Qəzada ölənlərdən birinin tələbə olduğu məlum olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun yaxınları məlumat veriblər. Qəzada həlak olan Masallı rayon sakini Amil Abdullayev “Embawood” şirkətinin işçisi olub. Evin tək oğlu olan Amil bir müddət öncə atasını da itiribmiş. A.Abdullayev həm də tələbə olub, xaricdə təhsil alırmış.
Qəzada ölən digər sərnişin Cəfərov Elnurun yaxınları isə bildiriblər ki, o, 25 gün əvvəl qız atası olub.
Qeyd edək ki, Elnur da həmyerlisi Amil kimi atasını itirib. O, doğulduğu Masallı rayonunda dəfn olunacaq.
Belə məlumat yayılıb ki, qəzaya düşən mikroavtobus “Embawood” şirkətinə məxsus olub. Qəzaya düşənlər də şirkətin işçiləridirlər.
“Embawood”dan “Qafqazinfo”ya verilən məlumata görə, həlak olan və yaralanan sərnişinlərin əksəriyyəti həqiqətən də şirkətin işçiləri olublar. Lakin onların qəzaya düşdükləri mikroavtobus şirkətə məxsus olmayıb, onu sərnişinlər özləri tutublar.
Şirkət rəsmisinin sözlərinə görə, mikroavtobus Bakı Avtovağzalından “Embawood”un Sumqayıt filialına doğru hərəkət edirmiş.
***
“Qafqazinfo” saytı xəbər verir ki, Sumqayıt şəhər xəstəxanasında olan əməkdaşı növbətçi həkimdən ölənlərin sayının 5-ə çatdığı haqda məlumat alıb.
***
Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub. Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Vasif Qəhrəmanov “ans press”ə deyib ki, mikroavtobusda 16 sərnişin olub. Onlardan 4-ü yüngül bədən xəsarətləri alıb, ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. Digər on nəfərin isə vəziyyəti ağır olduğundan onları dərhal Sumqayıt xəstəxanasına aparılıblar. Bir yaralı Qarayev Elçin Xoşbəxt oğlunun vəziyyəti çox ağır olduğundan Bakıya göndərilib.
Xəsarət alanlardan Quliyeva Ofeliya və adı hələ ki, məlum olmayan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Qəza zamanı 3 nəfərin ayağı kəsilib. Birinin hər iki ayağı, digər ikisinin isə hərəsinin bir ayağı kəsilib.
Sürücü Ağakişiyev Baloğlan Güloğlan oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı deyilir.
Müstəntiq Cəsarət Bayramov hadisənin yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyini deyib.
Xəsarət alan şəxslərdən adı açıqlananlar:
1. Baloğlan Ağakişiyev-1988-ci il təvəllüdlü
2. Rövşən Cavadov-1988-ci il təvəllüdlü
3. Rəşad Əhmədov
4. Əsməd Məhəmmədova
5. İbadət Allahverdiyeva Faiq qızı
6. Ofelya Məmmədova Məhəmməd
7. Asif Paşabəyov
8. Qarayev Elçin Xoşbəxt oğlu
***
Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri dünyasını dəyişib.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, ölən şəxsin kimliyi hələlik dəqiqləşməyib. Bununla da ölənlərin sayı 3-ə çatıb.
“Hadisə nəticəsində xəstəxanamıza 10 nəfər yaralı gətirilib ki, onlardan da hələlik 7 nəfərin şəxsiyyətini müəyyənləşdirə bilmişik”-deyə xəstəxanadan bildirdilər.
***
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən mikroavtobus qəzaya uğrayıb.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Hazırda ölən və yaralananların kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır. (ans)
Azyaşlılardan və əsəbləri zəif olanlardan videolara baxmamaq xahiş olunur.
https://www.youtube.com/watch?t=6&v=Saoun6qAXDY