Azərbaycan Avronestdəki fəaliyyətini dayandırdı; Deputatlar Avropa Birliyinə qarşı elə ittihamlar səsləndirdi ki…
Avropa Parlamentinin Azərbaycan hakimiyyətinə sanksiyalarla bağlı qətnaməsi iqtidar düşərgəsində ciddi narahatlıq yaradıb. Hakimiyyət bununla bağlı isterik kampaniyaya başlayıb. Hətta Milli Məclis məsələ ilə bağlı dünən növbədənkənar iclasını keçirib. Spiker Oqtay Əsədov başda olmaqla hökumətyönlü deputatları Avropa strukturlarının kəskin ittihamlar səsləndirib.
Oqtay Əsədovun ürəyi niyə ağrıyır?
Oqtay Əsədov deyib: “Dəhşətli müqayisə yaranıb. 7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağızına çullu dovşan sığmır”.
Spiker iddia edib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: “Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?”
“Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunlar Azərbaycanın beynəlxalq imicini ləkələməyə çalışırlar. Yalandan iddia edirlər ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunlar özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar”. Bu sözləri isə vitse-spiker Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərovun iddiasına görə, Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb: “Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropada artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıblar. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?!”
Vitse-spiker Avropa Parlamentinin rəhbəri Martin Şultsu korrupsiyada ittiham edib. O, həmçinin qeyd edib ki, Şultsun Azərbaycanda nöqsan axtarmağa haqqı yoxdur. Ziyafət Əsgərov Misirdə, Liviyada, Suriyada və Əfqanıstanda baş verənlərdə Avropanı günahkar çıxarıb: “Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. Minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir?! Burada da milli satqınlar Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu, mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var”.
Deputat Avropanı soyqırımda ittiham etdi
Deputat Azay Quliyev deyib ki, Avropa Parlamentinin qətnaməsində absurd iddialar çoxdur. Bu baxımdan sənəd ciddiyə alınmamalıdır: “Azərbaycanın milli maraqlarına xidmət edən siyasətini öz siyasətləri ilə əvəz etmək istəyirlər. Bizim Avropa İttifaqı ilə münasibətlərimiz şəffaf şəkildədir. Biz Avronestlə də əməkdaşlıq etdik. Amma onlar müqabilində bizə riyakarlıq, ikiüzlülük göstərdilər. Avropa İttifaqının yükəsk çinli rəsmilərinin səfəri təxirə salınıb. Bu siyasət davam etməlidir”.
Deputat Asim Mollazadə isə iddia edib ki, bu qətnamə informasiya müharibəsinin bir hissəsidir: “Avropanın tanınmış siyasətçilərinin işğal olunmuş torpaqlara səfərləri başladı. Avropa Parlamentinin Dağlıq Qarabağa gedən deputatlarına 50 mindən səkkiz minə qədər avro verilir. Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərin çoxu özlərini demokratiyanın carçısı adlandırır, hansı ki onlar demokratiya olmayan ölkələrlə bağlı sanksiyaların qaldırılmasının tərəfdarıdırlar və bunu tələb edirlər. Avropa Parlamentinin qarşısında öz etirazlarımızı bildirməliyik. Biz müstəqil dövlət kimi böyük qardaşlara artıq yox demişik. İndi bizə ikinci böyük qardaş lazım deyil”.
Deputat Fəttah Heydərov da qətnamədən narahat olmağı qəbul etməyib: “Çünki Azərbaycan prezidenti çox doğru siyasət yürüdür. Bu sənəddən çəkinmək qorxmaq lazım deyil, sadəcə ona qətiyyətlə cavab vermək lazımdır”.
Deputat Yevda Abramova isə Avropanı hədələyib: “Avropanın nazıyla həddən çox oynayırıq. Düşməni öz evində boğmaq lazımdır. Haqqımızda təsəvvürü olmayan insanlar danışırlar. Xəritədə bizim yerimizi bilmirlər heç. Avropanın bərk gedən deputatlarından biri mənə dedi ki, 2003-cü ildə biz sizin prezidentə şans verdik ki, prezident seçilsin. Çünki biz elə bilirdik ki, minumum beş ay , maksimum 11 aya ölkəni idarə edə bilməyəcək. Amma biz bədbəxtlər hardan başa düşərdik ki, ölkəni bu cür yüksək səviyyədə idarə edər. Bizim Avropadan öyrənməli bir şeyimiz yoxdur. Həmin Avropadır ki, ikinci dünya müharibəsində 6 milyon yəhudini məhv etdi”.
Avropa Parlamentinin qətnaməsinə qarşı Milli Məclisin qərarı
Çıxışların yekunu olaraq “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənəd qəbul olunub. Qərar layihəsini parlamentin sədr müavini, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov oxuyub. Sənəddə iddia olunur ki, Avropa Parlamentinin məlum qətnaməsi qurumun Azərbaycana qarşı son dərəcə qərəzli olduğunu göstərir: “Azərbaycana şər atılır, nüfuzuna xələl gətirilməsinə və Azərbaycanın təcrid olunmasına cəhd olunur. Ötən ilin sentyabrından bu qurum yeni tərkibdə fəaliyyətə başladığı vaxtdan Azərbaycanla qurum arasında hər hansı dialoqun baş tutması bu təşkilatın bəzi üzvlərinin, o cümlədən sədrinin günahı ucbatından mümkün olmayıb. Avropa Parlamentinin deputatlarının, sədrinin Azərbaycana səfərinə təşkilat tərəfindən qeyri-rəsmi qadağa qoyulub”.
Qərarda bildirilir ki, qətnamədə siyasi məhbusların azad olunması ilə bağlı tələblər heç bir hüquqi əsas doğurmur. Milli Məclis bunu Azərbaycan məhkəmələrinin işinə müdaxilə sayır. Sənəddə iddia olunur ki, Avropa Parlamentinin rəhbəri Martin Şults “ələbaxan qrupların” fəaliyyətinə göz yumur: “İndi Avropada davam edən mühacir problemi, irqçilik və ksenofobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsi bir müddət əvvəl Çıraqovlarla bağlı qərar qəbul etsə də, hələ də bu qərar icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək. Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
– Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulsun;
– Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;
– Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;
– Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun”.
Daha sonra qərar səsə qoyularaq qəbul olunub.