“Analoqu olmayan inkişaf nağılı” bitdi – büdcə 5 milyard azaldıldı; Müxalifətdən ilk reaksiyalar

büdcə

Hökumət böhranın ölkəyə ciddi zərbə vurduğunu etiraf etməli oldu

Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsinin göstəricilərini açıqlayıb. Bəlli olub ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təşkil edəcək. Büdcədə neftin baza qiyməti 50 dollar götürülüb.

Büdcə gəlirləri 25,1 faiz azalıb

2016-cı il üçün dövlət büdcəsinin proqnoz gəlirləri 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat və yaxud 25,1 faiz azalıb. Layihəyə görə, büdcə gəlirlərinin 6 milyard 602 milyon manatı və ya 45,3 faizi Vergilər Nazirliyi, 6 milyard manat və ya 41,2 faizi Dövlət Neft Fondundan transferlər, 1 milyard 590 milyon manatı və ya 10,9 faizi Dövlət Gömrük Komitəsindən daxil olmalar, 374 milyon manat və ya 2,6 faizi isə sair mənbələrdən gələcək.

Məlumat üçün deyək ki, gələn il Dövlət Neft Fondunun büdcə gəlirləri (6 milyard 711,6 milyon manat) 2015-ci illə müqayisədə 3 milyard 534,1 milyon manat və yaxud 34,5 faiz azdır. Fondun 2016-cı ildə büdcə xərcləri isə 8,2 milyard manat təşkil edəcək ki, bu da 2015-ci ilə nisbətən 4 milyard 104,8 milyon manat və yaxud 33,4 faiz azdır.

Fondun xərclərinin 6 milyard manatı və yaxud 73,2 faizi dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 milyard 150,5 milyon manatı və yaxud 26,2 faizi bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənubi Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payı), 49,5 milyon manatı və yaxud 0,6 faizi 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə və 2016-2020-ci illərdə gənc mütəxəssislərin xaricdə təhsili, ali təhsil müəssissələrində təhsilvermə bacarıqlarının təkmilləşdirilməsi və elmi tədqiqatların təşviqi üzrə Dövlət Proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Bu il Dövlət Neft Fondundan büdcəyə ödənişlər də nəzərdə tutulduğundan 25 faiz az olacaq. Maliyyə Nazirliyinin məlumatına görə, 2015-ci ildə Neft Fondundan dövlət büdcəsinə köçürmələr 10.3 milyard nəzərdə tutulsa da, ilin sonunadək yalnız 8,1 milyard manat olacaq.

Azalan və artan xərclər

2016-cı ilin büdcə xərclərinə gəlincə, bu, 2015-ci ilin proqnoz göstəricilərinə nisbətən 22,9 faiz azdır. Büdcə layihəsinə görə, gələn il büdcə xərcləri üzrə proqnozlar 2015-ci ilə nisbətən belə dəyişir:

Ümumi dövlət xərcləri 18,1 faiz artıb;

Elm xərcləri 12,5 faiz azalıb;

Dövlətin daxili və xarici borclarının ödənilməsi ilə bağlı xərclər 61 faiz artıb;

Müdafiə xərcləri 3,3 faiz artıb;

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 7,2 faiz azalıb;

Təhsil xərcləri 0,1 faiz artıb;

Səhiyyə xərcləri 4,2 faiz azalıb;

Sosial müdafiə və sosial təminat xərcləri 7,1 faiz azalıb;

Mədəniyyət, incəsənət və s. xərclər 1,9 dəfə artıb;

Mənzil və kommunal təsərrüfatı xərcləri 6,1 faiz azalıb;

Sənaye və tikinti xərcləri 48,5 faiz azalıb;

Dövlət əsaslı vəsait qoyuluşu 48,7 faiz azalıb;

Digər xərclər 11,2 faiz artıb;

Nəqliyyat və rabitə 10,6 faiz azalıb;,

Iqtisadi fəaliyyətlə bağlı sair xərclər 26,4 faiz azalıb;

Əsas bölməyə aid edilməyən xidmətlər 66,8 faiz azalıb.

Hansı vergilər artırılıb?

2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə büdcə daxil olmaları 6 milyard 602 milyon manat həddində planlaşdırılır ki, bu da 2015-ci ilin büdcə proqnozundan 510 milyon manat və ya 7,2 faiz azdır. Fins.az xəbər verir ki, büdcə layihəsinə görə, gələn il büdcə daxil olmaları üzrə proqnozlar 2015-ci ilə nisbətən belə dəyişir:

Fiziki şəxslərdən gəlir vergisi 2,5% azdır;

Mənfət vergisi 17,6 faiz azdır;

Torpaq vergisi 4,2 faiz artıqdır;

Əlavə Dəyər Vergisi 1,1 faiz azdır;

Aksiz vergiləri 5,7 faiz azdır;

Mədən vergisi 7,6 faiz azdır;

Dövlət rüsumu üzrə daxil olmalar 8,7 faiz azdır;

Sair daxil olmalar 20,2 faiz azdır;

Sadələşdirilmiş vergi üzrə gəlirlər 17,2 faiz artıqdır;

Yol vergisi 40 faiz artıqdır;

Layihədən o da aydın olub ki, 2016-cı il dövlət büdcəsi 1,698 milyard manatlıq kəsirlə icra olunacaq. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlar və 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. 2016-cı ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,9 faiz təşkil edəcək.

