Hikmət Hacızadə: «Hazırkı Rusiya qeyri-adekvat rəhbərliyə sahibdir və bu hakimiyyətlə ölkənin gələcəyi görünmür»
Rusiyanın apardığı aqressiv xarici siyasət kursu beynəlxalq aləmin ciddi təpkisinə səbəb olsa da, Kreml atdığı addımlardan geri durmaq niyyətində görünmür. Rusiya dünya bazarındakı proseslər, neftin qiymətindəki enmə üzündən ciddi maliyyə itkilərinə məruz qalıb. Bundan başqa, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da öz nəticəsini verməkdədir. Ölkə iqtisadiyyatı baş verənlər, dolların təzyiqi üzündən halsız duruma gəlib.
Amma Rusiya bir neçə cəbhədə mübarizəsini davam etdirir. Rusiyanın hazırkı hakimiyyətinin maraqları baxımından birinci yerdə Ukrayna gəlir. Ukraynanı faktiki iki hissəyə bölən Rusiya separatçılara bütün istiqamətlər üzrə yardım edir. Rusiyanın diqqətini çəkən daha bir region Cənubi Qafqazdır. Cənubi Qafqazda Gürcüstanın NATO ilə sıx əməkdaşlıq etməsi, alyansın Gürcüstanda hərbi təlim mərkəzi inşa etməsi Kremli ciddi narahat edən məsələsidir.
Eyni zamanda Ermənistanda baş verən olaylar, Kremldən ciddi narazılıq və Sərkisyan iqtidarına qarşı çıxışlar hər ötən gün daha ciddi vüsət alır. Bu isə Rusiyanın Ermənistanı itirməsi ilə nəticələnə bilər.
Moldova paytaxtında baş verən son etiraz aksiyaları da Kremlin maraqlarına toxunan və Rusiyanın diqqət ayırmalı olduğu prosesdir. Tacikistanda hökumət çevrilişinə cəhd də Rusiyanın bu ölkədəki dayaqlarını silkələyə bilər. Və ən nəhayət Suriyadakı proseslərin gedişi Rusiyanı baş verənlərə birbaşa müdaxilə etməyə vadar edib. Nəticədə rus əsgərləri artıq Suriyadakı hərbi əməliyyatların iştirakçısına çevriliblər.
Bəs bir neçə cəbhədə ağır mübarizəyə Rusiya nə qədər müddət tab gətirə bilər? Bu mübarizənin davamı Rusiya iqtisadiyyatının daha da gücdən salınması deməkdir. Sanksiyalardan sarsılan və iri neft pullarından məhrum olan iqtisadiyyatın ömrü nə qədər sürəcək?
Rusiyanın hazırda yürütdüyü xarici siyasətin böyük yanlış olduğunu deyən politoloq Hikmət Hacızadə bildirdi ki, Hitler və Napoleon da eyni yanlışlara yol vermişdilər və onların da aqibəti məlumdur. H.Hacızadə hesab edir ki, atılan addımlar bir daha sübut edir ki, Kreml proseslərə nəzarəti itirməkdədir: “Rusiya hazırda qeyri-adekvat addımlar atır, qeyri-adekvat siyasət aparır. Rusiya hazırda bütün dünya üzrə aktiv münaqişə ocaqlarında iştirak edir. Bütün bunlar hamısı böyük siyasi səhvdir. Tarix bu cür nümunələri çox görüb”.
H.Hacızadə hesab edir ki, Azərbaycan hökuməti də nəzərə almalıdır ki, Rusiyaya arxalanmaq olmaz. “Hazırkı Rusiya qeyri-adekvat rəhbərliyə sahibdir. Bu hakimiyyətlə Rusiyanın gələcəyi görünmür. Bütün bunları nəzərə almaq lazımdır. Azərbaycan hakimiyyəti Avropanı, Almaniyanı az söysün. Bunun acı nəticələri ola bilər. Azərbaycan da Rusiya hakimiyyətinin yürütdüyü siyasətə arxayın olsa, ölkəmizin axırı pis ola bilər”, deyə H.Hacızadə vurğuladı.
Xəyal