Hansı üzlə deputat olmaq istəyirsiz?

milli-meclis5 il ərzində xalqın xeyrinə 5 dəfə təklif verdinizmi?

Parlament seçkiləri yaxınlaşdıqca stajlı deputaları həyəcan bürüyür. Hərə bir formada mandatını qoruyub saxlamaq istəyir. Yenə boş-boş vədlər, boğazdan yuxarı çıxışlar, saxta vətənpərvərliklər at oynadacaq.

Amma adamda bir az utanmaq hissinin olması yaxşı əlamətdir. Demək olar, əksər millət vəkillərinin səsini eşidən olmayıb.  Seçici öz deputatını 5 ildə bir dəfə görür. Biz bu günə qədər hansısa deputatın hesabatına rast gəlməmişik.

Parlamentdə oturduğu müddət ərzində bir dəfə də olsun vətəndaşın xeyrinə təklif verməyən, təşəbbüslə çıxış etməyn adamlar hansı ixtiyarla yenidən deputat seçilmək istəyir?

Milli valyuta bir gecənin içində 34 faiz dəyər itirdi və sadə vətəndaşa 2.2 milyard zərər dəydi. Hansı deputat  israrla vətəndaşın tərəfini saxladı? Binəqədidə bina yandı və 15 insan həlak oldu. Hansı millət vəkili “günahkarlar cəzalansın” şüarı ilə çıxış etdi? Məmurlara məxsus banklar yüksək faizli kredit verməklə, vətəndaşın intiharına səbəb olublar. Hansı mandat gəzdirən “faizlər mütləq endirilməlidi” söylədi? Beynəlxalq mətbuat, hüquq-müdafiə təşkilatları Azərbaycan məmurlarının korrupsiya layihələrini üzə çıxarır, hakim ailəyə məxsus villalar, biznes şəbəkələri aşkarlanır. Hansı millət vəkili bütün bunlarla bağlı  hökumətdən izahat tələb edib?

Bütün dünyada ərzaq məhsullarının qiyməti ucuzlaşır. Azərbaycanda isə son 5 il ərzində benzinin, ərzaq məhsullarının qiyməti qalxıb, bugünlərdə isə mineral suların qiyməti qalxdı. Iqtisadi əsası olmayan bu artımlara görə hansı millət vəkili hökuməti divara dirəyib? SOCAR Gürcüstanda, Ukraynada, Isveçrədə satdığı benzinin qiymətini ucuzlaşdırdı. Parlamenti zəbt edən adamlardan kimsə Rövnəq Abdullayevin üstünə gedə bildimi? Azərbaycanın faciələrinə səbəb olan Rusiyaya qucaq açıb, Avropa əleyhinə təbliğat aprmaq ölkənin maraqlarına ziddir. Hansı deputat bu anti-xalq siyasətinə etiraz edib?

Təhsil, səhiyyə, turizm, hüquq sistemi məhv edilib, atəşkəs dövründə 1000-lərlə hərbçimiz şəhid olub, həkim, müəllim dilənçi maaşına məhkunm edilib, məhkəmələr sifariş yerinə yetirir və s. Bütün bunları israrla müzakirə mövzusuna çevirən, hökumətin yarıtmaz siyasətinə etiraz edən deputat gördünüzmü?

Sahibkarlara qeyri-rəsmi vergilər tətbiq edilir, bütün sahələr nazilərin monopoliyasındadı, mənasız layihələrə milyonlar xərclənir. Kimsə buna etiraz edə bilirmi?

Millətə deyil, hökumətə vəkillik edənlərin, məddahlıq, yaltaqlıq yarışına girənlərin, illərlə seçicisini qəbul etməyənlərin yenidən deputat seçilmək istəməsi ikrah hissi doğurur.

Bu adamlar elə bilir ki, millət vəkili olmaq, millətə yalan danışmaq, hökumətin yalanlarını malalamaq və mandatdan sui-istifadə edib biznes şəbəkəsi qurmaqdır.

Ümumiyyətlə, elə bir millət vəkili tanıyırsız ki, seçici onunla şəkil çəkdirməkdən, onun fotosunu gəzdirməkdən qürur duysun? Hansısa millət vəkilini özünə ideal seçən seçici gördünüzmü?

Görə bilməzsiz, çünki seçici bu hökumətin “millət vəkili” meyarını gözəl bilir. Təyinatlı parlamentdə vətəndaşın rəğbət bəslədiyi deputat ola bilməz.

Bir sözlə, seçkiyə can atan stajlı deputatların vətəndaşa verə biləcəyi və verdiyi heç nə yoxdur. Onlar sadəcə toxunulmazlıq əldə etmək, hakimiyyətin çirkin ssenarilərinə “ləbbeyk” demək niyyətindədilər. Yəni deputatların əksəriyyətinin yenidən namizəd olmağa mənəvi haqları yoxdur.

Samir