Azərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı sentyabrın 13-də növbəti verilişini efirə verib.
Verilişin mətnlə xülasəsini və videoyazısını təqdim edirik (Videoyazı xülasədən sonra).
Verilişin aparıcısı “Azərbaycan saatı”nın müəllifi Qənimət Zahiddir.
***
Bəri başdan onu deyim ki, Azərbaycan Saatına müraciət edən vətəndaşlarımızın heç birinin probleminə soyuq yanaşmırıq. Sadəcə olaraq, bizim vaxt məhdudiyyətimiz var və şikayətlərin növbəliliyi qaydasında hər kəsin problemindən bəhs edirik və ya buna çalışırıq.
Bu şikayətlərin hamısı sosial problemlərdəndir. Yüzlərlə insanın problemi! Və biə müraciət etmək imkanı olmayan minlərlə başqaları. Bu elementar problemlərin fonunda “Azərbaycan inkişaf edir” deyə bilmirik. Qoy bunu başqaları özlərinə sığışdırsınlar, biz bu yalanı söyləyə bilmərik!
Yalanlar isə bitib-tükənmir! “Qarabağı azad edəcəyik”dən tutmuş, regionların sosial iqtisadi inkişafı dövlət proqramının uğurla həyata keçirilməsinə qədər hər şey! Zaqatalanın 10 min əhalisi olan Muxax kəndində isə insanlar içməyə su tapmırlar…
Amma bu həftənin xəbər ağırlığı, daha çox siyasidir. Və daş kimi bir xəbər. Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyini ilk dəfə rəsmən qətnamə halında qəbul etdi….
Sanksiyanın nə demək olduğunu İranlılardan və ruslardan soruşun. Səməd Seyidovun təbirincə desək, Azərbaycanı sendviç kimi əzən iki qonşu ölkənin əhalisindən. Azərbaycana, hələlik, iqtisadi sanksiyalar tətbiq edilmir. Ölkədə repressiyaların həyata keçirilməsində və insan haqlarının pozulmusunda xüsusi canfəşanlıq edən dövlət məmurlarına qarşı adbaad sanksiyaların tətbiq edilməsindən gedir. Bu cür adamların Avropa Birliyi ərazisinə gediş-gəlişinə, onların Avropa zonasında ehtimal edilən biznes- maliyyə fəaliyyətlərinə, mülk və əmlakları üzərinə sanksiya tətbiq ediləcəyi gözlənilir. Bu xəbəri Azərbaycan Saatında mən sizə düz doqquz ay bundan əvvəl söylədim. O zamanlar bu xəbərin dəqiq olmadığını, dezinformasiya olduöunu söyləyənlər vardı. Amma biz əlimizdə olan ciddi informasiyanı sizə təqdim etmişdik. Demişdik ki, hətta ilkin təsəvvür edilən siyahı da hazırdır. Bilirsiniz, bu cür aktlar haqqında xəbərlər, bir qədər əvvəl, daha çox preventiv məqsədlə sızdırılır…
Ona görə sızdırılır ki, bəlkə, avtoritar hökumətlər sanksiyalara gətirib çıxara biləcək tendednsiyanı dayandırmaq haqqında fikirləşsinlər. Amma 9 ay öncəki xəbərləri Azərbaycan hakimiyyəti qulaq ardına vurdu. Axı, İlham Əliyevdə belə bir psixoloji ovqat yaranıb ki, dünya ondan qorxur, əgər Avropa onun xətrinə dəysə lampaya tökməyə neft, sobanı qızdırmağa qaz tapa bilməz. Buna görə də, ilin əvvəlindən repressiyaları daha da şiddətləndirməyə başladı. Hərçənd, o zaman mən qəti olaraq demişdim ki, hökumətin gözlənilən sanksiyalar haqqında məlumatı var. Təəssüf ki, diktaturanın mahiyyəti budur.
Avropa Parlamenti isə dövlət məmurlarına sanksiyalardan əlavə, şəxsən İlham Əliyevin korrupsiya əməliyyatlarının araşdırılması haqqında qərarın müzakirəsinə başlayır. Qərbdə belə düşünürlər ki, bir halda ki, bu korrupsiyanı araşdıran jurnalist Xədicə İsmayıla İlham Əliyev 7 il yarım iş verib həbsxanaya göndərib, o halda həmin işi davam etdirmək lazımdır.
