Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Azərbaycanda yəqin ki, ən sürtülmüş, saqqız kimi çeynənib çürüdülmüş, gözdən salınmış söz “ziyalı” – aydın sözüdür. Bu sözü az qala şabaş kimi sağa-sola səpirik, kimə gəldi onun adının qarşısına yamayırıq. Hesablasan, hətta ölkədə ümumiyyətlə, ziyalı olmayan adam yoxdur.
Hətta şübhələnirsən ki, bizdə göydən qar-yağış yerinə də ziyalı yağır, yerdən köbələk əvəzinə də ancaq ziyalı çıxır.
Heç kim də soruşmur: bunca ziyalısı – aydını olan ölkə niyə bu vəziyyətdədir, niyə xalq çağdışı, anti-demokratik idarəetmənin girovuna çevrilib, niyə dəyərlər sürətlə dəyərsizliklərlə əvəzlənir, niyə hər tərəf pislik saçır, hər yan üfunət hər mənada qoxuyur?
***
Bu sətirlərin müəllifinin əsla “Kimdir ziyalı?” kimi artıq xeyli dərəcədə mənasız, şablon, ürəkbulandıran görünən sual ətrafında çənə yormaq fikri yoxdur. Əslində heç uzun-uzadı çərənçiliyə ehtiyac da qalmır. Sözün özündən də bəllidir: aydın – aydınladandır. Aydın işıqdan yanadır. Aydın qaranlığa qarşıdır.
Aydın hesab etdiyimiz birinin düşüncələri və əməlləri zülmətə xidmət etməməlidir.
Indi isə gəlin bir anlığa düşünək: bu ölkədə “aydın” adlandırdığımız, “ziyalı” sanıb məclislərin başında oturduğumuz, şəninə tostlar söylədiklərimizin mütləq çoxluğu əksində kimlərdir? Onlar bu statusu hansı işlərinə, fəaliyyətlərinə, keyfiyyətlərinə görə “qazanıblar?”
Biz üç-beş ortabab şeirinə, bir-iki alababat hekayəsinə, bəstəkardırsa – mahnısına, rəssamdırsa – rəsminə, aktyordursa – roluna görə hər qarşımıza çıxanı “aydın” deyib başa keçirdikcə ölkədə qaranlıq da dərinləşir, zülmət də böyüyür. Şər də güclənir, zülm də artır. Cəhalət də çoxalır, səfalət də. Yəqin dünyada ziyalısı artdıqca ziyası da, nuru da yoxa çıxan, tamamilə qaranlığa bürünən başqa ikinci bir ölkə tapmaq mümkün deyil. Ayrı cür mümkün də deyil. Siz sadəcə, Elmlər Akademiyasının elmi işçisidir deyə onu aydın zənn edərsiniz, o da durub mələyin uçma sürətini hesablamaq eşqinə düşər, ya da hansısa gicbəsər ərəb şeyxinin səsinə səs verib yerin fırlanmadığını deyər.
Aydınlıq – yalnız istedad və intellektlə sınırlı anlayış deyil, – hərçənd kifayət qədər nümunələr göstərmək olar ki, biz əksər hallarda iki eşşəyin arpasını bölə bilməyənlərə, “üzə bilmirdin niyə çıxdın ağaca?” tipli şeir cızma-qara edənlərə də asanlıqla ziyalı, aydın deyə bilərik, – aydınlıq həm də və birbaşa şəxsiyyətlə – vicdanla, ləyaqətlə bağlı hadisədir. Aydınlıq özgürlüklə bağlı hadisədir. Daxilən kölə olan biri istəyir gedib Marsda həyat tapsın, ya da Viktor Hüqodan yaxşı yazsın, heç bir anlam ifadə etmir. Ruhunu şərə satan lap “Nobel”ə layiq olsun, nə dəyişər?!
Aydınlıq irəligörüşlülükdür. Aydınlıq geriçiliyə qarşıdır.
Aydın olmaq köhnəliyə qarşı dayanmaqdır. Aydın olmaq yeniçi olmaqdır.
Aydın olmaq modern düşünməkdir.
Aydın olmaq bəşəri düşünməkdir, bəşəri dəyərləri yüksək tutmaqdır.
Indi oturub fikirləşin: bu ölkədə nə qədər belə insan göstərə bilərsiniz? Xalq şairi, xalq yazıçısı, xalq nə bilim nəyi, əməkdar elm xadimi, canım sizə desin, “Şöhrət” ordenli, “Tərəqqi” medallı əlindən tərpənmək mümkün deyil ölkədə, amma onların arasında aydın nə qədərdir?
Onların nə qədəri yalanı və yaltaqlığı özünə ayıb bilir? Nə qədəri 21-ci əsrdə bir ölkənin belə çağdışı yöntəmlərlə idarə olunmaması gərəkliyinin fərqindədir, bunu ucadan dilə gətirə bilir?
Onlardan nə qədəri muğam, dolma, “Sarı gəlin” kimi dəhşətli dərəcədə milli-mental söhbətlərdən qurtulub dünyaya geniş açılmış gözlərlə baxa bilir? Nə qədəri aqrar, arxaik təfəkkürdən arınıb çağdaş, modern düşüncəyə sahib çıxır, gəlişmiş ölkələri bu səviyyəyə gətirib çıxaran dəyərləri dərk və qəbul edir?
***
Bir ölkə düşünün, orada 25 ildir deputat olan biri “mən bundan ”kayf” tuturam” deyəcək bir səviyyə sahibidir, amma gəl gör, camaat içində də izzət, hörmət yiyəsidir, hamı ona ziyalı kimi baxır.
Bir ölkə düşünün, orada yazıçı 27 ildir vəzifəyə yapışıb qalır, ondan xoşu gəlməyəni isə əlinə dəhrə, yaba götürüb qovur, amma gəl gör, camaat da bu yazıçını ziyalılıq etalonu hesab edir.
Sizi and verirəm Uca Şirvinin ruhuna, yaxşı, indi belə bir ölkənin xoşbəxtliyə qovuşmaq imkanı varmı? Varsa da, nə qədərdir?!