Avropa Parlamentinin Azərbaycan hakimiyyətinə qarşı qəbul etdiyi qətnamə və ATƏT-in ölkədə qarşıdan gələn parlament seçkilərini müşahidə etməkdən imtinası ilə bağlı Milli Şura bəyanat verib. Bəyanatda deyilir:
Avropa Parlamenti sentyabrın 10-da Azərbaycandakı siyasi vəziyyəti və seçkiqabağı mühiti real əks etdirən, bu vəziyyətə görə Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara çağırışın yer aldığı qətnamə qəbul edib.
Qətnamədə göstərilir ki, Azərbaycanda həqiq seçki üçün heç bir şərait yoxdur, qarşıdan gələn parlament seçkilərinin saxtalaşdırılacağı bəri başdan bəllidir və buna görə də Avropa strukturları bu seçkilərin müşahidəçiliyindən imtina etməlidirlər. Sənəddə həmçinin, Azərbaycan hökumətindən repressiya siyasətindən əl çəkmək, bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etmək, müstəqil və ədalətli məhkəmə sistemi yaratmaq tələb olunur. Eyni zamanda Avropa Birliyinin müvafiq strukturları qarşısında məsələ qaldırılır ki, Azərbaycanın hakim ailəsinə qarşı korrupsiya ittihamları AB səviyyəsində araşdırılsın, ölkədə insan haqlarını pozan məmurlara sanksiyaların tətbiqi nəzərdən keçirilisin.
Milli Şura Avropa Parlamentinin qətnaməsindəki bu müddəaların hər birini müdafiə edir və bildirir ki, sənəd Azərbaycan gerçəklərini özündə tam əks etdirməklə xalqımızın maraqlarına cavab verir. Bu sənəddə irəli sürülən tələblər əslində Azərbaycan xalqının da tələbləridir və hakimiyyət buna görə Avropa Birliyinə qarşı yersiz, ölkənin nüfuzuna xələl gətirən ittihamları dayandırıb, vəziyyəti dəyişmək üçün islahatlara başlamalıdır.
Azərbaycanın demokratik qüvvələri uzun illərdir ki, hakimiyyəti yürütdüyü avtoritar siyasətin sonda acınacaqlı nəticələrə gətirib çıxaracağı haqda xəbərdar edir, onu xalqla və mütərəqqi dünya ilə qarşıdurmadan əl çəkməyə çağırırdı. Beynəlxalq birlik də xeyli vaxtdır Azərbaycan hakimiyyətinə israrla izah etməyə çalışırdı ki, tutduğu anti-demokratik yolun sonu yoxdur, bu siyasət axırda onun özü üçün də ağır nəticələrə gətirib çıxaracaq.
Lakin Azərbaycan hakimiyyəti bu çağırış və xəbərdarlıqlara məhəl qoymadan ölkədə tam bir diktatura yaratmaq yoluna davam etdi. Nəhayət, beynəlxalq birliyin səbr kasası daşdı və İlham Əliyev rejimi Avropa Birliyinin konkret sanksiyalara çağıran qətnaməsi ilə üzləşdi. Biz yenə də xəbərdar etməyi lazım bilirik ki, hakimiyyət indiki siyasətindən dərhal imtina etməsə, bu qətnamə son olmaya, Qərbin rejimə yönəlik ünvanlı tədbirləri genişlənə bilər.
Əslində, Avropa Parlamentinin qəbul etdiyi qətnamədən dərhal sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin müşahidəçiliyindən imtina etməsi də demokratik dünya ilə qarşıdurma yolundan çəkilməyən İlham Əliyev hökuməti üçün cəzanın mümkün miqyasını göstərir. ATƏT DTİHB-i bu addımı atmağa, onun da bəyan etdiyi kimi, Azərbaycan hakimiyyətinin pis niyyətli, məhdudlaşdırıcı tələblə qurumun effektiv müşahidəçiliyinə imkan verməməsi vadar etdi.
Milli Şura ATƏT DTİHB-in müşahidəçilikdən imtina qərarını anlayışla qarşılayır və Azərbaycan hakimiyyətinin bu seçkiləri əvvəlkilərdən də artıq şəkildə saxtalaşdırmağa hazırlaşdığını, eləcə də ölkə müxalifətinin, beynəlxaql təşkilatların seçki islahatlarına dair təklif və tövsiyələrinə saymazyana münasibətini nəzərə alaraq təqdir edir. Azərbaycan hakimiyyətinə nəhayət başa salınmalı idi ki, demokratik dünyaya qarşı belə saymazyana münasibətin, üzərinə götürdüyü öhdəlikləri məsuliyyətsizcəsinə pozmağın bir bədəli var.
Çox təəssüf ki, Azərbaycan iqtidarı yenə də Avropa Birliyi və ATƏT-in verdiyi siqnalları düzgün qiymətləndirmir və sanki özünün isterik reaksiyaları ilə vəziyyətdən çıxa biləcəyini düşünür. Hakimiyyət Avropa Birliyinin qətnaməsinə isterik və gülünc reaksiyalar verməkdəsə, demokratik islahatlara başlamaqla bağlı xalqın və beynəlxalq birliyin irəli sürdüyü tələbləri yerinə yetirmək barədə düşünməlidir. Anlamalıdır ki, bunun əksi özünü daha da çıxılmaz dalana salmaqdır. Hakimiyyət beynəlxalq birliyin belə sərtləşən münasibəti fonunda təcili islahatlara başlamasa, təkcə xalqı gərəksiz yerə incitmiş olmayacaq, həm də özünün siyasi aqibətini ciddi şəkildə ağırlaşdıracaq.
Milli Şura İlham Əliyev hökumətini bir daha xalqla və beynəlxalq birliklə qarşıdurmanı dərinləşdirməkdən çəkinməyə çağırır. Milli Şura tələb edir ki, yaranmış vəziyyətdən ən düzgün çıxış yolu kimi qarşıdan gələn parlament seçkiləri təxirə salınsın, siyasi məhbuslar azad edilsin, ölkədə demokratik açılım üçün başqa ilkin addımlar atılsın, Seçki Məcəlləsi dəyişdirilsin, seçki komissiyaları müxalifətin də iştirakı ilə yenidən təşkil olunsun, bundan sonra real yarış və rəqabət mühüti yaradılmış seçkilərə gedilsin.