Məhkumdan ilginc ittihamlar

qobustan-hebsxana7 saylı cəzaçəkmə müəssisəsində nə baş verir?

7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şəhriyar Abbaso üzləşdiyi haqsızlıqla bağlı “Azadlıq”a müraciət edib. Cinayət Məcəlləsinin 126, 127 və 221-ci maddələriylə 8 il azadlıqdan məhrum edildiyini deyən Şəhriyar Abbasov saxlandığı cəzaçəkmə müəssisəsini insan hüquqlarının hərraca çıxarıldığı məkan kimi xarakterizə edir:

“Burda hər şeyi pulla satırlar. Bu müəssisədə ayaqyolundan başqa hər şey pulladır, hətta sağlamlıq və həyat da. Mənim normal cəza çəkməyim üçün vəzifəli qohumum və pulum yoxdur. Müəssisəyə gəldiyim gündən hüquqlarım tapdanır, zora, işgəncələrə məruz qalıram. Ləyaqət və şəxsiyyətimin alçaldığını səlahiyyətli şəxslərin diqqətinə çatdırmaq üçün damarımı kəsib qanımla ərizələr yazmışam, hüquqlarımı müdafiə etmək üçün ağzımı tikib aclıq etmişəm. Lakin bunun müqaibilində döyülüb susdurulmuşam, əllərimi, ayaqlarımı çarpayıya qandallayıb günlərlə saxlayıb işgəncə veriblər.

Hazırda isə məni daha ciddi təhlükə gözləyir. Çıxış yolu kimi sizə bu ərizəni yazıb aclıq aksiyasıyla səsimi cəmiyyətə çatdırıram.

Təxminən bir il öncə Tacəddin Mənsimov adlı əməkdaş istehsalat sahəsindən aldığım və dəyəri 70 manat olan mücrü sandıqçanı məndən alaraq onu satan şəxsə pulunu özünün ödəyəcəyini desə də pulu vermədi. Məcbur qalıb həmin pulu özüm ödədim və Tacəddindən pulumu istəyəndə o hər dəfə mənə qarşı müxtəlif oyunlar oynamağa başladı. Təxminən 5 ay öncə  müəssisəyə yeni rəis müavini gəldi. Məhkum yoldaşım Cavanşir Orucovu da Tacəddin aldatdığından birlikdə müavin Mehman Əliyevə yaxınlaşıb şikayətimizi dedik. Bizi rəisin yanına aparanda onlar birlikdə bizi hədələyib təhqir etməyə başladılar. Rəis cibindən 20 manat çıxarıb Cavanşirin üzünə çırpdı. Bundan sonra bizə qarşı təzyiqlər başladı. Daha sonra müavin Cavanşirdən vaxtından əvvəl azad olmaq üçün pul aldığı üçün ara sakitləşdi. Lakin müavin Cavanşiri aldadınca məhkumun anası aidiyyəti orqanlara şikayət etdi və məni də ərizədə şahid qismində qeyd etdilər. Hər şey də bundan sonra başladı. Məsələni araşdırmağa gələn orqan işçisi rəis və müavinin sözünü deyərək mənə təsir və təzyiqlə  ifadəmi onun diqtə etdiyi kimi yazmağımı tələb etdi. Onun bu hərəkətlərindən şikayət edəcəyimi deyəndə isə o məni yalançı şahid kimi məsuliyyətə cəlb edəcəyini, özünün baş idarədə çalışdığını, taleyimin əllərində olduğunu dedi və istənilən problemi açacağıyla hədələyib tamam başqa cür təsvir edilmiş ifadə alaraq getdi. Həmin günün səhəri  nəzarətçi yataqxananın qapısını vaxtından əvvəl bağlayaraq guya səhər yoxlamasına səbəbsiz yerə çıxmadığıma görə məni rəislə müavinin yanına apardı. Onlar isə “demaqoqluq” etdiyim üçün məni  məhkumlar üçün nəzərdə tutulmuş vərəm dispanserində vərəm adıyla, Nizami Quliyevin əliylə döyə-döyə öldürəcəkləriylə hədələməyə başladılar.  Deyiləcək çox böyük işlər var. Məni burda qeyd etdiyim və etmədiyim  səbəblərdən dolayı böyük təhlükə gözləyir. Hüquqlarımı müdafiə edə bilmədiyim üçün  çıxış yolunu aclıq aksiyasında görürəm. Ona görə də sentyabrın 1-dən etibarən aclıq aksiyasına başlayıram. Səsimin ictimaiyyətə çatdırılıb mənə hüquqi köməklik göstərilməsini xahiş edirəm”.

Bundan əvvəl Cavanşir Orucov da qəzetimizə oxşar məzmunlu məktub göndərmişdi. Həmin vaxt Penitensiar Xidmət sorğumuza cavab olaraq bildirmişdi ki, Cavanşir Orucovun yazdıqları tamamilə əsassızdır.

Bu arada Işgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov xoşagəlməz hallarla, xüsusilə bir neçə gün əvvəl Qobustandakı qapalı həbsxanada baş verən qətl hadisəsinə münasibət bildirib. O, “Şərq”ə açıqlamasında deyib ki, qapalı həbsxanada hər şey nəzarət altında olur. “Necə olur ki, məhbus başqa bir məhbusla mübahisə edir, mübahisə qızışır və məhbus yeməkxanaya gedib bıçağı götürür və digər məhbusu qətlə yetirir? Bəs nəzarətçilər haradadır, hara baxırlar, niyə məsələyə dərhal, vaxtında müdaxilə etməyiblər?”, – deyə komitənin sədri bildirib.