
“Qara bayraqlarını asdılar, dedilər ki, bitdi, bu torpaqlar “xəlifə”nin”
“Şükran Türkiyə, şükran Türkiyə”. Beləcə, bir neçə dəfə təkrarlayıb əllərini göyə qaldırır. Gözlərini məchul bir nöqtəyə dikib dua edir. Sonra təkrar başlayır danışmağa. Amma hər cümləsinin başında xahiş edir ki, kameranı yığışdıraq. Çünki o tayda anası və atası qalıb. Hə, bir də əri qətlə yetirilmiş bacısı, iki uşağıyla.
Kilis. Qaziantepdən 65 km aralıda yerləşən bu əyalət şəhəri Suriyada vətəndaş müharibəsi başlayandan hadisələrin episentrindədir. İndi bu kiçik şəhərin əksər yerlərində, dükanlarda, yeməkxanalarda türkcədən başqa ərəbcə də yazılara rast gəlmək mümkündür. Kilisin avtovağzalında belə, avtobus marşrutları ərəbcə yazılıb. Elə bu şəkildə gördüyünüz kimi. Sanki kiçik bir Suriya şəhəridir Kilis.

***
Bu gün İŞİD-in bir nömrəli məqsədi də bu kiçik şəhərin sərhədinə dirənməkdir. Olduqca strateji mövqedə yerləşən Kilisin şəhər mərkəzindən Öncüpinara, Suriya sərhədinə 7 kilometrdir. Bir qədər əvvələdək Öncüpinar keçidi açıq idi. Elə Suriyaya humanitar yardım, oradan geriyə Azad Suriya Ordusunun (ASO) yaralı əsgərləri də məhz bu keçiddən daşınırdı. Biz Kilisdə olanda isə top və atəş səsləri açıq-aydın eşidilirdi. Çünki sərhəddən bir neçə kilometr aralıda İŞİD-lə ASO arasında gərgin döyüşlər gedirdi. O döyüşlər indi də davam edir. Azez qəsəbəsi uğrunda. Azezin ələ keçirilməsi isə o deməkdir ki, İŞİD bu cəbhədə də Türkiyə sərhədinə çıxıb, Cerablusda olduğu kimi, qara bayrağını asacaq.
***
Qara bayraq demişkən, o bayrağın dalınca havalanıb gedənlərin də əksəriyyəti tranzit bölgə kimi Kilisi seçir. Biz Kilisdə olduğumuz iki gündə İŞİD-ə qoşulmaq üçün sərhədi keçməyə hazırlaşan azı 40 nəfərin Türkiyə polisi tərəfindən ələ keçirildiyi barədə informasiya aldıq. Tutulanlar arasında Türkiyə, Rusiya vətəndaşları ilə yanaşı, bu yerlərdən çox uzaq, Cənubi Koreya, İndoneziya vətəndaşlarının belə, olması buralarda adi qarşılanır. Elə bizi Kilisə aparan taksi sürücüsü Sərdar demişkən, aldanıb gəlirlər, bir ay keçmir qaçmaq istəyirlər, onda da həbs edilirlər, “kafalarını kəsirlər”.
***
Sentyabrın 1-də baş verənlər isə burada hamını şoka saldı. Bir qrup İŞİD döyüşçüsü Kilisin Ardıclı kəndi yaxınlığından Türkiyə sərhədini pozdu. Bir əsgər öldürüldü. Başqa bir əsgər isə yaralı halda əsir götürüldü. Səfər Taş adlı əsgər (yeri gəlmişkən, Taş əslən azərbaycanlıdır, İqdırdan əsgərliyə çağırılıb) əvvəlcə Suriyanın türkmən kəndi Çobanbəyə aparılıb. Amma orada bir gün saxlanılıb. İŞİD Türkiyə xüsusi təyinatlılarının əməliyyat keçirib Taşı azad edəcəyindən duyuq düşüb nədisə, əsgəri Rakkaya, “xilafət”in paytaxtına aparıblar. Hazırda orada saxlanılan Taşla bağlı tərəflər arasında heç bir danışıq getmir. Bircə o məlumdur ki, Səfər Taş sağdır, onun qaytarılması üçün tələb də irəli sürülmür.

***
Biz isə Kilisin Murtaza məhəlləsindəyik. Həmsöhbətimiz Mustafa demişkən, burada daş atsan, suriyalıya dəyir. “Kilisin 80 min əhalisi var. Azı 150 min də suriyalı qaçıb gəlib. Qaçqın düşərgəsində də azı 20 min nəfər yaşayır. Əsəddən qaçan da var, amma İŞİD gələndən sonra sərhəd boyu türkmən kəndlərinin hamısı qaçıb Kilisə gəldi. Hər yer onlardır, o deyy meyvə satır, onu çağıraq hələ, danışsın”.
Abdulla Babdan qaçıb. Deyir, qaçıb gəlməsəydilər, indi İŞİD-in girovluğundaydılar. “Heç kimə aman vermədilər. Eləcə deyirdilər, evdən bayıra çıxmayın, namaza gecikməyin. Qaça-qaça, qova-qova, şallaqla hamını cameyə yığırdılar. Qadınların bayıra çıxması belə yasaqdır. Tək olmaz, ərinin yanında hərəkət etməlidir. Ər-arvad küçədə bir yerdə gedəndə isə danışmaq olmaz. Onlar heç suriyalı da deyillər ki?! Biz onların danışığını da başa düşmürdük. Haradandılar, kimdirlər, bu torpaqlarda nə edirlər, hələ də bizə qaranlıqdı. Gəldilər, qara bayraqlarını asdılar, dedilər ki, artıq bitdi, bu torpaqlar “xəlifə”nin. Nə “xəlifə”si, nə “xilafət”i anlamadıq ki?!”
