Başları Avropanı söyməyə qarışıb, yoxsa iflası etiraf edə bilmirlər?
Vəziyyət getdikcə kritikləşir. Hakimiyyət isə dövlətin və millətin maraqları naminə heç bir addım atmır. Əksinə, inadkar uşaq kimi özünü haqlı çıxarmağa, yalanları həqiqət kimi sırımağa çalışır.
Ötən gün ölkə gündəmini 2 mühüm məsələ zəbt etdi. Birincisi, Milli Məclisdə Avropa əleyhinə keçirilən tragikomik iclas, ikincisi isə 2016-cı ilin dövlət büdcəsi ilə bağlı acınacaqlı vəziyyət.
Təbii ki, hakimiyyət üçün yalnız şəxsi maraqlar önəm daşıdığı üçün büdcə məsələsi müzakirə mövzusu olmadı və bütün vasitələrlə beynəlxalq qurumları aşağılamağa start verdilər.
Amma daha mühüm olanı gələn ilin büdcəsinin 5 milyard və ya 25.1 faiz az proqnozlaşdırılması idi. Açıq şəkildə etiraf olundu ki, Əliyevin “sürətli inkişaf”ı ili 5 milyard zərərlə başa vurdu. Amma məsələnin başqa tərəfi də var. “Azərbaycan”, “Yeni Azərbaycan” və bu qəbildən olan qəzetlər belə mühüm hadisə haqqında bir cümlə də yazı vermədi. Başqa vaxt “biz ölkənin taleyi ilə bağlı yazırıq”, “Dövlət üçün əhəmiyyət daşıyan xəbərləri tirajlayırıq” deyənlər, dövlətin əsas sütunu olan büdcə haqqında yazmadılar.
Baş verənlərdən 2 nəticə çıxarmaq olar. Ya hakimiyyətin Avropanı ləkələmək sifarişi o qədər ciddi olub ki, büdcə haqqında yazmaq yadlarına düşməyib, ya da yazmaq üçün arqumentləri qalmayıb.
Çünki, 2016-cı ilin büdcəsinin 5 milyard azalma ilə proqnozlaşıdırlması “sürətli inkişaf edirik”, “bəlkə bir az yavaşlayaq”, “regionun lider dövlətiyik” kimi şüarları təkzib edir. Açıq şəkildə görünür ki, Azərbaycan iqtisadiyyatı sürətlə uçuruma gedir, hakimiyyətin “qeyri-neft sektoru inkişaf edir” təbliğatı tam yalandır, yarıtmaz siyasət ölkəni dalana dirəyib. Məhz buna görə də hakimiyyətin mətbuatı susmağa məhkumdur. Bizim uzun müddət yazdıqlarımız, hakimiyyətin öz dili ilə təsdiqləndi. Əslində büdcədə 5 milyard azalmanın olması tənəzzülün anonsudur.
Məsələ burasındadır ki, gələn ilin büdcəsindəki “qayçılama” prosesində də şəxsi maraqlardan imtina edilməyib. Belə ki, gələn ilin büdcəsinin hər 100 manatından 22 manatı tikintiyə, 14 manatı idarəetməyə, 80 qəpiyi elmə, 1 qəpiyi isə ekologiyaya xərclənəcək. Göründüyü kimi, yenə də tikinti sektoruna daha çox pul ayırmaqla yeyinti üçün nəfəslik düzəldirlər. Hətta belə kritik məqamda da öz mənfəətlərindən əl çəkmirlər və sona qədər ciblərini doldurmaq haqda düşünürlər.
Bir sözlə, hökumət öz yalanını özü ifşa edir, hökumət mətbuatı pərt vəziyyətdədir və reallığı gizlətmək də mümkün deyil. 100 milyardlarla pul şəxsi ciblərdə, 5 milyard azalma isə büdcədə müşahidə olunur. Bu da YAP hakimiyyətinin dövlətçilik, idarəetmə, milli maraqlar, düşünülmüş siyasət nağılının sonu.
Akif