Hakimiyyət ölkəni uçuruma aparır

aliyev ilhamAnti-Avropa siyasəti dövlətin maraqlarına ziddir

Artıq sadə vətəndaş da hiss edir ki, mövcud siyasət ölkəni uçuruma aparır. Avropa Parlamentinin məlum qətnaməsi, ATƏT-in seçki müşahidəçiliyindən imtinası hökumətin təzyiqini qaldırdı və öz aləmlərində adekvat cavab verdilər.  Amma bu “cavablar” Azərbaycanı dünyadan təcrid edir. Əgər Azərbaycana qarşı sanksiyalar tətbiq olunsa, bu olduqca təhlükəli gələcəkdən xəbər verir.

Çünki, Azərbaycan ixrac etdiyi məhsulların 53 faizini Avropa bazarlarında satır, Neft Fondu investisiya portfelinin 52 faizini Avropada yerləşdirir, aktivlərinin 40 faizini Avroda saxlayır, Dövlət Proqramı ilə xaricdə təhsil alan tələbələrin 60 faizi Böyük Britaniya və Avropa Ittifaqına üzv olan ölkələrin Universitetlərində oxuyur, Azərbaycan  neft-qazını Avropada nəqli üçün iri layihələrə milyardlar xərclənilir, məmurların pulları Avropa banklarında saxlanılır, hakimiyyətin ev sahibliyi etdiyi və öz təbliğatına yönləndirdiyi bütün tədbirlər Avropanın adı ilə bağlıdır. Onu da qeyd edək ki, 10 minlərlə vətəndaş Avropa ölkələrində mühacir həyatı yaşayır və Avropaya mühacirət etmək istəyənlərin sayı hər gün artır.

Göründüyü kimi bütün sahələr üzrə Azərbaycanın Avropadan asılılığı var. Milli Məclisdə antiAvropa kampaniyasının bu həddə qalxması, əslində Azərbaycanın milli maraqlarına da ziddir. Unutmayaq ki, Rusiyadan fərqli olaraq, Avropa Parlamenti, Avropa Ittifaqı, Almaniya bundestaqı, BMT, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.  Indiki mərhələdə Azərbaycan hakimiyyəti Qarabağ məsələsini tamam təhlükə altına alır. Məsələ burasındadır ki, hakimiyyəti zəbt edənlər uzun illər ərzində ölkənin milyardlarını mənimsəyiblər və onlar üçün əsas da budur.  Əks halda zərrə qədər dövlət və millət məsuliyyəti daşıyan  hakimiyyət Avropa ilə konfrantasiyaya getməzdi. Avropa Parlamentinin Milli Məclisdə baş verənlərə reaksiyasında da deyilir ki, Azərbaycan hakimiyyəti ölkəni özünütəcridə  aparır.

Bəli, Avropa Azərbaycansız heç nə itirmir. Azərbaycan isə  Avropasız iqtisadi-siyasi bataqlığa yuvarlanır. Həm dövlətin imici zədələnir, beynəlxalq aləmdə söz haqqın olmur, həm də sosial vəziyyət ağırlaşır, resurslar tükənir və xarici bazara çıxış qapanır.

Deməli, hakimiyyət komandasının Avropa ilə pərdəni tam götürməsi, ölkənin gələcək prespektivlərinin üstündən xətt çəkir. Hansıki, məsələnin çox sadə bir həlli var. Siyasi məhbuslar azad edilir, şəffaf seçki keçirilir, monopoliyalar ləğv olunur, söz azadlığına şərait yaradılır və.s Avropa Azərbaycan hakimiyyətindən torpaq, pul, dilini və dinini dəyişmək, hansısa ölkə ilə müharibəyə qoşulmağı tələb etmir.  Hakimiyyət öz vətəndaşına hörmət etməmək, xalqın haqqını rahat oğurlaya bilmək üçün dünya ilə düşmənçilik edir.

Beləliklə, aydın olur ki, antiQərb kampaniyası antimilli siyasətdən doğan prosesdir və milli maraqlara, dövlətin güclənməsinə zərbə vurur.  Telekanallar, hökumət mətbuatı, rejim ekspertləri baş verənləri yanlış dəyərləndirməklə, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər.

Məsələ bu qədər sadədir. Hakimiyyət dövlətin maraqlarını, şəxslərin marağına qurban verir.

Akif