Az sonra sizə bu istiqamətdə atılan addımlardan, həm də Avroparlamentin qərarını gözləmədən atılan addımlardan birini təqdim edəcəyəm. Yəqin bilirsiniz ki, və əgər bilməyənlər varsa, onlar da Azərbaycan Saatı vasitəsilə biləcəklər ki, Fransanın dövlət televiziya kanalı olan “France 2” İlham Əliyev rejiminin mahiyyətini araşdıran xüsusi bir araşdırma hazırladı, bu araşdırmada Fransa prezidenti Fransua Olland da diktatorla əlaqələrinə görə sərt şəkildə tənqid edildi…
Tənqid və ifşa isə o qədər sərt oldu ki, İlham Əliyev həmin kanalı məhkəməyə verməyə hazırlaşır, bunun üçün Fransada vəkil də tutublar. Məhkəmənin araşdırma predmeti isə bu olacaq ki, Fransız telejurnalistlər İlham Əliyev diktator adlandırıblar. Sizi əmin edirəm: əgər həqiqətən də, France 2 telekanalını bu məsələyə görə məhkəməyə çəksələr, Fransız məhkəməsi İlham Əliyevin diktator olduğu barədə hökm çıxaracaq. Bunun üçün bütün əlamətlər və reallıqlar o qədər aşkardır ki, onları Azərbaycandan başqa dünyanın bütün məhkəmələri təsdiq etməlidir.
Avropa Parlamentinin son qətnaməsi bu prosesi hədsiz dərəcədə asanlaşdırır. Qətnamədə İlham Əliyevin Azərbaycanda yaratdığı diktatura rejiminin ölkə vətəndaşları üzərində apardığı qanunsuz eksperimentlərin az qala hamısı bənd- bənd qeyd edilib. Bu qətnamənin bütün mətnini burada xatırlada bilməyəcəyimə görə üzr istəyirəm. Onu ölkə mətbuatından oxuyub tanış ola bilərsiniz. Qətnamənin tam mətni Azadlıq qəzetinin saytında yerləşdirilib. Ümumiyyətlə isə, Azərbaycan Saatının bütün izləyicilərinə xüsusi olaraq müraciət edirəm. Əgər ölkədə nələrin baş verdiyini bilmək və bundan çıxış yollarını öyrənmək istəyirsizsə, mütləq hər gün Azadlıq qəzetini oxuyun. Onu köşklərdən də ala bilərsiz, abunə olmağın yollarını da öyrənə bilərsiniz, əgər bunlar etmək imkanınız yoxdursa, hər gün mütləq bu qəzetin saytına baş çəkməyi unutmayın.
Hələ yanvar ayında bildirmişdik ki, Azərbaycanda bir sıra məhkəmə hakimlərinə və hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı adlı sanksiyalar tətbiq ediləcək. Hökumət indiki sanksiyalar barədə rəsmi qətnaməni özünəməxsus şəkildə qarşılayır. Yəni, guya ki, vecimizə də deyil. Daha xoşbəxt məmurlar isə hətta bir qədər qabağa gedib Avropanı hədələyirlər və deyirlər ki, “bu sanksiyalardan biz yox, avropalılar özləri ziyan görəcəklər”. 9 milyonluq əhalisinin yarısı başqa ölkələrə qaçıb dağılan Azərbaycan hökuməti 500 milyon əhalisi olan Avropa Birliyini hədə-qorxu gəlir. Çox cəsarətli mövqedir, elə deyilmi? Üstəlik, bu cür məktəblərlə o cür barmaq silkələmək lap yerinə düşür. Axı, Rusiya sanksiyaları belə qarşılamışdı. Orda da Avropaya qarşı gülməli sanksiyalar tətbiq etdilər. Məsələn, Ölkə əhalisi acından qırılır, rəsmən etiraf edilən rəqəmə görə 27 milyon adam yoxsulluq həddindən aşağıda yaşayır, amma Putin göstəriş verdi ki, ölkəyə gətirilmiş Avropa mənşəli ərzaq məhsulları ekskovatorların tırtılları arasına salıb darmadağın etsinlər…
Ekskovatorlar çəkilib gedəndən sonra isə ac əhali əzizlb zay olmuş məhsullardan ələ gələnləri seçmək üçün hücum etmişdi… Bizim hökumətə gəldikdə isə Daxili ictimai rəy üçün belə münasibət göstərmək təbiidir, diktatura şaxını sındırmağı heç xoşlamaz. Amma əmin olun ki, hakimiyyət dəhlizlərində əməlli-başlı psixoloji gərginlik havası hökm sürür. Bu dəhlizlərdən kənarda, Azərbaycanın diplomatik korpusunda isə yeraltı təkanlara bənzər proseslər baş verməkdədir. Diplomatlar, xüsusilə də, Avropa ölkələrindəki diplomatlar bir-bir aradan çıxmaqdadırlar. Vəzifəsindən istefa verənlərin, xarici ölkələrdə siyasi sığınacaq almaq üçün müraciət edənlərin sayı çoxalır.
