Anti-xalq hakimiyyəti necə olur?

ilham muhavireBütün dünyada kəskin ucuzlaşma, Azərbaycanda kəskin bahalaşma baş verir

Ərzaqların dünya qiymətləri 2015-ci ilin avqustunda 5,2% ucuzlaşıb, bu isə 2008-ci ilin dekabr ayından etibarən ən güclü ucuzlaşmadır. Bu barədə BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının press-relizində bildirilib. Məlumatda bildirilir ki, əsasən dənlilərin qiymət indeksi 7 faiz azalıb. Bitki yağı 8,6 faiz, süd məhsulları 9,1 faiz ucuzlaşıb. Ən çox ucuzlaşan isə şəkər olub .2014-15 mövsümünün nəticələrinə görə, bütün növ dənli bitkilərin ehtiyatları artıb. Belə ki, onların ümumi həcmi 44 milyon ton artıb. Buğda ehtiyatı 14 milyon ton, yem taxılı 33 milyon artıb. Yalnız düyü ehtiyatları bir qədər azalıb. Ümumiyyətlə, 2008-ci ilin dekabr ayından bəri ən güclü ucuzlaşma baş verir.

Bəli, bütün dünyada kəskin ucuzlaşma baş versə də “analoqsuz inkişaf edən” Azərbaycanda bütün məhsulların qiyməti artır. Əksər məhsullar idxal qiymətindən 10-15 dəfə baha satılır.  Azərbaycanda satılan məhsullların həddindən artıq baha olması haqqında kifayət qədər faktlar olsa da hakimiyyət düşmənçilik siyasətini davam etdirir.

Əvəlcə bu düşmənçilik devalvasiya zamanı üzə çıxdı. Ölkə vətəndaşına 2.2 milyard zərər dəydi və hökumətin sifarişi əsasında çıxarılan qərar vətəndaşın zərərinə işlədi. Ardınca ölkə vətəndaşının ən ağır problemi olan kredit borcları yenidən gündəmə gəldi, problemli kreditlərin həcmi artdı, məlum oldu ki, 2.6 milyon vətəndaş kredit borcu ödəyir. Və yüksək faizli kredit borclarını ödəyə bilməyən adamlar çıxış yolu kimi intiharı seçdi. Bu qədər faciələrin yaşanmasına baxmayaraq, məmurlara məxsus olan banklar kredit faizlərini aşağı salmadı. Daha sonra benzinin qiymətinin endirilməsi məsələsi müzakirə olundu. Yenə də məlum oldu ki, SOCAR Gürcüstan, Ukrayna və Isveçrədə benzinin qiymətinin ucuzlaşdırıb. Azərbaycanda isə bu baş vermədi və vətəndaşa mövcud qiymətlərə görə minnət qoyuldu. Bu azmış kimi mineral suların qiymətində artım baş verdi. Göründüyü kimi bütün dünyada kəskin ucuzlaşma, Azərbaycanda isə kəskin bahalaşma hökm sürür.

Sadə vətəndaşın gündəlik tələbatı olan kartof, soğan, ət məhsulları, meyvə-tərəvəz “od qiymətinə”di.  Bütün bunları ona görə xatırladırıq ki, Azərbaycandakı qiymət artımlarının iqtisadi əsasları olmadığını göstərək.

Sadəcə olaraq hakimiyyətin daha çox qazanmaq ehtirası, məmurların biznes maraqları millətin rifahından öndə gəlir.

Indi siz cavab verin. Anti-xalqa hakimiyyəti necə olur? Öz vətəndaşı ilə qul kimi rəftar edən, ailələri aclıqla sınağa çəkən, dünyanın hər yerində milyonluq layihələr həyata keçirdiyi halda, vətəndaşın qəpik-quruşuna göz dikən hakimiyyətə nə ad vermək olar? Bu hakimiyyətin hansı addımı, qəbul etdiyi hansı qərar xalqın maraqlarına xidmət edib?

Bir daha təsdiq olunur ki, bu hakimiyyət dövlətə gəlir gətirən obyekt, vətəndaşa qul kimi baxır. Bütün vasitələrlə vətəndaşın məhdud büdcəsini soymaq istəyirlər. Bir qrup insan milyonların ağır taleyi üzərində xoşbəxtlik qurur.

Samir