Estoniya möcüzəsi

esger-mohsumogluƏsgər Möhsümoğlu

(“Amerikanın səsi”)

“Baltik dənizinin sahilində yerləşən kiçik bir ölkədə maraqlı şey baş verir. Məşəqqətli keçmişi olan Estoniya dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş dövlətinə çevrilib” – bunu avstraliyalı Raşel Botsmanÿ”Maliyyə icmalı”ÿdərgisində yazır.

O, daha sonra qeyd edir: “Bəziləri 23.9 milyon əhalisi olan Avstraliyada bu faktoru ölkədə innovasiyanın kifayət qədər olmamasına bəhanə gətirir.ÿAmma 1.3 milyon əhalisi olan Estoniya göstərir ki, texnoloji yaradıcılığa gəldikdə həcmin fərqi yoxdur”.

Avstraliyalı müəllifin yazdığına görə, bir çoxlarımızın indi istifadə etdiyi “Skype”, “Playtech”, “Trasnferwise” kimi populyar proqramlar Estoniyada göz açıb.ÿPulsuz və ən yüksək sürətli “Wi-Fi” bağlantı, kağızsız idarəçiliyi və onlayn seçkilərilə Estoniya bu gün dünyanın ən qüdrətli və inkişaf etmiş demokratiyalarını geridə qoyur.

“Təsəvvür edin ki, uşaq anadan olan kimi ona rəqəmsal doğum şəhadətnaməsi verilir və onun tibbi sığortası evə çatmamış artıq işə düşür. Təsəvvür edin ki, yaşayış yerinizi nahar otağından elektron yolla qeydiyyatdan keçirə bilirsiniz. Biznesinizi bir neçə dəqiqəyə qeydiyyatdan keçirib, işə başlayırsınız. Vergiləri beş tıklama ilə ödəyib, hökumətdən sizə çatacaq ödənişi 48 saat ərzində bank hesabınıza oturdursunuz. Estoniyada bunlar kiber-xülyalar deyil, reallıqdır”, – deyə Raşel Botsman yazır.

Dünyanın başqa ölkələrində internetdən istifadə tədricən genişləndiyi halda, Estoniya artıq kiber-inqilabı tamamlamış kimi görünür.ÿNəzərə alanda ki, bu ölkə də 1991-ci ilədək totalitar Sovet imperiyasının bir əyaləti idi, estonlarn nailiyyətinin miqyası daha parlaq görünür. Sanki estonlar diktaturadan demokratiyaya keçidi, kağız-kuğuzlu bürokratiyadan səmərəli və effektiv kiber-idarəçiliyə keçidlə paralel həyata keçiriblər.

Botsmanın fikrincə, başqa oturuşmuş demokratiyalardan fərqli olaraq, estonların hər şeyi sıfırdan başlamaları əslində, onların xeyrinə işləyib.ÿAmma bəziləri milli xarakteri də mühüm amil olaraq unutmamağı məsləhət görür.

“Eston düşüncə tərzini belə cəmləşdirərdim: praqmatizm, dəyanət və sahibkarlıq ruhu”, – deyə “Skype”ın ilk əməkdaşı vı “Transferwise” şirkətinin təsisçisi Taavet Hinrikus bildirir.

Sürücülük, sığorta və tələbə vəsiqələri Estoniyanın keçmişində qalıb.ÿ15 yaşından yuxarı estonlara verilən bir elektron vəsiqədə bütün bu məlumatlar əks olunur.ÿVəsiqədə təhlükəsizlik məqsədləri üçün iki parol sistemi var.ÿAmma çoxları, hətta bu vəsiqəni gəzdirməkdən də vaz keçərək, mobil vəsiqəli SIM kartdan istifadə edirlər.ÿSadəcə, mobil telefon vasitəsilə estonların əksəriyyəti bank, sığorta, təhsil və başqa lazımi sistemlərə çıxış əldə edə, işlərini sahmana sala bilərlər.

Estoniyanın daxilindəki durum nə qədər ürəkaçandırsa, onun sərhədlərində cərəyan edənlər bir o qədər narahatlıq doğurur. Bütün bu nailiyyətlərə rəğmən, nəhəng və avtoritar Rusiya ilə qonşuluq asan məsələ deyil.ÿBir çox başqa sabiq rus müstəmləkələri kimi Estoniya da mütəmadi qaydada Kremlin təzyiqlərinə, konkret bu halda, kiber-təhdidlərinə məruz qalır. 2009-cu ildə Rusiyadan qaynaqlandığı şübhə doğuran kiber-hücumlar nəticəsində Estoniyada media, bank, biznes və hökumət saytları sıradan çıxarıldı.ÿMaraqlıdır ki, bu hücum nəinki estonların ruhunu sındırmadı, əksinə, onları rəqəmsal sahədə daha böyük sıçrayışlara həvəsləndirdi.ÿElektron idarəçiliyə keçid xeyli sürətləndi və əhalinin internetə çıxışı ən yüksək səviyyədə təmin olundu.

Raşel Botsman Estoniya möcüzəsinin səbəbini onun sadəliyi ilə izah edir: “Vergi və hüquq sistemini sadələşdir, ölkəni yaşamaq üçün asan yerə çevir, investisiya və istedad dalınca axacaq. Ölkəni dünyanın aparıcı rəqəmsal millətinə çevirmək yaxşı düşünülmüş və praktiki hədəflər müəyyən etməkdən keçir. Biznesi 18 dəqiqədən az bir müddətdə qeydiyyatdan keçirmək mümkündürmü? Vergiləri beş dəqiqəyə ödəmək mümkündürmü? Millət vəkilləri qanunlara smartfonda səs verə bilirlərmi? Əgər bu suallara cavab ”xeyr”dirsə, onda ölkəmiz geridə qalır”.