Vergi və gömrükdəki kəskin geriləmə rəsmən təsdiqləndi

mehemmed-talibliMəhəmməd Talıblı: «Vergi və gömrükdəki azalmaların kökündə xarici ticarət dövriyyəsinin azalması dayanır»

Neftin qiymətinin dünya bazarında düşməsinin və ölkəmizin neft hasilatının azalmasının ciddi iqtisadi problemlər yaratdığı göz önündədir. Bu problemlər özünü iqtisadi rəqəmlərdə də göstərir.

SOCAR prezidenti Rövnəq Abdullayevin açıqlaması əslində iqtisadi problemlərin etirafı sayılmalıdır.

R.Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir: “Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir”. (APA)

Vergi yığımında azalma

Daha bir maraqlı statistikanı Vergilər Nazirliyi elan edib. 2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi, rüsum və maliyyə sanksiyası kimi 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 279,6 mln manat və ya 5,8% azdır.

Vergi yığımı azalsa da, Vergilər Nazirliyinin məlumatında deyilir ki, proqnoza 101,4% əməl edilib.

Bu ilin 8 ayında vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb. Ötən ilin eyni dövründə bu göstərici 1388 subyekt çox idi.

Gömrükdə də geriləmə

Gömrük Komitəsi də iqtisadi problemlərin nəticələrini etiraf edir. Bu ilin avqust ayı ərzində Azərbaycan dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə ümumilikdə 117,0 mln. manat həcmində vəsait daxil olub. DGK-nin yaydığı hesabatda bildirilir ki, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,23% azdır. Cari ilin yanvar-avqust aylarında isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,25% artraq 1 001,4 mln. manatdan 1 023,9 mln. manata yüksəlib.

Aylıq büdcə daxilolmalarının 22,730 mln. manatı (19,43%) gömrük rüsumları, 85,518 mln. manatı (73,09%) ƏDV, 7,128 mln. manatı (6,09%) aksizlər, 1,631 mln. manatı (1,40%) yol vergisinin payına düşüb. Ötən ilin avqust ayı ilə müqayisədə gömrük rüsumlarının həcmi 45,04% azalıb, ƏDV 0,28%, aksizlərin həcmi 35,2%, yol vergisi 16,52% artıb. Bəs bu cür vəziyyət ölkə iqtisadiyyatına nə vəd edir?

“Vergi, gömrük azalmaları iqtisadiyyata nə vəd edir?”

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, istər gömrükdən, istərsə də vergi orqanlarından daxilolmalar azalıb. Hər iki fiskal qurumdan daxilolmaların azalmasının kökündə xarici ticarət dövriyyəsinin azalması və bundan büdcə daxilolmaların gələn vəsaitin azalmasıdır: “Bu dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarında azalmanı göstərir. Neft sektorunda vəziyyət oxşardır. Yəni Neft Fondundan köçürmələrdə də ötən ilin analoji dövrü ilə müqayisədə və öhdəliklərin icrasında yaranmış çətin vəziyyətdə bir tərəfdən dövlət büdcəsini sıxır. Bilirsiz, paradoks orasındadır ki, həm xarici ticarət dövriyyəsində azalmalar var, digər tərəfdən neft sektorundan daxilolmalarda azalır. Bu iki faktor çətin situasiya yaradıb. Əvvəllər, neftin qiymətinin yüksək olması qeyri-neft sektorundakı yaranacaq çətin vəziyyəti kompensasiya edə bilirdi. Büdcə bunu öz ”dərisində” hiss etmirdi. Indi hər iki pozisiya üzrə itkilər var. SOCAR-ın normativ vergilərində də azalmalar var. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin vergi formasında daxilolmalarda da azalmalar olacaq. Neft Fondundan da transfertlərdə azalmalar bir tərəfdən”. M.Talıblının sözlərinə görə, deməli, neft sektorundan gələn axın kanallarında tıxanmalar yaranıb. Bütün bunlar isə büdcə-vergi istiqamətində müəyyən risklər və gərginliklər yaradıb. Bunu isə artıq danmaq olmaz.

Xəyal