Hakimiyyətin “böhran büdcəsi”

ilham muhavire10 milyardlarla ölçülən xarici borc, 5 milyardlıq azalma və bitməyən talançılıq

Etiraf edək ki, dövlətin təminatı, xalqın rifahı üçün iqtisadiyyatın güclü olması əsas şərtdir. Azərbaycanın güclü iqtisadiyyata sahib olması üçün kifayət qədər potensialı var. Deməli, dövlətin güclü olmasına, vətəndaşın sosial rifahına təminat yaratmaq mümkündür. Təəssüf olsun ki, mövcud hakimiyyət ölkəyə neft milyardlarının axmasından bihuş oldu və heç bir iqtisadi siyasət həyata keçirmədi.

Düşündülər ki, neftin qiyməti həmişə 120-130 dollar olacaq və bunlar da “sürətlə inkişaf edirik” nağılını davam etdirəcəklər. Amma nəticə göstərdi ki, Azərbaycanın neftsiz iqtisadiyyatı qonşu Gürcüstanda da geri qalır. Bəli, neftin qiyməti kəskin azaldı və ölkə uçurumun dibinə yuvarlanır.  Uzun illərdi Azərbaycan hakimiyyətinə xəbərdarlıq edilir, ekspertlər həyəcan təbili çalır ki, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Ancaq hakimiyyət komandası sürətlə varlandığı üçün, öz tələbatlarını artıqlaması ilə ödəyə bildiklərinə görə heç bir xəbərdarlığa fikir vermədilər.  Beləliklə, böyük potensiala malik ölkə, idxaldan asılı, xarici borcla yüklənmiş vəziyyətə düşdü.

Bir neçə gün öncə büdcə müzakirələri yekunlaşdı və 2016-cı ilin büdcəsi proqnozlaşdırıldı. Və hakimiyyət etiraf etdi ki, son 1 ildə 5 milyard geriləmə müşahidə olunub. Əslində, hakimiyyətin təqdim etdiyi büdcə, “böhran büdcəsi”di. Bəli, hakimiyyət rəsmi şəkildə etiraf etdi ki, 2016-cı ilə şikəst büdcə ilə gedirik. Onu da qeyd edək ki, gələn il proqnozlar özünü doğruldacağı halda büdcədə 1.7 milyard manat da kəsir yaranacaq.ÿ

Beləliklə növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpiyi tikintiyə, 14 manatı dövlət aparatının saxlanılmasına, 11 manat 70 qəpiyi sosial müdafiəyə və təminata, 11 manat 30 qəpiyi müdafiəyə, 10 manat 50 qəpiyi təhsilə, 7 manat 60 qəpiyi dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manatı məhkəmə hakimiyyəti, hüquq müdafiə və prokurorluğa, 4 manat 60 qəpiyi səhiyyəyə, 4 manatı mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpiyi kənd təsərrüfatına və balıqçılığa, 81 qəpiyi elmə, 1 qəpiyi ekologiyaya və ətraf mühitin mühafizəsinə xərlənəcək.ÿ

Göründüyü kimi hətta böhran vəd edən büdcə də mənimsəmə ənənəsini tormozlaya bilməyib. Hər 100 manatdan 22 manatı tikintiyə xərcləndiyi halda, hər 100 manatdan 81 qəpiyi  elmə xərclənəcək. Yaxud hər 100 manatın 14 manatı dövlət aparatının saxlanmasına xərcləndiyi halda, hər 100 manatdan yalnız 3 manat 65 qəpiyi kənd təsərrüfatına xərclənəcək.  Hansıki, bugün kənd təsərrüfatının, elmin inkişaf etdirilməsi prioritet seçilməlidi. Amma hökumətimiz yenə də tikinti sektorunu qazanc yerinə çevirir, dövlət aparatının saxlanmasına böyük pul ayırmaqla şəxsi komfortdan imtina etmir. Bəli, zəruri sahələrə ayrılmalı olan vəsaiti qayçılayıb, şəxsi maraqlara xidmət edən sahələrə yönəldiblər.

Amma bu da son deyil. Bu “yetim” büdcənin də hamısı dövlət daxilində xərclənməyəcək. Çünki, hər 100 manatın 7 manat 60 qəpiyi xarici borcların ödənilməsinə xərclənəcək. Yeri gəlmişkən Azərbaycanın xarici borcu 10 milyardlarla ölçülür.  Deməli, ölkəyə gələn 100 milyardları mənimsəməklə yanaşı, ölkəni böyük yük altına salıblar.

Bəli, “analoqsuz inkişaf edirik” deyənlər, 2.5 milyon əhalini daxildə borc ödəməyə məhkum ediblər, ölkəni isə 10 milyardlarla borc altına salıblar.

Bir sözlə, hakimiyyətin yarıtmaz siyasəti büdcəni  “soyundurur” və fəlakətin astanasında olmaq da hakimiyyətin acgözlüyünə son qoymur.

Məsələ burasındadır ki, ümumi mənzərəni nəzərdən keçirəndə  büdcədəki azalma 11 milyarddan çoxdur. Dünənə qədər ölkə başçısı büdcənin gəlirlərini, xərclərini dollarla ifadə edirdi. Hətta tez-tez irad tuturdular ki, ölkə başçısı milli valyutaya etimadsızlıq göstərir. Indi yenə də ənənəyə sadiq qalıb gəlirləri və itkiləri dollarla hesablasaq, büdcədəki azalma 11 milyarddan çoxdur.

Akif