Abdulla deyir ki, onun iki bacısı və bir qardaşı orda qalıb. Türkiyəyə keçə bilməyiblər. Qardaşı arvadını 10 gün həbsdə saxlayıblar. Küçədə döyüşçülərdən biri tutub. Sən demə, niqabı xoşlarına gəlməyibmiş.
Abdullanın dediyinə görə, onların bir qohumunun uşağı mağazadan iki dənə banan götürübmüş. Sol əlini kəsiblər. Özünə də 20 şallaq vurublar. “Onların qanunlarına görə, sol əl təmiz əl sayılmır. Vallah, nə bilim belə hesab edirlər”.
Murtazada söhbətləşdiyimiz suriyalıların əksəriyyəti qohumları üçün narahatdırlar. Onların dediyinə görə, xırda bir səhv, yanlış hərəkət ən yaxşı halda həbsdir. “Çox qəddardılar. Əsasən də qadınlara qarşı. Qadınlar ümumiyyətlə, onlar üçün cansız varlıqdı. Əşya kimi davranırlar. Hər döyüşçünün böyür-başında da neçə qadın. Bir qədər əvvələdək çoxları onların təbliğatına inanıb ailələrini, uşaqların da götürüb gedirdilər. Amma bircə şeyi anlamırdılar ki, oradan geriyə dönüş yoxdur. Döyüşçü öləndən sonra onun arvadı imam fətvasıyla başqa bir döyüşçünün mülkiyyətinə keçir. Hə, sözün həqiqi mənasında. Həmin qadın və onun uşaqları ilə nə istəsə edə bilər. Rakka ətrafında dul qadınların saxlanıldığı böyük bir yer var. Müxtəlif yerlərdən gəlmiş adamlardır. Qızları 13 yaşına çatdımı, anasından ayırıb ərə verə bilərlər. Ananın heç bir hüququ yoxdur. Hər dul qadına ayda 100 dollar verirlər. Həmin pula uşaqlarını da yedirməlidir, onlara paltar da almalıdır”.
Söhbətə başqa bir Suriyalı Abd qoşulur. Deyir, ən pis vəziyyətdə müsəlman olmayanlarındır. Azca müqavimət göstərən kişiləri dərhal güllələyirlər. Qadın və qızları isə qul bazarına çıxarırlar. “Orada elə komandirlər var ki, 20-30 qulu var. Ürəyi necə istəyir, onlarla o cür davranır. Bir neçə gecəlik öz əsgərinə belə, hədiyyə edə bilər. Uşaqları isə qızdısa, ərə verilir, oğlandırsa, təlimə göndərilir. O düşərgələrdə bilirsən nə qədər uşaq var?”
Abd deyir ki, xəstələndinsə, ümumiyyətlə, evin yıxıldı. Nə həkim var, nə dərman. Həkimlər ancaq yaralı döyüşçülərə baxır. Sağalmaq ehtimalı az olan döyüşçüləri isə elə yerindəcə güllələyirlər.
Abdın danışdığına görə, ən pisi odur ki, İŞİD edamlarını hamının gözü qarşısında edir. “Adamları zorla küçəyə tökürlər. Sanki tamaşa göstərirmişlər kimi, məcbur edirlər bu qana-qadaya baxsınlar. İnternetdə görürsüz ee, baş kəsirlər, asırlar, onlar elə edam növləri fikirləşiblər ki, insan ağlına gələ bilməz. Bir dəfə birinin saçlarını yandırdılar, ağrıdan ürəyi partladı, öldü. Onda hələ Baba təzə gəlmişdilər. Ət alıb evə gedəndə açıq şəkildə aparırmış. İrad tutublar ki, belə ət aparmaq haramdır. Bu da nəsə deyib. Günorta yığdılar meydana ki, yığışın, şəriətə ləkə gətirən var. Əlini-ayağını bağladılar, saçlarına od vurdular. Yazıq ağrıdan öldü”.
Abd onu da deyir ki, İŞİD-ə aldanıb gedənlərin və peşman olanların sayı minlərlədir. Amma nə sənədləri var əllərində, nə də silahı qoyub qaça bilirlər. “Qaçmaq ölümdür. Çoxu isə qəsdən ASO-ya əsir düşmək istəyir ki, bir təhər canlarını qurtarsınlar. ASO da əsirləri bağışlamır. Tutub dindirir, sorğu-sual edib, sonra güllələyir. Bir sözlə, qapalı bir çevrəyə düşüblər. Eləsi də olur ki, ASO-dan da qaçır. Amma hara getsə, yenə fəlakət onu haqlayır. Bu dəfə minaya düşür. İŞİD-in əlinə əsir düşdünsə, Rakkaya aparıldınsa, bu, edamdı”.
***
Rakka. Artıq neçənci dəfədir ki, sizlər bu şəhərin adını eşidirsiz. Qısaca deyim, İŞİD-in, “xilafət”in paytaxtı sayılır bu şəhər. Suriyanın şimalında Türkiyə sərhədindən o qədər də uzaqda deyil Rakka. Sirli, qanlı, qara bir şəhər. Bəs xilafətin “paytaxt”ında nələr olur, nələr yaşanır. Bu barədə gələn dəfə… Oranı görmüş şahidlər danışacaq.