Yaltaqlığın pozitiv məqamları – Ənnağı Hacıbəyli yazdı

ennagi-yeni1

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi isterik müzakirələrə nədən oldu. Hakimiyyət təmsilçiləri, özünü hakimiyyətdə və ya onun yan-yörəsində hiss edən adamlar beynəlxalq təşkilatın adi hüquq sənədini arqumentlə deyil, söyüş və təhqirlə qarşıladılar.

Qətnaməni çox sərt, ölkənin daxili işinə qarışan mənasız sənəd hesab edənlərin yanaşmasını və reaksiyasını anlamaq gerçəkdən çox zor işdi. Azərbaycan Avropa təsisatlarına, özəlliklə Avropa Şurasına üzv olandan bəri təxminən 15 ilə yaxındır ki, bu səpkili qətnamələr, müraciətlər, iradlar, tələblər alır. Ölkədə heç nə dəyişmirsə, nə gözləyirdiniz? Avropa Şurasının, Venesiya Komissiyasının qanunvericiliyin liberallaşdırılması, korrupsiyaya qarşı mübarizə tələblərinə cavab olaraq qanunvericiliyi daha da avtoritar normalarla “təkmilləşdirirdinizsə”, korrupsiyanı qavrama indeksi ölkənin imicinə tərs-mütənasib “inkişaf” edirsə, siyasi dustaqların sayı azalmaq əvəzinə ancaq adlar dəyişirsə, nə gözləyirdiniz?

Əslində məni daha çox başqa mövzu düşündürür.

Qətnaməyə cavab olaraq Milli Məclisin tələsik toplantısı gözlənilən idi. Ancaq kimsə bu toplantının durumu dəyişmək üçün çağırıldığını gözləyirdimi? Məncə yox. Hamı – uşaq da, böyük də, siyasətçi də obıvatel də qəti əmindi ki, bu parlament normal, konstruktiv müzakirələr üçün formalaşdırılmayıb. Uzun illərin parlament praktikası, parlament iclaslarının translyasiyası və icmalları belə məqamlar üçün əhalidə sabit fikir formalaşdırıb – yenə yığışıb Avropanı söyəcəklər.

Söyün, təhqir edin, anasını ağladın. Bəs sonra? Axı güzgünü sındırmaqdan axmaq reaksiya ola bilməz. Hətta düşmənin də sözündən nəsə bir nəticə çıxarmaq gərəkdi. Bu, hər şeydən öncə güzgüdəkinin xeyrinədi.

Müstəqil ölkəyik. Dövlətimiz, parlamentimiz var. Onlar nə işlə məşğuldu? Başlıca vəzifəsi qanun qəbul eləmək olan bu adamların doxsan faizinin bu iş barədə normal biliyi və səriştəsi yoxdur. Hamı belə müzakirələri güdür. Yaxşı, Avropa bizə düşməndi və ona cavab verilməlidi. Bu səviyyəli cavab kimə gərəkdi və kimə ünvanlanıb. Artıq bütün ölkə bu çıxışlara ya baxmır, ya da bu müzakirələrlə məzələnir. Hətta savadsız saydığınız kənd əhalisi də.

Məntiqə və təfəkkürə baxın. Hüquq doktoru deyir ki, bu qətnaməni çıxaranlar bizim paxıllığımızı çəkirlər, çünki onların bizimki kimi prezidenti yoxdur. Başqa biri fəxrlə deyir ki, xalqımız rəngli inqilabları rədd etdi və ulu öndərə qul kimi sadiq oldu. Akademik deyir ki, Avropada qaçqınları soyundurub cinsiyyətini yoxlayırlar və müsəlmanları tövləyə göndərirlər. Bir başqası Avropa Parlamentini “Vazgenlər Şurası” adlandırır və özünü elə dartır ki, guya bu dəqiqə ona Nobel mükafatı verəcəklər.

Ən çox tirajlanan “arqument” Avropada qaçqınlara olan münasibətdi. Guya onlara zülm edirlər. Siz belə gözəl dövlət qurmusunuzsa, camaatın Avropada nə işi var? Nəyə görə adamlar Avropa tövlələrində yaşamağı regionun lider dövlətində, müqəddəs islam dünyasında yaşamaqdan üstün tuturlar? Onlar kimin əlindən qaçırlar? Axı heç kim isti yuvasını, dədə-baba ocağını səbəbsiz atıb qürbətə yollanmaz.

Vətən türməsi heç vaxt, heç yerdə qürbət azadlığından üstün olmayıb. Ölkədən didərgin salınmış siyasiləri, vətəndaş cəmiyyəti təmsilçilərini qınayanda bunu da düşünmək gərəkdi.

Avropa Parlamenti, başqa beynəlxalq təşkilatlar haqlı deyilsə, ona bir az ağılla cavab verilməlidi. Qarşıdan parlament seçkiləri gəlir. Ekran qarşısında oturan seçici sabah seçkiyə getsə, seçim edəcək. Bu səviyyəli, bu təfəkkürlü, bu əxlaqlı adamlara səs verən tapılacaqmı? Sizə səs gərək olmadığını bilirik, amma yazıq müəllimlərə bir az kömək edin. Axı qutuda da bir az bülleten olmalıdı.

Illərdi ki, dövlət büdcəsindən ən yüksək əmək haqqı verilən adamların savadı, qabiliyyəti, hakimiyyətə faydası bu qədərdisə, onlardan hesab sorulmalı deyilmi? Indi doxsan üçüncü il deyil. Artıq dünyanın o vaxtı deyil ki, söyüşlə, yaltaqlıqla, yalanla kimisə aldadasan.

Yaltaqlığın pozitiv məqamı varmı? Sən demə varmış. Parlament “müzakirələri” göstərdi ki, bu adamlarla nəinki Avropaya, heç seçkilərə də getmək olmaz. Onlar təkcə ölkəni deyil, həm də hakimiyyəti bütün dünyada gülünc günə qoydular. Bundan nəticə çıxarmaq, deputat siyahısını bir az ağılla tərtib etmək gərəkdi.

Görəsən sədaqətli və səviyyəli yaltaq da olurmu?