Seçkiyə niyə getmirik?

ilham-huseynSon 5 ildə nə dəyişib?

İlham Hüseyn

Parlament seçkilərinə çox az vaxt qalıb. Namizəd olmaq istəyənlərdən başqa heç kimin simasında seçki ovqatı yoxdur. Cəmiyyətin gündəmində seçki axırıncı dərəcəli məsələ də deyil. Adamlar seçkinin rəhmətə getdiyini qəbul ediblər. Hakimiyyət dəfələrlə sübut edib ki, bu ölkədə seçki ilə dəyişikliyə nail olmaq, vətəndaşın seçim hüququna hörmət etmək dəbdə deyil.

Beləliklə, Milli Şura və bu qurumun lokomotivi olan AXCP qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarı verdi. Ümumiyyətlə, siyasi qurumların seçkidə iştirak etməsi, yaxud seçkini boykot etməsi təbii haldır. Amma iştirak və boykot qərarı püşkatma ilə müəyyən olunmur, yaxud kiminsə şəxsi əhval-ruhiyyəsi üzərində qərar verilmir. Sadəcə olaraq real situasiya dəyərləndirilir, müzakirələr aparılır və yekun qərar verilir.

Təbii ki, Milli Şuranın qərarı müəyyən suallar doğura bilər. 2010-cu ildə niyə iştirak etdiniz? Son 5 ildə nə dəyişdi?  Bundan öncəki seçkilərdə saxtakarlıq edilmirdi?

Bəli, belə suallar verilə bilər və verilir də. Əslində, siyasi təfəkkür sahiblərinin, prosesləri yaxından izləyən adamların seçki illəri arasındakı fərqi görə bilməməsi ciddi qüsurdu. Amma biz bir neçə arqumentlə qərarımızı əsaslandırmaq istəyirik.

Əvvəla qeyd edək ki, 1993-cü ildən bu tərəfə Azərbaycanda şəffaf seçki keçirilməyib və bütün seçkilərdə saxtakarlıq müşahidə olunub. 2013-cü ilin prezident seçkilərində isə saxtakarlığın səviyyəsi daha da yüksəldi və ATƏT-in müşahidə missiyası seçkilərin 58 faiz saxtalaşdırıldığını bəyan etdi.

Məsələ burasındadır ki, 2010 və 2013-ci illərdə olan “nəfəslik”lər bu il tamam qapadıldı. Konkret parlament seçkilərinə gəlincə, 2010-cu ilə boylanada nə görürük?

1.2010-cu ildə bu qədər potensial namizəd qondarma ittihamlarla həbs olunmamışdı.

2.2010-cu ildə seçki institutları tamam sıradan çıxarılmamışdı, vətəndaş cəmiyyətinin fəaliyyəti hiss olunurdu.

3.2010-cu ildə ATƏT-in Bakı ofisi ləğv edilməmişdi, QHT-lərə divan tutulmamışdı, ölkə başçısı beynəlxalq qətnamələri “kağız parçası” adlandırmamışdı.

4.2010-cu ildə beynəlxlaq müşahidəçilərin say tərkibinə məhdudiyyət qoyulmamışdı. Indi isə hakimiyyət bəyan edir ki, ATƏT yalnız 131 nəfər müşahidəçi ilə təmsil oluna bilər. Ancaq 2010-cu ildə bu rəqəm 210 idi.

5.2010-cu ildə beynəlxalq aləm seçkiöncəsi vəziyyəti belə dəqiq qiymətləndirməmişdi. Yəni bu il həm daxili, həm də xarici auditoriya seçkidən öncə qəti mövqe ifadə edib.

6.Ötən beş il ərzində azad mətbuata təzyiqlər daha da artıb, bir çox saytlar bağlanıb, “Azadlıq” radiosunun Bakı ofisi qapadılıb. Ölkənin tanınmış jurnalistləri şərlənərək həbs olunub.

Bu arqumentlərin sırasını genişləndirmək də olar. Ümumi mənzərə bundan ibarətdir ki, 2010-cu ildə seçki xəstə idi, indi isə koma vəziyyətindədir, ürəyi vurmur.

Daha mühüm məqam bundan ibarətdir ki, seçkiyə az müddət qalmasına baxmayaraq, hakimiyyət sadaladığımız səbəblərin heç birinə “stop” demək istəmir. Yəni imitasiyadan da imtina edilib.

Yeri gəlmişkən, bu seçkilərlə bağlı cəmiyyətdə bir fikir formalaşıb. Belə bir arqument populyarlaşıb ki, hakimiyyətin indiki şəraitdə pula daha çox ehtiyacı var və bu seçkilərdə mandat satışı daha arzulanan olacaq.

Nəhayət, bugünlərdə Avropa Parlamenti Azərbaycanla bağlı sərt bir qətnamə qəbul etdi. Qətnamənin bəndlərindən biri, seçkiləri müşahidə eməkdən imtinaya çağırışdır.

Deməli, beynəlxalq aləmin münasibəti də Milli Şuranın boykot qərarının haqlı olduğunu göstərir.

Biz seçkiyə gedənlərlə polemikaya girmək, onlara qarşı aqressiv münasibət sərgiləmək fikrində deyilik. Sadəcə olaraq namizəd olanların “biz sübut edəcəyik”, “seçkiyə getməməklə heç nəyə nail olmaq mümkün deyil” kimi arqumentləri, bu qədər səbəblərdən sonra qüvvəsini itirir.

Nəyi sübut edəcəksiz? Dəniz suyunun duzlu olduğunu bilmək üçün bütün dənizi içməyə ehtiyac varmı? Sabah səsiniz oğurlananda, nəticələr saxtalaşdırılanda üz tutacağınız beynəlxalq aləm də “bu, seçki yox, şoudur” deyir.

Ona görə də mövqeləri açıq ifadə etmək lazımdır. Bu qədər tutarlı səbəblərdən sonra ümid ölməyibsə, bu, başqa məqamların “dirilməsindən” xəbər verir.

Bir sözlə, Milli Şuranın “boykot” qərarı başqalarından fərqlənmək üçün yox, əvvəlki illərlə müqayisədə ciddi fərqlərin olduğu üçün verildi.