“Vətənpərvərlik” üfunətinin qoxusu bütün ölkəni bürüyəcək”

cemilhesenliCəmil Həsənli hakimiyyətin anti-Avropa isterikasından yazdı

“Avropa Parlamentinin qətnaməsi əslində, Azərbaycan xalqının öz haqqına və hüququna sahib çıxmasına hədəflənib”

Milli Şuranın sədri Cəmil Həsənli hakimiyyətin Avropa Birliyi və ATƏT əleyhinə başlatdığı yeni kampaniya barədə yazıb. Onun facebook səhifəsində paylaşdığı yazısını təqdim edirik:

“Dostlar! Dünyanın ən qəribə işləri bizdə baş verir. Dünən Bakıda Avropaya qarşı hakimiyyətin təşkil etdiyi etiraz aksiyası (əgər buna aksiya demək olarsa) Rusiya bayrağı altında keçirilib. Bu nəinki bizdə, cəmi dünyada izahını vermək çətin olan yeni bir hadisədir. Kişilər bir aksiya ilə nəinki qos-qoca Avropa demokratiyasının əleyhinə olduqlarını, bununla yanaşı Rusiyanın yanında olduqlarını da nümayiş etdirdilər.

Avropa Parlamentinin məlum qətnaməsini pisləmək üçün gah Brüsselin erməni lobbisinin təsiri altına düşdüyünü uydurur, gah da qurumu islamafobiyida ittiham edirlər. Hər ikisi köhnə, artıq ifşa olunmuş, heç bir siyasi tənqidə dözümü olmayan ittihamdır. Azərbaycan rəsmiləri üçün öz bacarıqsızlıqlarını erməni lobbisinin əməlləri ilə izah etmək artıq adət halını alıb. İndi artıq cəmiyyətdə belə mənasız nağıllara inanan yoxdur. İslamafobiya məsələsinə gəldikdə isə yalnız son bir neçə ayda Avropa Birliyinə daxil olan ölkələr bir milyona yaxın islam imanlı insanları qəbul edib, onları yer-yurdla təmin ediblər. Buna sözünüz nə?

Sabah yəqin ki, Milli Məclisin növbədənkənar iclasında bunlar barədə sicilləmə nitqlər irad olunacaq. Vəkillərimiz hakimiyyətə gərəkli olduqlarını nümayiş etdirmək üçün hansı cəfəngiyyatlar uydurmayacaqlar?! Artıq bir neçə gündür Azərbaycan televiziya və KİV-lərində, siyasi dairələrin çıxışlarında bütün bəlaların baiskarı kimi Qərbin ittiham edilməsi kimi saxta tezislər yenidən gündəliyə gətirilib. Misirdə, Liviyada, Suriyada, Ukraynada baş verənlərin günahı bilavasitə Qərbin bu ölkələrin daxili işlərinə müdaxiləsi ilə izah edilir. 30-40 il hakimiyyətdə oturub şəxsi diktatura rejimləri yaratmış Mübarəkin, Qəddafinin, Yaxın Şərqin ən gənc avtoritarı kimi Suriyanı dədə mülki kimi atasından almış Bəşər Əsədin, ölkəsini Rusiyanın əlavəsinə çevirmiş Yanukoviçin əməllərinə bəraət qazandırılır. Avropa Parlamentinin Azərbaycan hakimiyyətinin qanunsuz əməlləri ilə bağlı qəbul edilmiş qətnaməsinin istiqamətini xalqa və millətə qarşı yönəltməyə cəhdlər edilir. Halbuki, bu qətnamənin bircə hədəfi var: o da Azərbaycan hakimiyyətidir. Öz vətəndaşına savaş açan, onu addımbaşı aşağılayan, millətin seçki hüququnu mənimsəyən, ölkə əhalisini monopoliya və korrupsiyanın kəməndinə salan Azərbaycan hakimiyyəti. Daha demirlər ki, bir ölkənin ki, parlamentində Avropa siyasətini keçmiş klub müdiri Elxan Süleymanov, seçki siyasətinin karusel dəstəsini mal naxırı kimi məntəqə-məntəqə dolandıran Siyavuş Novruzov müəyyən edirsə, Avropa Parlamenti bu hakimiyyət haqqında hansı qərarı qəbul etməlidir?

Əslində, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə gözlənilən idi və orada insan haqları, seçki məsələləri, korrupsiya faktları və digər məsələlərlə bağlı irəli sürülən tələb və tövsiyələr sadə azərbaycanlıların istək və arzuları ilə üst-üstə düşür. Qətnamədə sadə Azərbaycan vətəndaşına qarşı hər hansı sanksiya tətbiq etməkdən söhbət getmir. Kimləri bu sanksiyalar gözləyir? Xalqın malını, yeyib günün qara edənləri, monopoliya yaradıb bu millətin cibinə süpürgə çəkənləri, gənclərin, günahsız insanların cibinə narkotika atıb onlara saxta suç düzəldən polisi, prokuroru, bu saxta suça qanuni don geyindirən hakimləri, müəllimə, həkimə, məmura normal əmək haqqı əvəzinə dilənçi payı verənləri, bu millətin islam imanına haram qatanları, səksəndən çox namuslu vətəndaşı siyasi mülahizələrlə həbs edənləri, millətdən oğurladıqları ilə Avropada mal-mülk alanları, günün oralarda keçirməyə adət edən harınları…

Sadə vətəndaşın bu qətnamələrdən qorxması, ehtiyat etməsi üçün heç bir səbəb yoxdur. Əslinə qalsa bu sənəd Azərbaycan xalqının öz haqqına və hüququna sahib çıxmasına hədəflənib. İndi görün başqasının yerində oturduqları Avropa məhkəməsinin qərarı ilə təsbit olunmuş “vəkillərimiz” sabah Məclisi Millimizdə nə həşir qaldıracaqlar. “Vətənpərvərlik” üfunətinin qoxusu bütün ölkəni, “milətpərəstlik” cıdırının tozu bütün məmləkəti bürüyəcək.