Özünü israrla sivilizasiyalı dünyadan təcrid etmək xəttini tutan gənc və perspektivli, bir neçə xarici dil bilən siyasətçi kimi təqdimatları arxada qoyan İlham Əliyev isə tədricən üzü cəngəlliklərə tərəf getməkdədir…
Dünyanın perspektivsiz diktaturalarının klubuna doğru. İndi hələ isti-isti sanksiyaları öz üzərində hiss tməyib. Amma bir müddət sonra bu sanksiyalar maliyyə sanksiyalarına çevrilib ilk növbədə Əliyevlərin Avropadakı şirkətlərinin üzərinə daş kimi düşəndə bu hissiyat oyanacaq. Hələ siyasi ağırlıqlı sanksiyalara doğru gedirik. Məsələn, Artıq ATƏT-in qərarı var ki, onlar Azərbaycandakı seçki prosesini müşahidə etmək çün gəlməyəcəklər…Bu, bilirsinizmi, nə deməkdir? İlk növbədə, o deməkdir ki, sanksiyalar işə düşdü. Axı, Avropa Parlamentinin bayaqdan haqqında danışdığım qətnaməsində bu barədə bənd vardı. Bu bənd üzrə sanksiyalar başladı….Növbəti mərəhələdə, bir qədər əvvəl dediyim ki, siyahı dəqiqləşdiriəcək və adlı sanksiyalar tətbiq ediləcək. Daha sonra isə genişləndiriləcək……Yadınızda saxlayın ki, bir ölkəni hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməyə başlayırsa bu proses getdikcə genişlənərək davam etdirilir…..Məqsəd birdir: sanksiyaları zəruri edən amillərin aradan qaldırılacağı zamana qədər onlar dayandırılmır! Sonra ssenari belə olur….Sanksiya altına düşən ölkənin avtoritar rəhbərliyi aqressivləşir və başqa səhvlər etməyə başlayır. Bu səhvlər artdıqca sanksiyalar sərtləşir və dərinləşdirilir. Bu, həm də bilirsinizmi, nə deməkdir: Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün haqlı mübarizəsində potensial və gerçək müttəfiqlərindən məhrum olur, düşmənlərin əlinə fürsət düşür. Əmin ola bilərsiniz ki, İlham Əliyevin apardığı siyasət Qarabağı hər gün bir neçə addım daha uzaqlaşdırır. Yekə-yekə danışıb mənasız hərbi təlimlər keçirməklə camaatın ğözünə kül üfürmək lazım deyil. Müharibə yalnız hərbi güclə və hərbi məharətlə aparılmır, diplomatik siyasi müttəfiqlər olmadan dünyanın ən iri dövlətləri müharibəyə girişmirlər. İlham Əliyev Azərbaycanı Qarabağın geri alınması üçün diplomatik- iyasi müttəfiqlərdən məhrum etdi. Qaldı Zakir Həsənovun çəkdirdiyi şəkillər və bu şəkillərlə isə müharibəyə başlamaq mümkün deyil.
(davamına videoda baxın)
https://www.youtube.com/watch?v=SejfUZKzImA
“Azərbaycan saatı” proqramının verilişləri şənbə və bazar günləri Türkiyənin Can Erzincan kanalında saat 20.00-dan 21.00-dək, Kanal24 kanalında isə saat 21.00-dan 22.00-dək yayımlanır.



