Azərbaycan iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda fəakiyyət göstərən xarici sərmayəli müəssisələrin payı o qədər də böyük deyil.
Bunu SalamNews-a açıqlamasında, “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
Rəsmi statistikaya əsaslanan R.Ağayev qeyd edib ki, xarici və birgə müəssisələrdə95 min nəfər vətəndaş işləyir ki, bu da iqtisadiyyat üzrə ümumi məşğulluğun təxminən 2 faizinə bərabərdir: “Ölkədə cəmi 1140 belə müəssisə mövcuddur. Bu müəssisələr əsasən ticarət (315 müəssisə), sənaye (233), tikinti (157) sektorlarında fəaliyyət göstərir. Lakin bunların ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmi xeyli böyükdür, yəni iqtisadiyyat üzrə sərmayə qoyuluşlarının 40 faizinə qədəri bu mənbənin payına düşür. Mərkəzi Bankın tədiyyə balansı üzrə məlumatına əsasən, 2014-cü ildə birbaşa investisiyalar formasında xarici sərmayələrin həcmi 8 milyard dollar olub. Həmin vəsaitin təxminən 1.3 milyard dolları neft sektorunun, yerdə qalan hissəsi isə neft sahəsinə yönəldilib. Parlamentə təqdim edilən büdcə sənədlərində bütün vergi növləri üzrə rezidentlərin və qeyri-rezidentlərin büdcə ödənişləri ilə bağlı detallı məlumat verilməsə də, Vergilər Nazirliyinin bütün büdcə öhdəliklərinin 75 faizini və ya 5.3 milyard manatını təşkil edən 3 tədiyyə növü – ƏDV, mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə həmin informasiyaları izləmək mümkündür”.
Ekspert əlavə edib ki, 2014-cü ildə həmin 3 tədiyyə növü üzrə xarici şirkətlərin büdcə ödənişlərinin həcmi 2.2 milyard manata yaxın olub: “Bu isə Vergilər Nazirliyinin il üzrə büdcə öhdəliklərinin təxminən 31 faizinə bərabərdir. Belə ki, ötən il mənfəət vergisi üzrə 2.3 milyard manatlıq ümumi daxilolmanın 75 faizi və ya 1.73 milyard manatı qeyri-rezident sahibkarların hesabına təmin edilib. Bu məbləğin 1.435 milyard manatı neft sektorunda çalışan xarici podratçı və subpodaratçı müəssisələr, 295.4 milyon manatı isə qeyri-neft sektorunda işləyən əcnəbi şirkətlər tərəfindən ödənilib. Ötən il dövlət büdcəsinə ödənilən 980.3 milyon manat gəlir vergisinin təxminən 26 faizi neft sektorunda çalışan xarici podratçı və subpodaratçı şirkətlər tərəfindən ödənilib. Aydındır ki, qeyri-neft sektorunda çalışan xarici sahibkarlar da nəzərə alınsa, həmin məbləğin 300 milyon manat ətrafında olması kifayət qədər realdır”.
Onun sözlərinə görə, ötən il VN xətti ilə toplanan ƏDV-nin 6.2 faizi və ya 127 milyon manatı qeyri-rezident sahibkarlıq subyektləri tərəfindən ödənilib: “Bu məbləğə xarici neft şirkətlərinin aidiyyəti yoxdur, çünki müqavilələrə əsasən bu şirkətlər yalnız işçiləri üçün gəlir vergisi, öz fəaliyyətlərinin nəticələri üçün isə mənfəət vergisi ödəyirlər”.