquqa söykənmədiyi halda qəbul edilir. Nəticədə bu cür qərarlar Azərbaycanda yaşayan vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır.

İnformasiya şöbəsi