Nurəddin Məmmədli: «Bəzi layihələr neft pullarının mənimsənilməsi üçün bir vasitədir»
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələrlə görüşdə deyib ki, dünya bazarında neftin ucuzlaşması səbəbindən ARDNŞ-ın bəzi layihələrinin icrası dayandırılıb. ARDNŞ prezidentinin sözlərinə görə, bununla belə, mühüm layihələrin icrası davam edir.
Rövnəq Abdullayev bildirib ki, icrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir: “Neftin qiymətinin enməsinə baxmayaraq, biz Bakı Ali Neft Məktəbinin tikintisini dayandırmırıq. Bu ali məktəbin inşası sürətlə davam edir”.
O, əlavə edib ki, bu ilin sonunadək adıçəkilən ali məktəbin inşası yekunlaşacaq.
Azərbaycan ağır böhranın astanasında olduğu bir vaxtda milyonlar xərclənərək Bakı Ali Neft Məktəbinin tikintisinə hansı zərurət var? Məsələni şərh edən professor Nurəddin Məmmədli deyir ki, bəzi layihələr əsasən, neft pullarının mənimsənilməsi üçün bir vasitə olur. Onun sözlərinə görə, mənimsəməni reallaşdırmaq üçün müəyyən tikinti işləri aparılır. Nurəddin Məmmədli yada salır ki, uzun illərdir ki, fəaliyyət göstərən Dövlət Neft Akademiyası sovet dövründə beynəlxalq sertifikata malik yeganə ali təhsil ocağı olub: “Akademiyanın məzunları dünyanın əksər ölkələrində uğur əldə edərək işləmək statusu qazana bilirdilər. Yəni bu akademiya qədim ənənələrə sahib olan potensiallı bir təhsil ocağıdır. Neft Akademiyasında ölkənin ən yaxşı mütəxəssisləri toplanırdı. Amma indi onu əvəz etmək üçün məntiqə sığmayan yeni bir ali məktəb yaratmaq və onun tədris müəssisələrini genişləndirmək tamamilə ağlasığmaz bir işdir. Bu məsələ hakimiyyətdə olanların konyunktiv maraqlarından irəli gəlir. Ali Neft Məktəbi SOCAR-a məxsusdur və bu qurum da maddi vəsaitləri ”yeməkdə” xüsusi qabiliyyət sahibidir. Bu, neft sənayesinin inkişafı üçün kadr potensialının yaradılması maraqlarına xidmət etmir”.
Sosial şöbə