
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dünən Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi tənqidi xarakterli son qətnaməsi ilə bağlı keçirilən tədbirdə Azərbaycanın xaricdəki diplomatlarını tənqid edib.
Trend-in məlumatına görə, baş nazirin müavini bəyan edib ki, Azərbaycanın Xarici Işlər Nazirliyi bununla bağlı təcili tədbirlər görməli, Avropa Birliyi ölkələrindəki səfirlərindən hesab sormalı, diplomatik korpus barəsində ciddi tədbir görülməlidir: “Avropa Parlamentində Almaniyanın 86 deputatından 46 deputatı, Avstriyanın 17 deputatından 12-i, Danimarkanın 13 deputatından 8-i, Estoniyanın 5 deputatından 4-ü, Finlandiyanın 10 deputatından 8-i, Ispaniyanın 47 deputatından 34-ü, Isveçin 17 deputatından 14-ü, Portuqaliyanın 19 deputatından 15-i, Irlandiya, Ispaniya, Italiya deputatlarının əksəriyyəti əleyhimizə səs verib. Bü ölkələrdəki səfirlərimiz nə edir, nə işlə məşğuldurlar?”.
Baş nazirin müavini deyib ki, hansı ölkələrdə ki, iş görülüb, o ölkələrin Avropa Parlamentindəki deputatları ölkəmizi daha çox dəstəkləyiblər. “Ancaq digərlərinə gəlincə, səfirlərimiz illərlə orada oturub, nə iş görürlər? Bəzisi biznes qurur, bəzisi xəyanət edir! Meksikada 200-300 erməni yoxdur, o ermənilərdən biri Meksikanın ABŞ-dakı səfiridir. Amma düşmən də olsalar, iş görürlər. Bəs biz nə edirik? Biz isə yatırıq, şəxsi işlərlə, xəyanətlə məşğuluq. Diplomatik korpuslarla bağlı ciddi iş görülməlidir. Bu, bir vətəndaş, hakim partiyanın sədr müavini, baş nazirin müavini kimi mənim də səlahiyyətimə aiddir”,- deyə baş nazirin müavini əlavə edib.