Click to enlarge image budce216.jpg

Büdcə ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Azalma yarıbayarıdır

Gələn ilin büdcəsi ilə bağlı məsələyə AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində qısa münasibət bildirib: “Deyirdim də, bu “analoqsuz” inkişafın ciddi fəsadı çıxacaq. Kəmərlərinizi sıxın, gələn il büdcəmiz birdən-birə təqribən 25 faiz – 5 milyard manat azalacaq. Amma bu da əsl həqiqət deyil. Bu 5 milyard manat azalma hələ 34 faiz qiymətdən düşmüş manatladır. 2014-cü ilin manatı ilə hesablasaq, gələnilki büdcəmiz builki ilə müqayisədə yarıbayarı azalacaq. Təsəvvür etdinizmi ki, Avropanı söyə-söyə Oyunlarına milyardları xərcləmiş ölkənin vətəndaşlarını necə bir il gözləyir?”.

Büdcənin bu şəkildə azalmasına tanınmış iqtisadçılar da münasibətlərini açıqlayıblar.

“Neftsiz büdcəmiz təxminən 5 milyard dollardır”

Rövşən Ağayev büdcədə ixtisar edilən maddələrə diqqət çəkib: “2016-cı ilin büdcə xərcləri 2015-ci ilin təsdiqlənən xərclərinə nisbətən 4.9 milyard manat (23.2%) az proqnoz edilir. Əsas ixtisar 2 maddədə edilib.
İnvestisiya xərcləri 3.3 milyard manat az nəzərdə tutulur. 2015 üçün 6.9 milyard təsdiqlənmişdi.
“Əsas bölmələrə aid edilməyən xidmətlər” adlı bir xərc bölməsi vardı. Bu bölmə üzrə xərclər 1.8 milyrd manat azaldılıb və 896 milyon manat proqnoz edidilir. 2015 üçün 2.696 milyard manat təsdiqlnmişdi.
Səhiyyə xərcləri 32.8 milyon manat, sosial müdafiə xərcləri 144 milyn manat azaldılıb. Təhsil xərclərinə demək olar toxunulmayıb.
Ən maraqlısı odur ki, mədəniyyət və idman xərcləri təxminən 2 dəfə artırılıb – 348 milyn manatdan 652 milyon manata çatdırlıb. Yəqin ki, bu beynəlxalq idman yarışlarının təşkili ilə bağlıdır”.

Rövşən Ağayev həmçinin hökumətin qeyri-neft sektorundan nə qədər gəlir toplamağı planlaşdırmasını qabardıb. “Əgər Gömrük Komitəsinin də gələn üçün müəyyən olunmuş təxminən 1.6 milyard manatını büdcənin qeyri-neft gəlirlərinə aid etsək, hökumət 2016-cı ildə qeyri-neft sektorundan təxminən 6.3 milyard manat toplamağı nəzərdə tutur.
Diqqət edin: bu məbləğ ölkənin ayaqda saxlanması üçün ən vacib (vacibdən daha artıq vacib) xərclərin ən yaxşı halda 75%-ni ödəyə bilir. Söhbət dövlət borclarının qaytarılmasından gedir – 1.250 milyard manat ayrılır. Söhbət təhsil (elmlə birgə), səhiyyə və sosial müdafiədən gedir – ümumilikdə 4.5 milyard manat ayrılır. Söhbət ölkənin müdafiəsindən gedir – 1.8 milyard manat ayrılır. Aqrar sektordan gedir – 600 milyon manat ayrılır. Hamısı birlikdə təxminən 8.2 milyard manat.
Hələ məmur aparatının saxlanması, ictimai asayişin qorunması, ən zəruri infrastruktur xərcləri də öz yerində.
Əslində uğrulu hökumət 22 ildə ən azından neftsiz 10 milyard dollar büdcəni formalaşdırmağa nail olamalıydı. Bizdə isə bu 5 milyard dollardan bir az çoxdur”, – deyə o facebook səhifəsində yazıb.

“Artıq xərcləri azaldacaqları vədinə “əməl ediblər”

Başqa bir iqtisadçı, ReAl hərəkatının icra katibi Natiq Cəfərli isə gələn ilin büdcəsində idman və mədəniyyət xərclərinin artması, elmə ayrılan xərcin isə azaldılması faktına diqqət çəkib. “Bu ilin büdcəsinə nisbətən 2016-cı ilin büdcəsində idman və mədəniyyət xərcləri 2,1 dəfə (!!!) artıb, artım 339 milyon manat olmaqla bu yöndə cəmi xərclər 653 milyon manat təşkil edəcək. Belə kəskin artımın ən böyük səbəbi gələn il keçiriləcək, haramıza yaraşdığı bəlli olmayan, Formula-1 yarışmasıdır.

Demişdilər ki, artıq xərcləri azaldacaqlar, buna “əməl ediblər”, elmə ayrılan xərclər 6 faiz azalaraq cəmi 131 milyon manat təşkil edəcək. ABŞ-ın tək Kolumbia Universitetinin elmi-araşdırma xərclərinin büdcəsi ildə 9,23 milyard dollardır. Qərbin babat unversitet fakultəsinin illik büdcəsi bizim ölkənin il ərzində elmə ayırdığı vəsaitdən azı 2-3 dəfə çox olur, bunlar da parlamentdə oturub Qərbi söyürlər”, – deyə o, facebook səhifəsində qeyd edib.