«Azərbaycan» növbəti dəfə ABŞ və onun prezidenti Barak Obamanı ittiham etdi
Azərbaycan hakimiyyəti anti-Qərb kampaniyasının davam etdirir. Dünən rəsmi dövlət qəzeti olan “Azərbaycan”da ABŞ əleyhinə növbəti dəfə sərt ittihamlarla dolu geniş məqalə dərc olunub. “Amerikanın xarici siyasətində ikiüzlülük faktoru” başlıqlı məqalədən bəzi hissələri təqdim edirik:
“Ikiüzlülük – Vaşinqtonun ”yumşaq güc” siyasətinin, digər ölkələri öz hərəkətlərinin legitimliyinə inandırmaq bacarığının mühüm tərkib hissəsidir. Bununla yanaşı, amerikalıların yalnız kiçik bir hissəsi siyasətdə ikiüzlülüyün rolunu anlayır. Liberallar digər ölkələrin Amerika ideallarının cəlbediciliyinə və ABŞ-ın rəhbərliyi altında beynəlxalq münasibətlər sisteminin ədalətliliyinə inanmağa meyilli olduğunu düşünürlər. Realistlər isə hesab edirlər ki, yüksək ideallar deyil, yalnız soyuq və sərt güc digər ölkələri Amerika ilə tərəfdaşlıq əlaqələri qurmağa vadar edir. Əlbəttə, Amerika dünya siyasətində yeganə ikiüzlü deyil. Ancaq onun ikiüzlülüyü yalnız bircə və çox sadə səbəbdən daha uzağa gedən nəticələrə gətirib çıxarır: bu gün dünyanın böyük hissəsi onun yaratdığı nizam çərçivəsində yaşayır…
…ABŞ uzun illərdir nüvə silahının yayılmaması prinsipini təbliğ edir, hətta bir sıra ölkələri nüvə ambisiyasından çəkindirir. Bununla yanaşı, çox asanca Israilin nüvə statusunu qəbul edib, 2004-cü ildə isə müqavilə imzalayaraq Hindistanın dinc nüvə hüququnu tanıyıb. Baxmayaraq ki, Hindistan müqaviləni pozaraq nüvə silahı əldə etdi və hazırda öz potensialını daha da genişləndirir. Iranla bağlı məsələdə isə Amerika tam fərqli mövqe tutdu, bu ölkəyə qarşı sanksiyalar tətbiq etdi və ciddi-cəhdlə Tehranı nüvə ambisiyasından çəkindirməyə çalışdı. Ola bilər ki, Vaşinqtonun Iraqda, Suriyada, Əfqanıstanda, ərəb dünyasında düşdüyü bataqlıq onu Irana qarşı güc tətbiqindən çəkindirdi və bir masa arxasında oturub razılığa gəlməyə məcbur etdi.
2009-cu ildə Misirə səfəri çərçivəsində Qahirə Universitetində çıxış edən Barak Obama müsəlman dünyasına müraciət edərək bildirmişdi ki, “islam” və “ekstremizm” anlayışları arasında dəqiq sərhəd qoyur. Onun sözlərinə görə, “ABŞ heç vaxt islamla mübarizə aparmayıb və aparmayacaq.” Obama həm də islam dünyası ilə ABŞ arasında yeni eranın başlandığını elan etdi. Bu sözlərin nə dərəcədə qeyri-səmimi olduğunu anlamaq üçün uzağa getmək lazım deyil, Əfqanıstanın, Misirin, Suriyanın, Iraqın, Yəmənin və digər ərəb ölkələrinin hazırkı vəziyyətinə – qanlı toqquşmaları, milli iqtisadiyyatların çökməsini, sosial fəlakəti, qaçqın axınını xatırlamaq kifayətdir. Mövcud reallıq göstərir ki, cənab Obama islam dünyası ilə yeni eranın başlandığını deyəndə, müsəlman aləminin mövcud modelini dağıtmaq, digər ölkələri də xaos və anarxiyaya sürükləmək planına start vermişdi”.